) istifadə etməmək tövsiyə olunur. #SiyasiMəhbuslar - admin

Tag: #SiyasiMəhbuslar

  • Təhlükəsizlik Davranışla Başlayır

    Təhlükəsizlik Davranışla Başlayır

    Akif Qurbanovdan “Toplum TV işi”ndə Şahid Qismində İştirak Edənlərə Müraciət

    Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının spikeri, hazırda saxlanıldığı Kürdəxanı İstintaq Təcridxanasından “Toplum TV işi” üzrə şahid kimi ifadə verəcək şəxslərə müraciət ünvanlayıb. Müraciətdə 2025-ci il oktyabrın 27-nə təyin olunan növbəti “məhkəmə” iclasında dindiriləcək 49 şahidin adının olduğu xatırladılıb.

    Qurbanovun Şahidlərə Mesajı: “Rahat Davranın”

    Həbsdə olan spiker, istintaq müddətində şahidlərdən ifadələrin necə alındığından, onlara göstərilən təzyiq və hədələrdən xəbərdar olduğunu bildirib. O, şahidlərə özlərinə görə narahat olmamağı tövsiyə edərək deyib: “Onsuz da Əliyev artıq mənə və dostlarıma “cəzanı” öz standartlarına uyğun şəkildə verib. İfadələrin və ya faktların bu qərara heç bir təsiri olmayacaq.” Akif Qurbanov özlərinin “məhkəmə”dəki mübarizəsini ictimai maraqların, dəyərlərin müdafiəsi, yollarından dönməmək, onlara inananların ümidini qırmamaq və tarix qarşısında məsuliyyət daşımaq kimi qiymətləndirib. O, şahidlərə öz rahatlıqlarını və təhlükəsizliklərini təmin edə biləcəkləri şəkildə davranmağı məsləhət görüb, “ruhdan düşməyin, şən əhvalda gəlin, rahatca danışın, şən əhvalda da gedin” deyə səslənib. Qurbanov əlavə edib ki, onları təqib etdirən və bu ədalətsizliyə imza atanlar öz əməllərinə görə cavab verəcəkləri günə hamı şahid olacaq. Obyektiv səbəblərdən məhkəməyə gələ bilməyənlərin, xüsusən də xaricdə olanların, Telegram vasitəsilə mövqelərini bildirə biləcəyi qeyd olunub.

    “Toplum TV işi”nin Təfərrüatları və Həbslər

    Akif Qurbanov 2024-cü il martın 6-da polisin III Respublika Platformasının Bakıdakı ofisində həyata keçirdiyi reyd zamanı həbs olunub. “Toplum TV işi” çərçivəsində ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. Həbs olunanlar arasında III Respublika Platformasının spikeri, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev yer alır. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılsa da, sonradan haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

    İttihamlar və Təqsirləndirilənlərin Mövqeyi

    Toplum TV işi” üzrə həbs edilənlər ilkin olaraq qaçaqmalçılıqda ittiham olunsa da, sonradan ittihamlar daha da ağırlaşdırılıb. Təqsirləndirilən şəxslər irəli sürülən bütün ittihamları qəbul etmir və həbslərinin siyasi sifariş əsasında həyata keçirildiyini bəyan edirlər.

    24 saat

  • Pul saymaqdan imtinaya görə babasının həbsi ilə hədələdilər

    Pul saymaqdan imtinaya görə babasının həbsi ilə hədələdilər

    Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti iclas keçirilib

    Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Toplum TV işi üzrə növbəti məhkəmə prosesi baş tutub. Hakim Azər Tağıyevin sədrliyi ilə keçən iclasda təqsirləndirilən şəxslər sərbəst ifadələr veriblər.

    İlkin Əmrahovun İstintaqa Qarşı Kəskin İddiaları

    Demokratik Təşəbbüslər İnstitutunun (IDI) həbsdə olan əməkdaşı İlkin Əmrahov əvvəlki prosesdəki ifadəsini davam etdirib. O, IDI ilə əməkdaşlıqdan əvvəlki fəaliyyətlərindən, o cümlədən Avrasiya Əməkdaşlıq Fondunun təlimçilər üçün təlim layihəsində iştirakından bəhs edib. İlkin Əmrahov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiq qrupunun kompüterində bu layihədə iştirakını təsdiqləyən məlumatları “mötəbər sübut” kimi cinayət materiallarına əlavə etdiyini bildirib. O, öz fəaliyyətinin məqsədinin inkişaf etmək və vətəndaş cəmiyyətinə töhfə vermək olduğunu vurğulayıb.

