2025-ci ilin Nobel Fizika Mükafatı sahibləri bəlli oldu
2025-ci ilin Nobel Fizika Mükafatı elektrik dövrələrində makroskopik kvant mexaniki tunellənmə və enerji kvantlaşmasının kəşfinə dair işlərinə görə britaniyalı Con Klark, fransız Mişel Devoret və amerikalı Con Martinisə verilib. İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında elan edilən məlumata görə, mükafata layiq görülən elm adamları bu sahədəki fundamental töhfələri ilə fərqləniblər. Britaniyalı Con Klark hazırda ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərir.
2024-cü ilin Fizika mükafatçıları
2024-cü ildə Fizika üzrə Nobel mükafatı süni sinir şəbəkələri ilə maşın öyrənməsini təmin edən tədqiqatlarına görə amerikalı Con Hopfild və Britaniya əsilli Kanada vətəndaşı Cefri Hinton arasında bölüşdürülmüşdü.
Nobel Mükafatları haqqında
İsveçli Alfred Nobelin vəsiyyəti əsasında, onun ölümündən sonra, 1900-cü il iyunun 9-da təsis edilən Nobel Fondu tərəfindən bəşəriyyətə xidmət edənlərə verilən mükafatlar, dünyada ən nüfuzlu mükafatlar hesab olunur. Nobel Mükafatları İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən fizika, kimya, ədəbiyyat, sülh və tibb olmaqla beş əsas kateqoriyada ən uğurlu hesab edilən şəxslərə və ya təşkilatlara təqdim olunur.
Bu kateqoriyalara əlavə olaraq, Nobel İqtisadiyyat Mükafatı 1968-ci ildə İsveç Mərkəzi Bankının Alfred Nobelin xatirəsinə iqtisadiyyat sahəsində də mükafat verilməsini qərara alması ilə, ilk dəfə 1969-cu ildə təqdim edilib.
Nobel Mükafatları hər il Alfred Nobelin ölüm ildönümü olan 10 dekabr tarixində keçirilən mərasimlə sahiblərinə çatdırılır. Mükafatların 1901-ci ildə verilməyə başlanmasından bəri bəzi illərdə təqdim edilmədiyi də olub. Ümumilikdə 49 dəfə baş verən mükafat ləğvlərinin əksəriyyəti Birinci və İkinci Dünya müharibələri zamanı gerçəkləşib. Həmçinin, COVID-19 pandemiyası səbəbindən 2020 və 2021-ci illərdə mükafat mərasimləri keçirilə bilməmişdi.
Leave a Reply to Pərvin Orxanli Cancel reply