ABŞ prezidenti Donald Trampın həyat yoldaşı, Birinci Ledi Melania Tramp çərşənbə axşamı Windzor Qalasında keçirilən dövlət ziyafətinə sarı, çiyinləri açıq libasla qatılaraq bütün diqqəti özünə çəkib. Prezident Donald Tramp, Kral Çarlz və Kraliça Kamillanın yanında çəkilmiş fotoları yayımlananda, ictimaiyyət bu cəsarətli geyim tərzini təəccüblə qarşılayıb.
Öncəliklə, yerə qədər uzanan libas bir çox dəb izləyicisini çaşdırıb; çünki libasın rəngi bəzi fotolarda canlı sarı, bəzilərində isə bu ilin ən bəyənilən rəngi olan solğun kərə yağı sarısı kimi görünürdü.
Kəmərin Rəng Sirri: Körpə Çəhrayısı, yoxsa Yasəmən?
Kəmər məsələsi də diqqət mərkəzində olub: o, körpə çəhrayısı, yoxsa yasəmən rəngində idi? Sosial mediada mübahisə mövzusu olan bu sualla bağlı nəhayət məsələyə aydınlıq gətirildi.
Birinci Ledi Melania Trampa yaxın bir mənbə “Daily Mail”ə açıqlamasında, Carolina Herrera tərəfindən dizayn edilmiş libasın həqiqətən də kərə yağı sarısı olduğunu və üzərində “Pasxa bənövşəyisi” rəngində kəmər olduğunu bildirib.
Təbii ki, libasın rəngi ilə bağlı bu qarışıqlıq ehtimal ki, flaşlı fotoqrafiya və ya çəkilişdən əvvəl kameraların tənzimləmələrində istifadə edilən fərqli proqramlardan irəli gəlirdi.
Nyu-Yorkda fəaliyyət göstərən məşhur stilist Liz Tayç qeyd edib ki, “Fotoqraflar öz şəkillərində həmişə doyğunluq, əyrilər və kontrastla oynayırlar və fotoqrafiyadakı digər bütün rənglərin doyğunluğuna baxsaq, libasın həqiqətdə olduğundan bir qədər daha cəsarətli görünməsi üçün tənzimləndiyinə inanıram.”
Sarı rəng nikbinliklə əlaqəli
Tayç əlavə edib ki, sarı rəng adətən nikbinliklə əlaqələndirilir. Lakin bəzi tənqidçilər Melania Trampın geyiminin, kəməri və zümrüd sırğaları ilə birləşdiyində olduqca diqqət yayındırıcı və qarışıq göründüyünü bildiriblər.
Məşhur stilist Samantha Braun deyib: “Çəhrayı kəmər və zümrüd rəngli avize sırğaların əlavə edilməsi ilə geyim tərzini diqqət yayındırıcı hesab edirəm. Burada çoxlu təmas nöqtəsi var və əslində əvvəlcə ona, sonra libasa baxmalıyıq.” Braun əlavə edib ki, çiyinləri açıq libas, qızılı naxışlar, kral tacları və dəbdəbəli smokinlərin əhatəsində cəsarətli bir seçim idi.
“Yay seçimi kimi”
Kərə yağı sarısının yay mövsümünün ən populyar trendlərindən biri olması dəb mütəxəssisləri üçün təəccüblü deyil, lakin Braun, İngiltərənin tutqun havası və yaxınlaşan payız mövsümü səbəbilə libasın “yay seçimi kimi göründüyünü və mövsümə o qədər də uyğun olmadığını” qeyd edib.
Papaq təsadüfi bir seçim deyil
Melania Trampın diqqət çəkən digər seçimi isə papağı olub. Londondakı ilk ünvanı olan Windzor Qalasında səfəri zamanı taxdığı və demək olar ki, gözlərini tamamilə gizlədən geniş kənarlı bənövşəyi papaq tənqidlərin hədəfi olub. Məşhur stilist və “Vogue” yazarı Marian Kvey bildirib ki, “Melanianın papağı təsadüfi deyil.”
Kvey əlavə edib ki, “üzünü gizlədən geniş kənarlı papaq, burada olduğu müddətdə bütün diqqətlərin Donald Tramp və onun gündəliyinə yönəldilməsini istədiyini göstərir.”
Papağın Donald Trampın qalstukunun rəngi ilə tamamilə uyğun olduğunu ifadə edən Kvey, bunun “dövlət səfərində ərinin gündəliyinə verdiyi dəstəyi simvolizə etdiyini” vurğulayıb. Melania Tramp Donald Trampın prezidentlik andiçmə mərasimində də bənzər bir papağı seçmişdi.

Leave a Reply