    Əmrahov ittiham aktında iddia edildiyi kimi A. Qurbanovla 2014-cü ildə deyil, yalnız 2023-cü ildə, IDI-nin gənc layihə menecerləri üçün təliminə müsahibə zamanı tanış olduğunu bildirib. O, müsahibədən uğurla keçərək təlimlərə qatıldığını qeyd edib. İlkin Əmrahov 2024-cü il martın 6-da polisin Toplum TV və IDI ofislərində keçirdiyi reydi xatırladaraq, həmin vaxt artıq təşkilatda layihə koordinatoru vəzifəsində çalışdığını deyib.

    O, reyd zamanı polislərin ofisə basqın etdiyini, interneti kəsdiyini, telefonları məcburi şəkildə aldığını və məhkəmə qərarı olmadan axtarışa başladığını iddia edib. O, saxlandıqdan sonra başına qara torba keçirilərək evə gətirildiyini və orada tapıldığı iddia olunan pulu sayması üçün təzyiq edildiyini bildirib. Pulların özünə məxsus olmadığını, polislər tərəfindən qoyulduğunu deyərək saymaqdan imtina etsə də, babasını və valideynlərini həbs etmək təhdidləri ilə üzləşdiyini vurğulayıb.

    Polis bölməsində dindirilmə zamanı ona dərmanlar verildiyini və sonradan bu dərmanların “lirika” adlı narkotik tərkibli maddə olduğunu öyrəndiyini qeyd edib. Halsız vəziyyətdə olduğu üçün oxumadan ifadəyə qol çəkdiyini deyən İlkin Əmrahov təzyiq altında verdiyi ifadədən imtina etdiyini bildirib. O, istintaqın digər təqsirləndirilən şəxslərlə birlikdə xaricdən valyuta qaçaqmalçılığında iştirak etməsi iddiasını da rədd edib. O vurğulayıb ki, heç vaxt xarici ölkəyə səfər etməyib və xarici pasportu da yoxdur.

    “Toplum TV” əməkdaşlarının ittihamları rədd etməsi

    Daha sonra çıxış edən Toplum TV əməkdaşı Fərid İsmayılov media qurumu ilə 2022-ci ildən əməkdaşlıq etdiyini bildirib və ittihamları qəti şəkildə rədd edib. O, 10 aydır həbsdə olmasına baxmayaraq, qanunda nəyi pozduğunu hələ də bilmədiyini, Gömrük Komitəsinin sənədləri ilə qaçaqmalçı olmadığını, Mərkəzi Bankın çirkli pul istifadəsinin olmadığını və şahidlərin onun sadəcə müxbir olduğunu təsdiqlədiyini qeyd edib.

    Toplum TV videoredaktoru Müşfiq Cabbar da ittihamları rədd edərək, cinayət işini siyasi xarakterli adlandırıb. O, Toplum TV-nin sadə insanların səsi olduğunu və problemləri işıqlandırdığını vurğulayıb. Jurnalist Elmir Abbasov isə sərbəst ifadə verməkdən və istintaqa verdiyi ifadədən imtina etdiyini bildirib.

    Ələsgər Məmmədlinin Səhhəti və Vəsatətinin Təmin Edilməməsi

    Toplum TV-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması üçün yenidən vəsatət verib. O, boğazından əlavə, onurğasında da şiş aşkarlandığını və təcridxanada aparılan UZİ müayinəsinə baxmayaraq, həkimin MRT müayinəsinin vacibliyini bildirdiyini qeyd edib. Ə. Məmmədli 350 səhifəlik materialla aparılan istintaq prosesinin əsassız olduğunu və günahsız olduğunu deyərək, məhkəmədən insan haqlarını əsas tutaraq iş bitənə qədər ev həbsi verilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.

    Toplum TV işi”: İttihamların Ağırlaşdırılması və Siyasi Sifariş İddiaları

    Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılsa da, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. Həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

    24 saat

  • AbzasMedia – Həbsdən sonra bu sualı çox eşidəcəkdim – niyə qayıtdın?

    AbzasMedia – Həbsdən sonra bu sualı çox eşidəcəkdim – niyə qayıtdın?

