) istifadə etməmək tövsiyə olunur. #SiyasiSifariş - admin

Tag: #SiyasiSifariş

  • Hikmət Hacıyevin şahid çağırışı tələb olundu

    Hikmət Hacıyevin şahid çağırışı tələb olundu

    “Toplum TV İşi” üzrə məhkəmə: Şahidlər ifadələrindən imtina etdi

    Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” ilə bağlı növbəti iclas keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsinə start verilib.

    Məhkəmədə “Toplum TV”nin jurnalistləri üçün təlimlərdə iştirak etmiş və digər şəxslər “Toplum TV işi” ilə əlaqədar şahid qismində dindirilib. Onlara istintaq dövründə verdikləri ifadələr barədə suallar ünvanlanıb. Bir neçə şahid istintaqa verdikləri ifadələrin təzyiq altında alındığını iddia edərək həmin ifadələrdən imtina edib.

    Dindirmə zamanı təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov hakimin şahidlərin çıxışlarına müdaxilə etdiyini və onların ifadələrinə təsir etməyə çalışdığını bildirərək etirazını ifadə edib.

    Şahidin telefon şifrəsi və vəkilin etirazı

    Şahidlərdən biri istintaq zamanı telefon şifrəsinin ondan məcburi şəkildə alındığını qeyd edib. Bu səbəbdən müdafiə tərəfinin vəkili Zibeydə Sadıqova hakimə şahidin telefonundan əldə edilmiş məlumatlarla bağlı sualların verilməsinin qəbuledilməz olduğunu deyib.

    Hikmət Hacıyevin məhkəməyə çağırılması tələbi

    Digər bir şahidin dindirilməsi zamanı təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal müdaxilə edərək şahidin təqsirləndirilənlərdən heç kimi tanımadığını vurğulayıb və onun əvəzinə prezidentin köməkçisi Hikmət Hacıyevin məhkəməyə çağırılmasının zəruri olduğunu qeyd edib. Hakim səbəbi soruşduqda isə digər təqsirləndirilən şəxs, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli Hikmət Hacıyevin COP29 tədbirində verdiyi açıqlamanı xatırladıb. Hikmət Hacıyev həmin açıqlamada “Toplum TV” əməkdaşları da daxil olmaqla həbs edilən jurnalistlərin qaçaqmalçılıq törədərək Azərbaycan qanunlarını pozduğunu iddia etmişdi.

    Ə.Zeynal və R.İzzətli bildiriblər ki, əgər prezidentin köməkçisi Hikmət Hacıyevdə belə faktlar varsa, o, məhkəməyə çağırılaraq dindirilməlidir. Qeyd edək ki, Əli Zeynal əvvəlki proseslərin birində də Hikmət Hacıyevin ifadə verməsini tələb etmişdi.

    İttihamlar və növbəti dinləmə

    Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Həbs edilənlər arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun təsisçi üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev yer alır. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılsa da, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

    Toplum TV işi” üzrə həbs edilənlər ilkin olaraq qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bəyan edirlər. Növbəti məhkəmə prosesi noyabrın 3-ə təyin olunub və şahidlərin dindirilməsi ilə davam edəcək.

    24 saat

  • Şahidlərdən Stalin metodu ilə ifadə qoparıldı

    Şahidlərdən Stalin metodu ilə ifadə qoparıldı

    Ruslan İzzətli ictimaiyyətə və şahidlərə müraciət etdi

    III Respublika Platformasının qurucu üzvü və “Toplum TV işi” çərçivəsində həbsdə olan Ruslan İzzətli ictimaiyyətə və bu iş üzrə şahid qismində cəlb edilən şəxslərə səslənib. Müraciətində o, məhkəmə istintaqında ifadələrin yekunlaşdığını və yaxın günlərdə şahidlərin dindirilmə prosesinə başlanacağını bildirib.

