) istifadə etməmək tövsiyə olunur. #ToplumTvişi - admin

Tag: #ToplumTvişi

  • Pul saymaqdan imtinaya görə babasının həbsi ilə hədələdilər

    Pul saymaqdan imtinaya görə babasının həbsi ilə hədələdilər

    Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti iclas keçirilib

    Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Toplum TV işi üzrə növbəti məhkəmə prosesi baş tutub. Hakim Azər Tağıyevin sədrliyi ilə keçən iclasda təqsirləndirilən şəxslər sərbəst ifadələr veriblər.

    İlkin Əmrahovun İstintaqa Qarşı Kəskin İddiaları

    Demokratik Təşəbbüslər İnstitutunun (IDI) həbsdə olan əməkdaşı İlkin Əmrahov əvvəlki prosesdəki ifadəsini davam etdirib. O, IDI ilə əməkdaşlıqdan əvvəlki fəaliyyətlərindən, o cümlədən Avrasiya Əməkdaşlıq Fondunun təlimçilər üçün təlim layihəsində iştirakından bəhs edib. İlkin Əmrahov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiq qrupunun kompüterində bu layihədə iştirakını təsdiqləyən məlumatları “mötəbər sübut” kimi cinayət materiallarına əlavə etdiyini bildirib. O, öz fəaliyyətinin məqsədinin inkişaf etmək və vətəndaş cəmiyyətinə töhfə vermək olduğunu vurğulayıb.

    Əmrahov ittiham aktında iddia edildiyi kimi A. Qurbanovla 2014-cü ildə deyil, yalnız 2023-cü ildə, IDI-nin gənc layihə menecerləri üçün təliminə müsahibə zamanı tanış olduğunu bildirib. O, müsahibədən uğurla keçərək təlimlərə qatıldığını qeyd edib. İlkin Əmrahov 2024-cü il martın 6-da polisin Toplum TV və IDI ofislərində keçirdiyi reydi xatırladaraq, həmin vaxt artıq təşkilatda layihə koordinatoru vəzifəsində çalışdığını deyib.

    O, reyd zamanı polislərin ofisə basqın etdiyini, interneti kəsdiyini, telefonları məcburi şəkildə aldığını və məhkəmə qərarı olmadan axtarışa başladığını iddia edib. O, saxlandıqdan sonra başına qara torba keçirilərək evə gətirildiyini və orada tapıldığı iddia olunan pulu sayması üçün təzyiq edildiyini bildirib. Pulların özünə məxsus olmadığını, polislər tərəfindən qoyulduğunu deyərək saymaqdan imtina etsə də, babasını və valideynlərini həbs etmək təhdidləri ilə üzləşdiyini vurğulayıb.

    Polis bölməsində dindirilmə zamanı ona dərmanlar verildiyini və sonradan bu dərmanların “lirika” adlı narkotik tərkibli maddə olduğunu öyrəndiyini qeyd edib. Halsız vəziyyətdə olduğu üçün oxumadan ifadəyə qol çəkdiyini deyən İlkin Əmrahov təzyiq altında verdiyi ifadədən imtina etdiyini bildirib. O, istintaqın digər təqsirləndirilən şəxslərlə birlikdə xaricdən valyuta qaçaqmalçılığında iştirak etməsi iddiasını da rədd edib. O vurğulayıb ki, heç vaxt xarici ölkəyə səfər etməyib və xarici pasportu da yoxdur.

    “Toplum TV” əməkdaşlarının ittihamları rədd etməsi

    Daha sonra çıxış edən Toplum TV əməkdaşı Fərid İsmayılov media qurumu ilə 2022-ci ildən əməkdaşlıq etdiyini bildirib və ittihamları qəti şəkildə rədd edib. O, 10 aydır həbsdə olmasına baxmayaraq, qanunda nəyi pozduğunu hələ də bilmədiyini, Gömrük Komitəsinin sənədləri ilə qaçaqmalçı olmadığını, Mərkəzi Bankın çirkli pul istifadəsinin olmadığını və şahidlərin onun sadəcə müxbir olduğunu təsdiqlədiyini qeyd edib.

    Toplum TV videoredaktoru Müşfiq Cabbar da ittihamları rədd edərək, cinayət işini siyasi xarakterli adlandırıb. O, Toplum TV-nin sadə insanların səsi olduğunu və problemləri işıqlandırdığını vurğulayıb. Jurnalist Elmir Abbasov isə sərbəst ifadə verməkdən və istintaqa verdiyi ifadədən imtina etdiyini bildirib.

    Ələsgər Məmmədlinin Səhhəti və Vəsatətinin Təmin Edilməməsi

    Toplum TV-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması üçün yenidən vəsatət verib. O, boğazından əlavə, onurğasında da şiş aşkarlandığını və təcridxanada aparılan UZİ müayinəsinə baxmayaraq, həkimin MRT müayinəsinin vacibliyini bildirdiyini qeyd edib. Ə. Məmmədli 350 səhifəlik materialla aparılan istintaq prosesinin əsassız olduğunu və günahsız olduğunu deyərək, məhkəmədən insan haqlarını əsas tutaraq iş bitənə qədər ev həbsi verilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.