    “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızının “Sərhədsiz Reportyorlar” təşkilatına ünvanladığı məktubun tam mətnini təqdim edirik:

    İstanbul Hava Limanında vəkilimlə danışanda artıq əmin idim ki, Bakıya qayıtsam, həbs olunacam. Dostlarım da xəbər verirdilər ki, evimin qarşısında mülki polislər dolaşır. Bundan sonra “Abzas Media”nın hazırda həbsdə olan əməkdaşlarına və anama mesaj göndərərək onların bu həbsə hazırlıqlı olmalarını istədim.

    Təyyarə Bakıya enən kimi çıxış qapısında məni polislər qarşıladı. Passport yoxlamasına getməyə belə icazə vermədən təyyarənin yanından açılan əlavə qapı ilə məni dostlarımın gözü qarşısında saxladılar.

    Vəkilimin dediyi olmuşdu – ölkəyə qayıtmışdım və həbs olunmuşdum.

    Həbsdən sonra bu sualı çox eşidəcəkdim – niyə qayıtdın?

    “Abzas Media”nın idarəçiliyində təmsil olunan şəxs kimi təhlükəli məqamda təhlükəsiz yerdə oturub əməkdaşlarımızın polis orqanlarına çağırılmağına, ardınca həbs olunmalarına seyirci qala bilməzdim. O ana qədər “Abzas Media”nın direktoru Ülvi Həsənli həbs olunmuşdu, əməkdaşımız Məhəmməd Kekalov isə evindən zorakılıqla aparılmışdı. Hazırladığımız korrupsiya araşdırmalarının bədəli həbs idisə, bununla üzləşmək lazım idi, qaçmaq yox. Qaçış ümumiyyətlə heç bir problemin həlli deyil.

    Hökumətin bir siyasəti də azad jurnalistləri, tənqidçilərini ölkədən didərgin salmaq və bununla cəmiyyətdən təcrid etmək, onları yadlaşdırmaqdır. Tənqidi jurnalistika ilə məşğul oluruq deyə hökumət bizə deyə bilməz ki, bu ölkədə yaşama. Onsuz da idxaldan asılı olan ölkədə doğru xəbər də xaricdən asılı vəziyyətə düşməməlidir. Bu ölkədə yaşayıb, azad mediada çalışıb, doğru xəbər verib təhdid təhlükəsi hiss etmədən yaşamaq istəyirik. Bu gün həbsdə olan 29 jurnalistin də istəyi bu olub.

    Biz işimizi təhdidsiz, təzyiqsiz, azad şəkildə görmək istəmişik. Amma neyləyək ki, iqtidar üçün hər cür sual müdaxilədir. Onlar isə müdaxiləni yox, sorğu-sualsız itaəti sevirlər. Jurnalistlərə ev, fəxri ad, yüksək maaş təklif edib əvəzində xalqdan mənimsədikləri sərvətlərinə göz yumulmasını istəyirlər. Biz jurnalistlər bu təkliflərə boyun əyməmişik deyə həbsdəyik. Çünki bilirik ki, peşəmiz hökumət qarşısında cəmiyyətin maraqlarını müdafiə etmək, insanları siyasətçilərin manipulyasiyalarından duyuq salmaq, hökumət üzərində ictimai nəzarəti təşkil etməkdir.

    Amma Azərbaycan iqtidarı jurnalistlər üçün qırmızı xətlər müəyyənləşdirib. Heç bir halda prezident və ailəsinin qanunsuz əməllərindən danışılmamalıdır. Biz bu qırmızı xətlərdə durmaqdansa, həbsdəki qırmızı zolaqları seçdik. Şəxsi məlumatlarımızla bağlı karta həbsxanada 3 qırmızı zolaq vurulub. Bu, təhlükəli məhbus olduğumuza və nəzarətdə saxlanılmağımıza göstəriş verən zolaqlardır. Amma həbsdə də bizə nəzarət edə bilmədilər və ilk araşdırmamız təcridxananın rəisinin əmlakları, qanunsuz tenderləri ilə bağlı oldu.