    Qurbanlar və sistem qarşıdurması

    Bir il səkkiz aydır azadlığından məhrum edilən Ruslan İzzətli, həbsinə sanksiya verən, məhkəmələrdə iştirak edən hakimlərə, müstəntiqlərə və əleyhinə sifarişli yazılar dərc edən jurnalistlərə qarşı heç bir nifrət bəsləmədiyini vurğulayıb. O, bu şəxsləri “bir tikə çörəklə ədalət arasında seçim etmək məcburiyyətində qalan qurbanlar” adlandırıb. İzzətli, öz mübarizəsində qurbanları yox, əmr verənləri hədəf aldığını ifadə edib.

    Nifrət siyasətinin nəticəsi kimi qiymətləndirilən cinayət işi üzrə indiyədək 49 şahid dindirilib. Ruslan İzzətli iddia edir ki, şahidlərin bir neçəsindən istintaqın xeyrinə ifadələr “Stalin metodu” ilə alınıb. O, 22 ildir ölkəni idarə edən qüvvələrin, öz hakimiyyətdə olduqları qədər yaşda olan gəncləri dostlarının əleyhinə ifadə verməyə məcbur etməsini tənqid edərək, mübarizələrinin fərdlərlə deyil, insanları bu hala salan sistemlə olduğunu qeyd edib.

    Müraciətdə qeyd olunur ki, Prezident Administrasiyasının notarial təsdiqi ilə fəaliyyət göstərən məhkəmələrdə şahid ifadələrinin heç nəyi dəyişdirməyəcəyinə inandığı üçün, əleyhinə ifadə verən şahidlərə münasibəti dəyişməyəcək.

    “Toplum TV işi”ndəki təqiblər və ittihamların ağırlaşması

    “Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbsdədir. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılsa da, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

    Təqib edilənlər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittihamlar daha da ağırlaşdırılıb. Həbsdə olan şəxslər irəli sürülən ittihamları rədd edərək, onların siyasi sifariş əsasında həbs olunduğunu bəyan edirlər.

    24 saat

  • Təqsirimi sübut edin: Həbsdə olanın tələbi

    Təqsirimi sübut edin: Həbsdə olanın tələbi

    Azər Qasımlının Məhkəmə Prosesi: Siyasi Motivlər İddiası

    Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan Azər Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə siyasi şərhçinin dindirilməsi yekunlaşıb.

    Qurbanəli Yusifovun İfadələri və Müdafiə Tərəfinin Sualları

    Məhkəmə saat 17:00-a təyin olunsa da, yarım saat gec başlayıb. Bu dəfə Azər Qasımlının vəkili Rövşanə Rəhimli zərərçəkmiş Qurbanəli Yusifova suallar ünvanlayıb. Vəkil xatırladıb ki, Qurbanəli Yusifov 2024-cü ildə “Facebook”da status yazaraq iddia edib ki, Azər Qasımlı onu dövlət əleyhinə fəaliyyətə cəlb etmək istəyib. R.Rəhimli Q.Yusifovdan bu statusu niyə yazdığını soruşub. Azər Qasımlı cavabında bildirib ki, onun həbsinə hazırlıq gedirdi və Q.Yusifov bu statusu yazmaqla hakimiyyətə siqnal ötürürdü ki, hakimiyyət də həmin siqnalı qəbul etdi. O, Qurbanəli Yusifovun borcunu qaytarmadığı üçün Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdiyini və məhkəmənin onun xeyrinə qərar verdiyini vurğulayıb.

    Borc Məsələsinin Siyasətə Daşınması İddiası

    Azər Qasımlı məhkəmədə qeyd edib ki, siyasi həbslərin davam etdiyi bir vaxtda Qurbanəli Yusifov borc məsələsini siyasiləşdirmək, status yazaraq hakimiyyət üçün onun həbsi üçün şərait yaratmaq niyyətində olub. O, özünün həbs olunacağını bildiyini, lakin bunun hansı formada təqdim ediləcəyini bilmədiyini, Qurbanəli Yusifovun həmin statusu yazdıqdan sonra isə hər şeyin aydın olduğunu bildirib. R.Rəhimli Qurbanəli Yusifovdan sözügedən sosial media paylaşımını niyə etdiyini bir daha soruşduqda, o, konkret heç nə deməyərək sözü uzatmağa və manipulyasiya etməyə çalışıb. Vəkilin “sualı başa düşürsünüzmü” deyə dəfələrlə təkrar etməsindən sonra, Qurbanəli Yusifov atasının onu Azər Qasımlının onunla prinsip apardığına inandırdığını iddia edib.

