Fasda etirazlar dördüncü gününə qədəm qoyarkən, Fas polisinin tətbiq etdiyi zorakılıq şahidləri dəhşətə salıb. Polis etirazçı gəncləri xidməti avtomobillərlə əzərək yaralayıb. Ölkədəki korrupsiya və funksionallığını itirmiş təhsil-səhiyyə sistemini pisləyən Z nəsli, polisin sərt təzyiqi ilə üzləşir.
Ucda şəhərində baş verdiyi bildirilən hadisədə onlarla etirazçının yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilib.
“GenZ 212” adlı anonim gənclik etirazları qrupu tərəfindən sosial media üzərindən təşkil edilən aksiyalar Tiznit, İnezgane, Ait Amira, Ucda və paytaxt Rabata yaxın Temara şəhərlərində geniş iştirakla davam edib.
Polis Müdaxiləsi Vəziyyəti Gərginləşdirib
Polisin hədsiz müdaxiləsi etirazların daha da şiddətlənməsinə səbəb olub. Yerli mediada yayılan görüntülərdə etirazçıların daş atdığı, bəzi bankları yandırdığı və polis avtomobillərini aşdığı müşahidə edilib.
İnezgane şəhərində nümayişçilər su şırnaqlı maşınlara qarşı improvizə edilmiş qalxanlarla irəliləməyə cəhd ediblər. Bəzi avtomobillər yandırılıb, polis və etirazçılar arasında şiddətli qarşıdurmalar baş verib.
Rabatda şüarlar səsləndirməyə hazırlaşan onlarla gənc saxlanılıb. Polis, etirazçılara qarşı sərt müdaxilələrin davam edəcəyini bəyan edib.
Yüzə Yaxın Etirazçı Həbs Edilib
Fasda etirazlar zamanı saxlanılan gənclərlə bağlı Fas İnsan Haqları Dərnəyi 37 gəncin girov müqabilində sərbəst buraxıldığını və onlarla bağlı istintaqın davam etdiyini açıqlayıb. Yüzə yaxın etirazçının hələ də nəzarət altında olduğu ehtimal olunur.
Dərnəyin rəhbəri Hakim Saikuk bu həbsləri konstitusiyaya zidd adlandırıb. Kazablankada isə bazar günü avtomobil yolunu bağlayan 24 şəxs məhkəmə prosesinə cəlb edilib.
Hökumət koalisiyası yaydığı bəyanatda gənclərlə qurumlar və ictimai məkanlarda dialoq aparmağa hazır olduğunu bildirib. Bəyanatda təhlükəsizlik qüvvələrinin reaksiyası “hüquqi prosedurlara uyğun balanslı bir mövqe” kimi təsvir edilib. Daxili İşlər Nazirliyi isə hadisələrlə bağlı şərh verməkdən imtina edib.
Leave a Reply to Arif Cəfərov Cancel reply