    Biz hökumətin girişinə icazə vermədiyi təcridxanaya məhbus kimi daxil olandan sonra burada baş verən işgəncələri, seçki saxtakarlığını, korrupsiyanı ictimailəşdirmişik. Yazdıqlarımızdan sonra qadın korpusunda işgəncələr dayanıb, məhbuslara çatacaq mal və məhsulların müəyyən hissəsi onlara verilib. Amma biz qanunun tələbləri yerinə yetirilənə qədər yazmağa davam edəcəyik. Demək olar, hər məqaləmizdən sonra müsbət geridönüşlər alırıq. Bu, bizə həbsdə də faydalı olduğumuzu hiss etdirir. Amma eşidəndə ki, şəhərdə etiraz aksiyası olub, ancaq bunu çəkmək üçün jurnalist tapılmayıb, məyus oluruq. Artıq qanunsuzluqla qarşılaşan vətəndaş sözünü çatdırmaq üçün nə bir azad media orqanı tapa bilir, nə də jurnalist. Vətəndaşlar üzləşdikləri qanunsuzluqlarla təkbaşına qalıblar. Çünki onların problemini işıqlandıran jurnalistlər həbsdədirlər. Təkcə jurnalistlər də yox, ekspertlər, fəallar, QHT nümayəndələri, müxalifətçilər, dindarlar həbs həyatına məhkum ediliblər. Hazırda Azərbaycanda 400-ə yaxın siyasi məhbus var.

    Görüşümüzə gələn ailə üzvlərimizdən və vəkillərdən tez-tez eşitdiyimiz bir söz var – sizi unudublar. Bu, hökumətə təsir imkanlarına sahib beynəlxalq təşkilatların, demokratik prinsiplərə sadiq qaldıqlarını iddia edən Qərb liderlərinin ölkədəki 400-ə yaxın siyasi məhbusu görməzdən gələn davranışlarına görədir. Onlar sadəcə həbslərdən “narahat olduqlarını” deyərək bu mövzunu keçişdirirlər. Amma onların bu “narahatlığı” İlham Əliyevi narahat eləmir. Ona görə də biz Azərbaycanda siyasi həbslərin davam etdiyini görürük.

    İlham Əliyevlə görüşdən sonra Qərb liderləri müsahibələrində deyirlər ki, onlar prezidentlə enerji, təhlükəsizlik və insan haqları məsələlərindən danışıblar. Sıralamadan da göründüyü kimi, insan haqları ən sonda dayanır. Bu, onlar üçün öncül məsələ deyil.

    Heç bir real təzyiqlə qarşılaşmayan Əliyev isə abzasçıları 59 il 6 ay müddətinə həbsə göndərə bilir. Çünki Qərb təşkilatları və liderləri Əliyevin tənqidçilərinə qandal vuran əlini tutmağa davam edirlər.

    Sevinc Vaqifqızı

  • Hacı Vəliyev Ülviyyə Əliyə müsahibə verib: “Qələbənin memarları şəhidlər, qazilər, veteranlar və xalqdır, amma hökumət onların haqqını tanımır”

    Hacı Vəliyev Ülviyyə Əliyə müsahibə verib: “Qələbənin memarları şəhidlər, qazilər, veteranlar və xalqdır, amma hökumət onların haqqını tanımır”

    Avqustun 18-də həbs müddəti daha 20 gün uzadılan “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev Bakı İstintaq Təcridxanasında “Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əliyə danışıb. O, həbsinin səbəblərindən, gördüyü işgəncələrdən və təşkilatın fəaliyyətinin dayandırılmasından bəhs edib.

    “Abzas Media” müsahibəni təqdim edir.

    Hacı Vəliyev bildirib ki, həbsinə səbəb qazilər və veteranlarla bağlı sosial şəbəkələrdə və mediada səsləndirdiyi tənqidlər olub:

    “Məni ictimai fəaliyyətimə görə, hökumətin qazilərə ögey münasibətini ifşa etdiyimə görə həbs ediblər. Qondarma ittihamlarla saxlanmışam. Buna etiraz olaraq aclıq elan etmişdim. Özümü yaxşı hiss etmirdim. 26 iyunda – Silahlı Qüvvələr Günündə “kars”a (red.: cərimə kamerası) salındım. Dörd gün ərzində karsın starşinası kiçik gizir Tural adlı şəxs mənə qarşı zorakılıq etdi. Orada olduğum hər gün mənəvi əzab, işgəncə verdilər. Başım yaralandı, şişlər hələ də qalır”.

