Netanyahu Qəzza Üçün “Növbəti Gün Planı”nı Elan Etdi
İsrail Baş naziri Benyamin Netanyahu, həm İsrail daxilində, həm də beynəlxalq arenada Təhlükəsizlik Kabinetinin Qəzza şəhərində genişmiqyaslı əməliyyatın təsdiqlənməsi qərarına qarşı yönələn tənqidlərin fonunda, bazar günü keçirdiyi iki mətbuat konfransının ilkində Qəzza üçün “növbəti gün planı”nı açıqlayıb.
Netanyahu bildirib ki, Qəzza silahsızlaşdırılacaq və İsrail sərhədində təhlükəsizlik zonası yaradılacaq. Baş nazir ordunun HƏMAS-a yaxınlaşarkən Qəzzada qalan girovları xilas etmək üçün “yaradıcı yollar”ın işlənib hazırlanması istiqamətində danışıqlar apardığını qeyd edib.
İsrailin Başqa Seçimi Yoxdur
Netanyahu yeni İsrail ordusu əməliyyatını belə əsaslandırıb: “İsrailin bu işi tamamlamaqdan və HƏMAS-ı məğlub etməkdən başqa seçimi yoxdur.”
Beynəlxalq Medianı “Yəhudi Dövlətini” Pisləməkdə İttiham Etdi
Baş nazir beynəlxalq mediada yayılan xəbərləri “əsassız iddialar” adlandırıb. O, beynəlxalq medianı Orta Əsrlərdə və Holokost dövründə olduğu kimi, yəhudi xalqını və Yəhudi dövlətini nüfuzdan salmaqda ittiham edib. Qəzzadakı aclıqdan əziyyət çəkdiyi iddia edilən uşaqlara aid bir sıra fotolar göstərən Netanyahu bu uşaqların əvvəlcədən mövcud olan sağlamlıq problemləri səbəbindən qidaları həzm etməkdə çətinlik çəkdiyini irəli sürüb. Netanyahu çıxışını “qlobal medianın və dünyanın böyük bir hissəsinin HƏMAS-ın İsrailin fələstinlilərə qarşı soyqırım törətdiyi barədə yalanlarına inandığını” söyləyərək yekunlaşdırıb.
İsrailin Qəzzanı Tam İşğal Planı
İsrail Təhlükəsizlik Kabineti 8 avqust tarixində bölgənin şimalındakı Qəzza şəhərinin işğalına dair planı təsdiqləmişdi. İsrail Baş naziri Benyamin Netanyahu isə kabinet iclasından əvvəl “Fox News” telekanalına verdiyi müsahibədə Qəzza zolağının tamamını işğal etməyi hədəflədiklərini bildirmişdi. Lakin kabinet iclasından əvvəl mediada işğal planına dair yayılan xəbərlərdə hücumların mərhələli şəkildə həyata keçiriləcəyi qeyd olunmuşdu. İşğalın əvvəlcə Qəzza şəhərindən başlayacağı, hücumların daha sonra isə mərkəzi hissədə yerləşən Fələstinli qaçqın düşərgələrinə doğru irəliləyəcəyi ifadə edilmişdi.

Leave a Reply to Rəşad Şirinov Cancel reply