    İttihamın Gecikməsi və Məhkəmə Prosesindəki Müdaxilələr

    R.Rəhimli qeyd edib ki, borc məsələsi illərdir davam etsə də və Mingəçevir məhkəməsi 2024-cü ilin aprelində qərar çıxarsa da, Qurbanəli Yusifov yalnız avqustda Qurbanəli Yusifovun bunu niyə əvvəllər ictimailəşdirmədiyini soruşduqda, o, əvvəl ictimailəşdirməyə imkanı olmadığını iddia edərək məntiqsiz bir cavab verib. Proses zamanı həm hakim, həm də dövlət ittihamçısının tez-tez vəkilin və Azər Qasımlının çıxışlarına müdaxilə edərək onları işin mahiyyəti barədə danışmağa çağırması müşahidə edilib.

    Azər Qasımlının Siyasi Həbs İddiasına Dair Sübutları

    Məhkəmə prosesində hakim Azər Qasımlıya həbsinin siyasi olduğunu yalnız ehtimallar əsasında dediyini, sübutu olmadığını irad tutub. Azər Qasımlı isə cavabında əlində iki sübut olduğunu bildirib: Birincisi, ittiham tərəfinin sübutu olmadığı halda onun aylardır həbsdə olması. O, ittiham tərəfinin onun təqsirinin nə olduğunu və buna görə niyə həbsdə olmalı olduğunu sübut etməli olduğunu qeyd edib. İkincisi, 2024-cü ilin avqustunda Qurbanəli Yusifov iddianı qaldırandan sonra Mingəçevir polisinin sübut yoxluğunu görüb işə baxmaması, lakin nədənsə, həmin ilin dekabrında Yasamal polisində eyni iddia üzrə bu işin açılması. Azər Qasımlı bunun səbəbini həbsi ilə bağlı siyasi tapşırığın məhz o vaxt verilməsi ilə əlaqələndirib.

    Xatırladaq ki, Azər Qasımlı ötən ilin dekabrından həbsdədir və Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.

    24 saat

  • Fatimə Mövlamlı təcridxanadan yazır: “Xasiyyətnaməmdə müxalifyönümlü olmaq mənfi xüsusiyyət kimi göstərilib”

    Fatimə Mövlamlı təcridxanadan yazır: “Xasiyyətnaməmdə müxalifyönümlü olmaq mənfi xüsusiyyət kimi göstərilib”

    “Meydan TV işi” üzrə həbsdə saxlanılan jurnalist Fatimə Mövlamlı Bakı İstintaq Təcridxanasından yeni yazı göndərib. O, cinayət işinin materiallarını araşdırdığını və ittihamların əsassız olduğunu bildirib.

    Mövlamlı yazır:

    ““Meydan TV işi” üzrə cinayət işi materialları ilə tanış oldum. Hər biri 250 səhifə olmaqla ümumilikdə 26 cilddən ibarət cinayət işi materiallarında ittiham edildiyim qanunsuz əməlləri törətdiyimə dair kiçik də olsun bir fakt (!) yoxdur. Necə deyərlər – məlumun elanı.

    İstintaq mənimlə bağlı bütün ümidini evimə özlərinin yerləşdirdiyi, cinayət işi materiallarında isə maddi sübut kimi göstərdiyi pula bağlayıb. Xülasə, məhkəməmiz çox maraqlı keçəcək. Mən özümü faktiki olaraq böyük bir “heç nə”yə qarşı müdafiə edəcəm”.