    Vəliyev deyir ki, həbsi gözlənilən idi:

    “Haqq-ədaləti tələb etdiyim üçün bilirdim ki, bir gün saxta ittihamlarla məni həbs edəcəklər”.

    Vəliyev müsahibədə xatırladır ki, 10 il ön cəbhədə xidmət edib:

    “Müharibədən sonra islahatlar olacağını düşünürdük, amma tam əksi oldu. Qazilərə və veteranlara haqq etdikləri qayğı göstərilmədi. Hökumət üçün heç bir dəyər yoxdur. Şəhid ailəsi, qazi, veteran və yaxud sıravi vətəndaş fərqi yoxdur, kim tənqid edirsə, həbs olunur”.

    Həbsini təsvir edən Hacı Vəliyev deyir ki, martın 31-də dərman almaq üçün evindən çıxarkən BŞBPİ-nin polisləri onu oğurlayıb:

    “Cinayət Məcəlləsinin 221.3 və 186.1-ci maddələri ilə iş açıldı. Halbuki saxta ittihamlardır”.

    Müharibədən qalan ağır yaraların olduğunu və bir gözünü itirdiyini deyən Hacı Vəliyevin sözlərinə görə, digər gözü də cəmi 3 faiz görür. O bildirib ki, həbsdə olduğu müddətdə ona heç bir tibbi yardım göstərilməyib, vəziyyəti isə daha da ağırlaşıb:

    “2018-ci ildə xidmətdə olarkən mədə-bağırsağımda xroniki xəstəlik aşkar edilib. İldə 3 dəfə müayinə və müalicə alırdım, yaralı gözümlə bağlı Göz İnstitutunda mütəmadi müayinə olunurdum. Olmayan gözümdəm mütəmadi çirk gəldiyindən daimi həkimlərin köməyindən istifadə edirdim. Həbs ediləndən heç bir müayinə və müalicədə olmamışam. Heç bir xahişim, istəyim yerinə yetirilməyib. Tibbi dəstək olunmayıb. Həbsdən sonra gözlərimdə və mədə-bağırsağımda ağrılar şiddətlənib”.

    Hacı Vəliyev həbsindən sonra “Gənc Qazilər” İB-nin fəaliyyəti dayandırmasının səbəblərindən də danışıb.

    “Birliyi 2021-ci ildə yaratmışdıq. Mən həbs ediləndən sonra vəzifəmi başqa bir şəxs icra edirdi. Amma daha sonra təşkilat üzvləri mənə xəbər vermədən İB-ni buraxmaq qərarı veriblər. Bu addımı DTX və BŞBPİ-nin təzyiqi ilə atdıqlarını eşitmişəm. Telefonlarıma cavab vermirlər. Nə baş verdiyini bütün ictimaiyyətdən gizlədirlər, qorxaqlıq edirlər. Bir daha bildirirəm ki, “Gənc Qazilər” İB siyasi təşkilat deyil. Siyasi təşkilat Azərbaycan qanunvericiliyində öz əksini tapır. Bizim fəaliyyətimiz, adından göründüyü kimi, qazilərin, veteranların müharibədən sonra cəmiyyətə adaptasiya olunması, yaralıların düzgün müayinə və müalicə edilməsi, maddi və sosial durumlarının yaxşılaşdırılması, hüquq və mənafelərinin qorunması istiqamətində dəstək olmaqdır”.

    Vəliyev qeyd edir ki, 44 günlük müharibədə 20 mindən çox döyüşçü yaralanıb, amma cəmi 3 mininə əlillik statusu verilib:

    “ƏƏSMN deyir, bundan artıq şəxsə əlillik verməyəcəyik. Hazırda 187 min veteran var, amma onların aldığı təqaüd cəmi 80 manatdır. Qələbənin memarları şəhidlər, qazilər, veteranlar və xalqdır. Amma hökumət onların haqqını tanımır”.

    ***

    Hacı Vəliyev martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.

    Martın 31-də 2-ci qrup əlil Hacı Vəliyevi polis əməkdaşları saxlayıb. O, əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub. Ancaq cinayət işinin konkret motivi açıqlanmayıb.

    Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir.

    Müstəqil jurnalist Ülviyyə Əli (Quliyeva) isə bu il mayın 6-da “Meydan TV işi” üzrə saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

    Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda ölkədə 400-ə yaxın siyasi məhbus var. Hökumət nümayəndələri isə bu iddiaları rədd edir, həbs olunanların konkret əməllərlə bağlı məsuliyyətə cəlb olunduqlarını bildirirlər.

