Dölekin Nyu Yorkda Federal İstintaq Təcridxanasında Olduğu Məlum Olub
Türkiyənin Nyu York Baş Konsulluğunun təşəbbüsləri nəticəsində, uzun müddətdir xəbər alınmayan Furkan Dölekin Nyu Yorkdakı Buffalo Federal İstintaq Təcridxanasında olduğu müəyyən edilib. Furkan Dölekin Adanadakı bacısı Esra Dölek Coşkun Anadolu Agentliyinə açıqlamasında, 27 avqustdan bəri qardaşından xəbər ala bilmədiklərini xatırladıb və bu məsələdə kömək göstərən bütün xarici işlər nazirliyi rəsmilərinə, eləcə də Türkiyənin Nyu York Baş Konsulluğu əməkdaşlarına təşəkkürlərini çatdırıb.
Viza Ləğvi və Etiraz Yürüşü
Coşkun bildirib ki, qardaşı Buffalo şəhərindəki Federal İstintaq Təcridxanasına köçürülüb, lakin məhkəmə qarşısına çıxması üçün hələlik bir tarix təyin edilməyib. Bacısı, qardaşının səsinin yaxşı gəldiyini vurğulayaraq, ilkin məqsədlərinin Furkan Dölekin “ən qısa zamanda Türkiyəyə qayıtmasını təmin etmək” olduğunu dilə gətirib. Coşkun əlavə edib ki, Nyu York Baş Konsulluğu Döleklə bağlı inkişafları yaxından izləyir və ailəni mütəmadi olaraq məlumatlandırır.
Qeyd edək ki, elm xadimi Dölek 2024-cü ilin mart ayında ABŞ Enerji Nazirliyinə bağlı Fermilab adlı laboratoriyada tədqiqatçıların sağlamlığını təhdid edən radioaktiv risklərin mövcudluğunu aşkar etmiş və bunu ABŞ rəsmiləri ilə sosial media vasitəsilə paylaşmışdı. Bu paylaşımından sonra, 2024-cü ilin aprelində onun vizasının ləğv edildiyi və işdən çıxarıldığı bildirilmişdi. Akademik tədqiqatlar üçün verilən (J1) vizasının ləğvinə qarşı məhkəməyə müraciət edən Furkan Dölek, hüquqi təşəbbüsləri nəticə verməyincə, son dörd ay ərzində ölkədə vizasız yaşamağa məcbur olmuş və Kanadaya doğru etiraz yürüşünə başlamışdı.
CERN, Fermilab və Virginia Tech kimi mühüm qurumlarda çalışan fizik Dölekin proseslə bağlı paylaşımları sosial mediada geniş müzakirələrə səbəb olmuşdu. Gənc fizikdən 27 avqustdan bəri xəbər alınmırdı.
Oxucu Şərhləri
Şərh Yaz