    Məktubunda jurnalist cinayət işi materialları arasında rast gəldiyi “xasiyyətnamə”ni xüsusi vurğulayıb:

    “BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin sorğusuna əsasən Binəqədi İcra Hakimiyyətinin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətim barədə yolladığı namədə sözbəsöz belə yazılıb:

     

    “Vətəndaş Mövlamova Fatimə Binəqədi qəsəbə ərazisində müsbət xarakterizə olunmur, radikal müxalifyönümlü şəxs kimi tanınır, mitinqlərdə fəal iştirak edir, sosial şəbəkələrdə müxalifyönümlü paylaşımlar edir””.

    O, bu ifadələri “absurd” adlandıraraq qeyd edib ki, hökumət müxalif mövqeyini mənfi xarakter xüsusiyyəti kimi təqdim edir:

    “Absurdun miqyasına bir baxın – dövlət rəsmən elan edir ki, müxalif, tənqidçi, yaşadığı ölkədə baş verən hadisələrə maraqlı mövqedə dayanmağı mənfi xarakter xüsusiyyətləri sayır”. 

    Mövlamlı məktubunu ironik şəkildə belə yekunlaşdırıb:

    “Azərbaycan hökumətinin haqqımdakı rəsmi rəyi xoşuma gəlsə də, düşdükləri gülünc vəziyyətə ürək ağrısı ilə baxıram.

     

    Bir dəfə yazmışdım: “Heç kim bu qədər yazıq olmamalıdır”. Amma bunu yazdığım vaxt yazıqlığın belə boz rəngə bürünə biləcəyi ağlıma gəlməzdi. Demə, bürünə bilirmiş. İstedadsız, şərbaz, gülməli ittihamçı elə ən böyük yazıq imiş.

     

    Yazıqsınız, gülməlisiniz, cənablar…”

     

    Jurnalist Fatimə Mövlamlı bu il fevralın 28-də “Meydan TV işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə ümumilikdə 12 nəfərə qarşı cinayət işi açılıb. Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qrup halında) maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də ittihamlar ağırlaşdırılıb və hazırda onlar bir neçə ağır maddə, o cümlədən qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması ittihamları ilə mühakimə olunurlar.

     

    Jurnalistlər bütün ittihamları rədd edir, hədəfə alınmalarını siyasi sifariş və peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

  • Məhkəmədə rüsvay olan şəxsə “möhtərəm” deyilməz

    Məhkəmədə rüsvay olan şəxsə “möhtərəm” deyilməz

    Jurnalist Şəmşad Ağa Məhkəmədə Kəskin Çıxış Etdi: Həbs-qətimkan Tədbiri Uzadıldı

    “Arqument.az” saytının baş redaktoru, Meydan TV işi ilə bağlı həbs edilən jurnalist Şəmşad Ağa sentyabrın 1-də Xətai Rayon Məhkəməsində həbs-qətimkan tədbirinin uzadılması ilə əlaqədar prosesdə çıxış edib. Jurnalist əvvəlcə səhhətindəki problemlər və məhkəməyə etimadsızlığı səbəbindən prosesdə iştirak etmək istəmədiyini bildirsə də, doğum günündə qəfil məhkəməyə çıxarılıb. Prosesin sonunda isə onun həbs müddəti daha 1 ay 1 gün uzadılıb.

    Siyasi Sifariş və İttihamların Absurdluluğu

    Şəmşad Ağa çıxışında Azərbaycanda məhkəmə sisteminin siyasi sifarişlərə boyun əyən, qeyri-müstəqil bir qurum olduğunu vurğulayıb. O, avqustun 30-da müstəntiqin həbs müddətinin uzadılacağını məhkəmə prosesi keçirilmədən əvvəl elan etməsini Azərbaycan məhkəmələrinin onurğasızlığını və hakimlərin xaraktersizliyini bir daha ortaya qoyduğunu qeyd edib. Jurnalist ona qarşı irəli sürülən ittihamların absurd olduğunu dəfələrlə sübut etdiyini, lakin istintaqın heç bir maddi sübut təqdim edə bilmədiyini bildirib.