     

  • Azərbaycanda Aclıq Aksiyası: Mübarizə Metodunun Effektivliyi Suallar Doğurur

    Azərbaycanda Aclıq Aksiyası: Mübarizə Metodunun Effektivliyi Suallar Doğurur

    Azərbaycanda aclıq aksiyası ədalət sistemindən gözlədiyi bərabərliyi ala bilməyən şəxslər üçün sonuncu çıxış yolu hesab olunur. Bu mübarizə metodu, əsasən, siyasi motivli işlərdə təqsirləndirilən şəxslər tərəfindən istifadə edilir və yaxın tarixdə uğurlu nəticələnən hallar da mövcuddur.

    Uğurlu Aclıq Aksiyaları: Saleh RüstəmliTofiq Yaqublu Nümunələri

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Saleh Rüstəmli 2021-ci ilin noyabr-dekabr aylarında həbsdə 42 gün aclıq aksiyası keçirib. O, rəsmi şəxslər azadlığa buraxılacağı barədə vəd verdikdən sonra aksiyanı dayandırıb və 2022-ci ilin mayında prezidentin əfv fərmanı ilə azadlığa qovuşub.

    Saleh Rüstəmlinin aclıq aksiyası zamanı paytaxtda bir neçə etiraz aksiyası təşkil olunub. Həmçinin, ABŞ Dövlət Departamenti, Helsinki Komissiyası, eləcə də beynəlxalq insan haqları təşkilatları Azərbaycan hökumətinə onun azad olunması üçün çağırışlar ediblər.

    Bundan daha əvvəl və bəlkə də ictimaiyyətdə daha geniş dəstək görən digər bir aclıq aksiyası müxalifət liderlərindən biri Tofiq Yaqublunun 2020-ci ilin sentyabrında 17 gün davam edən etirazı olub. Nəticədə o, ev dustaqlığına göndərilib. Həmin dövrdə hətta Milli Məclisin bir neçə üzvü belə Tofiq Yaqublunun Qarabağ Müharibəsi iştirakçısı olduğunu əsas tutaraq azad edilməsini dəstəkləmişdilər.

    Son illərdə artan aclıq aksiyaları və çətinliklər

    Son illərdə ölkədə artan həbslərin fonunda aclıq aksiyasına başlayanların sayı çox olsa da, tələblərinə çatan demək olar ki, sıfıra enib. Əksinə, bu aksiyalar bəzən zorakılıq və ya cərimə kamerasına yerləşdirmə ilə nəticələnib.

    İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində 9 il həbs cəzası alan “Abzas Media” direktoru Ülvi Həsənli iyulun 20-dən aclıq edir. Onun tələbi hazırda saxlandığı Ümbəki Cəzaçəkmə Müəssisəsindən istintaq dövründə qaldığı Bakı İstintaq Təcridxanasına (BİT) qaytarılmasıdır. Məhkəmə onun köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti iyulun 3-də təmin edib və bu qərar Penitensiar Xidmətinə təqdim olunub. Lakin qərar hələ də icra edilməyib.

    Həsənli eyni tələblə daha əvvəl də, iyunun 26-dan iyulun 4-ə qədər aclıq edib. Penitensiar Xidməti rəhbərliyi adından məhkəmə qərarının yerinə yetiriləcəyi vəd edildikdən sonra aclığı dayandırıb. O, ailə üzvlərinə həm əvvəlki, həm də indiki aclıq dövründə şiddətə məruz qaldığı, huşunu itirdiyi ilə bağlı məlumat verib. Lakin o, hələ də müayinə olunmayıb.

    Həsənliyə dəstək məqsədilə “Abzas Media”nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova da aclıq aksiyası keçiriblər. Onlar bildirib ki, aclıq dövründə saxlandıqları BİT-in rəhbərliyi müəssisədə suyu kəsərək və başqa süni problemlər yaradaraq digər məhbusları onlara qarşı qaldırmağa cəhd edib. Qadın jurnalistlər valideynlərinin narahatlığını nəzərə alaraq iyulun 28-də aclığı dayandırıblar. Onlar, həmçinin, Ülvi Həsənlini yaşlı valideynini düşünərək aclığı dayandırmağa çağırıblar.