    Toplum TV işi”: İttihamların Ağırlaşdırılması və Siyasi Sifariş İddiaları

    Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılsa da, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. Həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

    24 saat

  • Məhkəmə və prokuror qanunun aliliyini tanımır

    Məhkəmə və prokuror qanunun aliliyini tanımır

    Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə proses davam etdi

    Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” ilə bağlı növbəti məhkəmə iclası keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslər öz çıxışlarını davam etdiriblər.

    Ruslan İzzətli evindəki pulların polis tərəfindən yerləşdirildiyini iddia etdi

    III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli əvvəlki iclasda yarımçıq qalmış çıxışını tamamlayıb. O, 2024-cü ilin martında həbs olunduqdan sonra evindən tapıldığı iddia edilən pulların məhz polis tərəfindən yerləşdirildiyini bəyan edib. Ruslan İzzətli bir sıra suallar ortaya atıb: “Əgər evimə qoyulan pul mənim idisə, niyə həbs olunana qədər onu evdən çıxarmadım? Niyə banka olan ipoteka borcumu ödəmirdim? Niyə martın 8-ə qədər ölkəni tərk etmədim? Cinayətkar idimsə, niyə gizlənmədim, oturub həbsimi gözlədim? Cinayətkar idimsə, niyə Xətai rayon Polis İdarəsində saxlanılan dostlarımla maraqlanmaq üçün polis idarəsinin önünə getdim?” Siyasətçi həmçinin vurğulayıb ki, haqqında məhkəmə qərarı olmadan rəsmilər və hökumətyönlü media orqanları onu qaçaqmalçı kimi təqdim edərək təqsirsizlik prezumpsiyasını pozublar. Ruslan İzzətli bu yanaşmanı Stalin dövrü ilə müqayisə edərək, Azərbaycan hakimiyyətinin tənqidçilərinə qarşı da oxşar metodlardan istifadə etdiyini qeyd edib. O, “Toplum TV işi” ilə bağlı internet televiziyasına yalnız könüllü dəstək verdiyini, bilik və bacarıqlarını burada çalışan gənc könüllülərlə bölüşdüyünü bildirib.

    Əli Zeynal həbsini əsassız saydı və həmkarlarına dəstəyini ifadə etdi

    Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal çıxışında həbsini əsassız adlandırıb. O, hazırkı siyasi repressiyalar zamanı dostları, müəllimləri və əqidə yoldaşları ilə birlikdə olmaqdan məmnunluğunu dilə gətirib. Zeynal qeyd edib ki, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, İlkin Əmrahov, Ramil Babayev, Akif Qurbanov, Ruslan İzzətli, Müşfiq Cabbarov, Fərid İsmayılov və Ələsgər Məmmədli kimi həmkarları ilə həbsdə olarkən azadlıqda qalmaq onun üçün daha çətin olardı.

    Ələsgər Məmmədli Toplum TV-nin müstəqil missiyasını vurğuladı

    Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli uzunmüddətli ictimai fəaliyyətindən bəhs edib. O, media hüququ mövzusunda maarifləndirmə, kitab yazmaq, təlimlər keçmək və konsultasiyalar verməklə məşğul olduğunu söyləyib. Ələsgər Məmmədli cəmiyyətə faydalı olmaq üçün mütləq pula ehtiyac olmadığını, könüllülük, zaman ayırmaq və insanlara kömək etmək istəyinin vacibliyini qeyd edib. O bildirib ki, müasir kommunikasiya vasitələri ilə bir telefon və ya kompyuterlə minlərlə insana çatmaq mümkündür. Ələsgər Məmmədli Toplum TV-nin məhz bu amalın, heç bir dəstək və ya təşkilat olmadan könüllü insanların əməyinin və zamanının bir araya gəlməsinin bəhrəsi olduğunu vurğulayıb. Onun fikrincə, Toplum TV-nin fəaliyyətinin hüquqi müstəviyə daşınmasının səbəbi onun müstəqil peşəkar media platforması olması, bu nümunənin ölkədə mümkünlüyünü cəmiyyətə göstərməsidir. Ələsgər Məmmədli media azadlığına dözümsüzlük səbəbindən həbs olunduqlarını və saxta ittiham aktı ilə təqsirləndirildiklərini əlavə edib. O, Toplum TV-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmə qərarı olub-olmadığı barədə vəsatət verib və məhkəmə bu vəsatəti təmin edib.

    “Toplum TV işi” üzrə ittihamlar və hakimiyyətin mövqeyi

    “Toplum TV işi” çərçivəsində ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs ediliblər. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. “Toplum TV işi” üzrə həbs edilənlər əvvəlcə qaçaqmalçılıqda ittiham olunsa da, sonradan ittiham ağırlaşdırılıb. Onlar bütün ittihamları rədd edərək, həbslərinin siyasi sifariş olduğunu bildirirlər. 2023-cü ilin noyabr ayından bəri Azərbaycanda qruplar şəklində təqribən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Azərbaycan hakimiyyəti isə heç kimi peşə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu iddia edir.

    24 saat