Dünya 15.07.2025

ABŞ-da daşqın: Metrolar su altında qaldı, fövqəladə vəziyyət elan edildi

ABŞ-da daşqın: Metrolar su altında qaldı, fövqəladə vəziyyət elan edildi
ABŞ-ın Nyu-Cersi ştatının bəzi bölgələri və Pensilvaniya ştatının ayrı-ayrı hissələri ötən gecədən bu səhərə qədər davam edən aramsız leysan yağışlar nəticəsində su altında qalıb. Şiddətli yağışlar, bir çox nəqliyyat vasitəsinin yollarda batmasına, küçələrin sel sularına qərq olmasına və genişmiqyaslı su basqınlarına yol açıb.

Nyu-Cersidə Fövqəladə Vəziyyət

Nyu-Cersi ştatının qubernatoru Fil Merfi ani sel basqınları və güclü yağışlar səbəbindən ştatda fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Merfi, "Evlərinizdə qalın və zəruri olmadıqca çölə çıxmayın" çağırışını edib. Nyu-Cersidəki Samervill və Pleynsfill kimi bölgələrdə avtomobillər və təcili müdaxilə vasitələri sulara qərq olarkən, bəzi nəqliyyat vasitələrinin qismən aşdığı müşahidə edilib.

Nyu-York Metrosu İflic Oldu

Nyu-York metrosu su basması nəticəsində qismən fəaliyyətini dayandırıb. Manhetten bölgəsində 1, 2 və 3 nömrəli xətlərin hərəkəti dayandırılıb. 23-cü küçə stansiyasından yayılan görüntülərdə yerdən fışqıran suyun turniket zonasını basdığı və sərnişinlərin oturacaqlara sığınmaq məcburiyyətində qaldığı görünür. Kuins bölgəsində isə Forest Hills istiqamətindəki M və R qatar xətlərində ciddi gecikmələr yaşanıb. Sosial mediada yayılan görüntülərdə stansiya pilləkənlərinin şəlaləyə döndüyü və sərnişinlərin vaqonlarda köməksiz qaldığı anlar yer alıb.

Avtomobil Yolları Suya Qərq Oldu

Manhetten bölgəsinin şərq sahilində yerləşən, nəzarətli girişi olan avtomobil yolu olan FDR East River Drive-da da suyun səviyyəsi avtomobil təkərlərinə qədər yüksəlib. Sürücülər axına qarşı avtomobilləri ilə çox yavaş-yavaş hərəkət edə biliblər. Avtomobil yollarında tıxanıb qalan nəqliyyat vasitələri səbəbindən şəhərə giriş və çıxışda ciddi axsamalar meydana gəlib.

Əhaliyə Xəbərdarlıq

Nyu-York Şəhər Fövqəladə Hallar İdarəsi dünən verdiyi açıqlamada, şəhər əhalisinə zirzəmilərdə qalmamağı və təcili yardım çantalarını hazır vəziyyətdə saxlamağı tövsiyə edib. Açıqlamada bildirilib ki, "Sel ölümcül ola bilər və çox az xəbərdarlıqla və ya heç xəbərdarlıqsız baş verə bilər. Zirzəmilər və yeraltı sahələr dəqiqələr içində su ilə dolşa bilər." ABŞ-ın paytaxtı Vaşinqton, Merilend ştatının ən sıx şəhəri Baltimor və Konnektikut ştatındakı Hartford şəhərləri də sel xəbərdarlığı altında olub. Ölkənin şərq sahilləri boyunca təxminən 18 milyon ABŞ vətəndaşı xəbərdarlıq çərçivəsində idi.

24 saat