    Yenidən həbsdə olan Tofiq Yaqublu da azadlığa buraxılması üçün aclıq edib. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilən siyasətçi aprelin 1-dən mayın 10-a qədər yalnız su qəbul edib. O, yalnız qızı, həmin vaxt hamilə olan Nigar Həzinin xahişlərindən sonra aclığı dayandırıb.

    Bu siyahını daha da uzatmaq mümkündür. İqtisadçı Fazil Qasımov, sülh fəalı Bəhruz Səmədov, jurnalist Nurlan Qəhrəmanlı (Libre), işçi hüquqları fəalları Afiəddin Məmmədov və Elvin Mustafayev, AXCP üzvü Elbəyi Kərimli müxtəlif vaxtlarda aclıq ediblər. Lakin bu aksiyalar nəinki tələblərin reallaşması ilə nəticə verməyib, hətta bəzən aclıq edənlər zorakılığa məruz qalıb və ya cərimə kamerasına (karserə) yerləşdiriliblər.

    Saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsində “məhbusların hüquqlarının pozulmasına etiraz edən və Tofiq Yaqublu və digər siyasi məhbusların azad edilməsinə” çağıran E. Mustafayev mayın 6-dan aclıq edib. Bundan sonra o, uzun müddət karserdə saxlanılıb və ailəsi, həmçinin vəkili də onunla əlaqə qura bilməyib. Yalnız iyunun sonlarında o, vəkili ilə görüşüb və “xüsusi şiddətə” məruz qaldığını bildirib. Mustafayevin sözlərinə görə, müəssisə rəisi və digər işçilər onu döyüblər və nəticədə qulağında iltihab əmələ gəlib.

    Aclıq aksiyası Azərbaycanda səmərəliliyini itiribmi?

    Bütün bunların fonunda Azərbaycanda aclıq aksiyasının mübarizə metodu kimi səmərəsiz hala gəldiyini söyləmək olarmı? Toplum TV-yə danışan III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Elman Fəttah deyir ki, Azərbaycanda aclıq aksiyalarının effektivliyi əsasən iki amillə məhdudlaşır.

    Elman Fəttah qeyd edir ki, “birincisi, hakimiyyətin ictimai rəyə tamamilə laqeyd qalması və belə aksiyalara siyasi reaksiya verməməsidir. İkincisi isə müstəqil medianın və ictimai debat mühitinin boğulması səbəbindən bu aksiyaların geniş ictimai rezonans yarada bilməməsidir. Ona görə də aksiyanın məqsədinə nail olmaması bu metodun özünün səmərəsizliyi ilə deyil, ölkədə siyasi təsir mexanizmlərinin ümumiyyətlə fəaliyyət göstərməməsi ilə əlaqədardır”.

    E. Fəttah əlavə edir ki, normal demokratik şəraitdə aclıq aksiyası ciddi ictimai təzyiq yarada bilərdi, amma indiki “avtoritar kontekstdə bu, çarəsiz bir etiraz təzahürünə çevrilib”.

    Adının açıqlanmasını istəməyən digər siyasi şərhçi isə Toplum TV-yə açıqlamasında bildirir ki, müxaliflərin aclıq aksiyası keçirməsi hakimiyyət üçün əlverişli bir üsula çevrilib. “Məhbusları aclığa vadar edib, onların sağlamlıqlarına ciddi ziyan vuracaq həddə çatdırmaq niyyətindədirlər. İctimai reaksiyanın olmadığı şəraitdə bu, məhbuslar üçün olduqca təhlükəlidir”, – o qeyd edib.

    24 saat

  • Etirazçılar Tunisi ‘açıq həbsxana’ adlandırır: Saied əleyhinə nümayiş

    Etirazçılar Tunisi ‘açıq həbsxana’ adlandırır: Saied əleyhinə nümayiş

    Tunisdə Prezidentin Hakimiyyətinə Qarşı Kütləvi Etirazlar

    Yüzlərlə Tunis fəalı cümə günü paytaxt Tunisdə prezident Kais Saiedin 2021-ci ildən bəri hakimiyyətini “avtoritar rejim” adlandıraraq ölkəni “açıq hava həbsxanasına” çevirdiyini bildirərək etiraz aksiyası keçirib. Nümayişçilər, bir zamanlar Ərəb baharı demokratiya hərəkatının doğulduğu yer kimi tanınan Tunisdə, Saiedin hakimiyyəti təkbaşına ələ keçirməsinin dördüncü ildönümünü qeyd ediblər.