    Saxta “Faktura” Sənədi və Ekspertiza Rəyi

    İstintaqın son olaraq A4 formatında “faktura” sənədi “tapdığını” deyən Şəmşad Ağa, bu sənədin guya 2024-cü ildə Meydan TV-nin ona 1370 avro ödədiyini əks etdirdiyini söyləyib. O, sənəddə heç bir rəsmi təsdiq və ya möhürün olmadığını, onun kompüterdə asanlıqla düzəldilə biləcəyini vurğulayıb. Jurnalist, özlərinin nəzarətində olan xətt və yazı ekspertizasının belə, sənəddəki imzanın nə ona, nə də Meydan TV işi ilə bağlı həbs edilən digər şəxslərə aid olmadığını təsdiqlədiyini qeyd edib. Bu faktın həbs qərarını verənlərin yeni uydurması olduğunu bildirib.

    Sərhədsiz İttihamlar və Dövlət Utancı

    Jurnalist, 2023-cü ilin yazından 2025-ci ilin fevralına qədər ölkə xaricində olmamasını nəzərə alaraq, 2024-cü ildə dəfələrlə xaricə gedərək qaçaqmalçılıq etməsi ittihamının tamamilə əsassız olduğunu vurğulayıb. O, normal ölkələrdə belə bir ittihamla həbsin uzadılması üçün vəsatət verən müstəntiqin və prokurorun psixi sağlamlıqlarının yerində olub-olmadığını yoxlamaq üçün göndərilməli olduğunu qeyd edərdi. Şəmşad Ağa hazırda yeddi maddə ilə ittiham olunduğunu və 7 ildən 12 ilə qədər həbs cəzasının gözlədiyini bildirərək, bunu ölkə və məhkəmə hakimiyyəti adına böyük bir utanc adlandırıb. O, əlavə edib ki, əvvəlcə “Toplum TV işi”ndə şahid kimi çağırıb ölkədən çıxışına qadağa qoyulsa da, bu işlə də həbs etməsəydilər, başqa bir iş düzəldib yenə də həbs edəcəkdilər, çünki məqsəd nə olursa olsun, onu həbs etmək olub.

    Hakim Rəfail Sadıqova Qarşı Tənqid

    Jurnalist hakim Rəfail Sadıqova “möhtərəm və cənab hakim” deyə müraciət etməyi özünə yaraşdırmadığını bildirib. O, siyasi qərar qarşısında müti davranış göstərən, məhkəmənin gülünc personajına çevrilən bir şəxsin belə etiketlərə layiq olmadığını vurğulayıb, çünki öz peşəsinə dəyər vermir. Şəmşad Ağa peşəsinə və şəxsiyyətinə verdiyi dəyəri misal gətirərək, hakimlərin öz peşə və şəxsiyyətlərini adi bir əməliyyatçı, müstəntiq qarşısında dəyərsizləşdirib müti vəziyyətə düşməsinə təəssüfünü bildirib. O, bu korrupsiyanın milyonlarla insanın taleyi ilə oynamağa gətirib çıxardığını vurğulayıb və ölkədə belə onurğasız məhkəmə sisteminin və xaraktersiz hakimlər ordusunun olmasından utandığını dilə gətirib, Rəfail Sadıqovun da onlardan biri olduğunu əlavə edib.

    Doğum Günü Hədiyyəsi Adlandırılan Qərar

    Şəmşad Ağa öz çıxışının sonunda doğum günündə məhkəmə qarşısına çıxarılmasını qeyd edərək, çıxarılacaq istənilən ədalətsiz qərarı şəxsən İlham Əliyevin ad günü hədiyyəsi kimi qiymətləndirəcəyini bəyan edib. Çıxışdan dərhal sonra müşavirəyə gedən hakim Şəmşad Ağanın həbs müddətinin 1 ay 1 gün uzadılmasına qərar verib.

    24 saat