Həbsdə olan Fərid İsmayılov aclıq edir
“Toplum TV“-nin həbsdə olan əməkdaşı Fərid İsmayılov saxlandığı təcridxanada aclıq aksiyasına start verib. Onun anası “Toplum TV“-yə verdiyi məlumata görə, oğlu oktyabrın 6-dan etibarən qida qəbulundan imtina edir.
Telefon danışığı zamanı anasına bildirib ki, qonşu kamerada saxlanılan Seymur adlı məhbusun ölüm təhdidləri təcridxana rəhbərliyi tərəfindən laqeydliklə qarşılanıb. Jurnalistə qarşı təhdidlərdə iştirak edən həmin məhbus qısa müddətə başqa kameraya köçürülsə də, sonradan yenidən əvvəlki yerinə qaytarılıb. Bu insidentdən sonra jurnalistin saxlandığı kameranın dəyişdirilməsi qərarı verilib.
Məhbusun vəziyyəti pisləşir
Ananın sözlərinə görə, Fərid İsmayılov səkkiz nəfərlik, dolu bir kameraya yerləşdirilib, ona yerə matras atılaraq burada yatması təklif edilib. “Onun ağciyərlərində problem var, üstəlik istilik sistemi də işləmir. Buna etiraz olaraq o, yatmır, sadəcə yerdə oturur”, – deyə anası vurğulayıb.
Bildirilib ki, onun qanında şəkər azlığı problemi mövcuddur və aclıq aksiyası bu vəziyyəti daha da ağırlaşdırıb. Buna baxmayaraq, o, aksiyanı dayandırmaqdan imtina edir.
Təhdidlər və rəsmi reaksiyalar
Fərid İsmayılov “Toplum TV işi” üzrə keçirilən son məhkəmə iclasında da ölüm təhdidlərinə məruz qaldığını bildirib və bu hərəkətləri təxribat adlandırıb. O, təcridxana rəhbərliyindən məsələnin hərtərəfli araşdırılmasını tələb edib.
Onun anasına Ədliyyə Nazirliyinin qaynar xətti və Ombudsman Aparatı tərəfindən müraciətin araşdırılacağı barədə məlumat verilib. Beynəlxalq mətbuat azadlığı təşkilatı Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də jurnalistə qarşı edilən ölüm təhdidlərindən narahatlığını ifadə edib. Jurnalistika sahəsində fəaliyyət göstərən şəxslərə qarşı belə təhdidlər beynəlxalq təşkilatların diqqət mərkəzindədir.
“Toplum TV işi” haqqında
“Toplum TV işi” çərçivəsində ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Təqsirləndirilən şəxslər arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, həmtəsisçi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, eləcə də jurnalistlər Fərid İsmayılov və Şahnaz Bəylərqızı da var.
İlkin olaraq qaçaqmalçılıq maddəsi ilə irəli sürülən ittihamlar sonradan daha da ağırlaşdırılıb. Təqsirləndirilən şəxslər bütün ittihamları rədd edərək, həbslərinin siyasi sifarişlə həyata keçirildiyini bəyan edirlər.
Leave a Reply to Elvin Quliyev Cancel reply