    Siyasi Məhbusların Azadlığı Tələbi

    “Respublika böyük bir həbsxanadır” şüarı ilə yürüş edən etirazçılar, həbsdə olan müxalifət liderləri, o cümlədən “Müsəlman Demokrat” partiyasının rəhbəri Rəşid Qannuşi və Azad Konstitusiya Partiyasının lideri Əbir Musinin azadlığa buraxılmasını tələb ediblər. Bu şəxslər onlarla siyasətçi, hüquqşünas, fəal və jurnalistlə birlikdə “terrorizmlə mübarizə” və “sui-qəsd” qanunları əsasında uzunmüddətli həbs cəzası ilə üzləşirlər. Bəziləri isə Qərb ölkələrində sığınacaq axtararaq ölkədən qaçıblar.

    Nümayişçilər “Qorxu yoxdur, terror yoxdur… küçələr xalqındır” və “Xalq rejimin süqutunu istəyir” kimi şüarlar səsləndirib, siyasi məhbusların portretlərini və təşkilatçıların Tunisdəki siyasi həyatın vəziyyətini təmsil etdiyini bildirdikləri bir qəfəsi nümayiş etdiriblər. Həbsdə olan siyasətçi Əbdülhəmid Celassinin həyat yoldaşı Monia İbrahim bildirib ki, onların əsas məqsədi demokratiyanı bərpa etmək və siyasi məhbusların azadlığa buraxılmasını tələb etmək üçün zülmlə mübarizə aparmaqdır.

    Ədalət Sistemindəki Dəyişikliklər və Tənqidlər

    2021-ci il iyulun 25-də prezident Kais Saied parlamenti fəaliyyətini dayandırıb, baş naziri vəzifəsindən azad edib və fərmanla idarə etməyə başlayıb. O, kütləvi həbslər və siyasi motivli məhkəmə prosesləri ilə müxalif səsləri susdurmaq yolunu seçib. Bəziləri bu addımları dəstəkləsə də, tənqidçilər bunu çevriliş adlandırıb və Tunisdə avtoritar rejimə keçidin başlanğıcı kimi qiymətləndiriblər.

    Həbsdə olan hüquqşünas Əhməd Souabın oğlu Saib Souabın sözlərinə görə, həbsxanalar Saiedin rəqibləri, fəallar və jurnalistlərlə doludur. O qeyd edib ki, “Tunis açıq hava həbsxanasına çevrilib… Həbsdə olmayanlar belə, hər hansı bir səbəbdən həbs olunma riski ilə daimi müvəqqəti azadlıq vəziyyətində yaşayırlar”.

    2022-ci ildə prezident müstəqil Ali Məhkəmə Şurasını ləğv edib və onlarla hakimi vəzifəsindən kənarlaşdırıb. Müxalifət bu addımın təkbaşına hakimiyyəti möhkəmləndirmək məqsədi daşıdığını iddia edib. Prezident isə məhkəmə işlərinə müdaxilə etmədiyini, lakin heç kəsin, adından və vəzifəsindən asılı olmayaraq, hesabatlılıqdan üstün olmadığını vurğulayıb. 2023-cü ildə o, siyasətçiləri “xain və terrorçu”, onları bəraət verən hakimləri isə “şərik” adlandırıb.

    Tarixi İldönümün Dəyişən Mənası

    İyulun 25-i həm də Tunisdə 1957-ci ildə respublika elan edilməsinin ildönümüdür. Bu tarix sonradan prezident Kais Saiedi dəstəkləyən “25 İyul Hərəkatı”nın rəyçisi olub. Bu hərəkat ölkənin ümumən qeyri-populyar siyasi sinfinə qarşı sərt tədbirlərin görülməsini təşviq edib. Keçmiş hökumət naziri və “Ən-Nəhda” partiyasının üzvü Samir Dilou bildirib ki, prezident Kais Saied bu günün mənasını əbədi olaraq dəyişib. “25 İyul Respublika quruculuğunu qeyd edirdi. İndi isə onun dağılmasını qeyd edir. Mütləq hakimiyyət mütləq korrupsiyadır,” o əlavə edib.

    24 saat