Abzas Media jurnalistlərinin Umbakı təcridxanasında saxlanılması davam edir
Abzas Media işi üzrə məhkəmə hökmü ilə cəzalandırılan jurnalistlər hələ də Bakıdan 70 kilometr məsafədə yerləşən Umbakı qəsəbəsindəki təcridxanada saxlanılırlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü iyunun 20-də oxunmasına baxmayaraq, Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlərin başqa təcridxanaya köçürülməsi ilə bağlı heç bir xüsusi qərar olmayıb. Buna rəğmən, kişi jurnalistlər iyunun 26-da özlərinə və yaxınlarına öncədən məlumat verilmədən Umbakı təcridxanasına yerləşdiriliblər.
Hüquqi normalara zidd köçürülmə və məhkəmə qərarına əməl edilməməsi
Müdafiə tərəfi Penitensiar Xidmətin bu addımını qanunsuz hesab edir. İyulun 3-də məhkəmə “Abzas Media”nın direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına qaytarılması ilə bağlı vəsatətini təmin etsə də, bu qərar icra edilməyib. Umbakı təcridxanası paytaxtdan uzaq olduğu üçün ailələr və vəkillər üçün görüşlərə gediş-gəliş ciddi məhdudiyyətlər yaradır, bu da məhbusların hüquqlarının pozulması kimi qiymətləndirilir.
Apellyasiya qərarına baxmayaraq, cəzaçəkmə müəssisələrinə köçürülmə yoxdur
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Abzas Media işi üzrə jurnalistlərə verilən hökmü qüvvədə saxlayıb. Lakin yekun məhkəmə qərarına baxmayaraq, onlar hələ də müvafiq cəzaçəkmə müəssisələrinə köçürülməyiblər. Azadlıq Radiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadə yaxınları vasitəsilə bildirib ki, bu müəssisə şəhərdən uzaq olduğu üçün gediş-gəliş həm ailələr, həm də vəkillər üçün çətinliklər yaradır. O, həmçinin canlı görüş imkanının olmadığını və ailə görüşlərinin yalnız şüşə arxasından mümkün olduğunu vurğulayıb.
Fərid Mehralızadə qeyd edib: “Umbakı təcridxanasında haqqında hökm olan məhbusların əksəriyyəti hökm aldıqları həftənin şənbə günləri cəzaçəkmə müəssisələrinə köçürülür. ‘Abzas Media işi’ üzrə həbs edilənlərin barələrində isə Apellyasiya Məhkəməsinin yekun qərar çıxarmasına baxmayaraq, heç kim köçürülməyib”.
“Abzas Media işi” üzrə jurnalistlərə verilən cəzalar
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin qərarı ilə Abzas Medianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Abzas Medianın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər. Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham olunublar. Lakin jurnalistlər və onların müdafiəçiləri istintaqın tutarlı sübutlar təqdim etmədiyini bəyan ediblər.

Leave a Reply to Kamran Şahbazli Cancel reply