İsrailin etirafı: Humanitar yardım məhv edildi
İsrail dövlət televiziyası KAN-ın yaydığı məlumata görə, on minlərlə yardım paketi daşıyan yük maşınları məhv edilib. Bu yük maşınlarındakı yardımların Qəzzaya daxil olmasına icazə verilmədiyi üçün İsrail əsgərləri tərəfindən həftələrlə günəş altında saxlanılaraq korlandığı bildirilir.
Yardımlar basdırıldı və yandırıldı
KAN televiziyasına danışan İsrailli zabit yardım yük maşınları ilə bağlı dəhşətli bir etiraf edib. O, “Hər şeyi torpağa basdırdıq. Bəzi yardım materiallarını isə yandırdıq” deyərək baş verənləri təsdiqləyib. Zabit əlavə edib: “Hələ də günəş altında gözləyən minlərlə humanitar yardım paketi var. Əgər onlar Qəzzaya buraxılmazsa, onları da məhv edəcəyik”.
Qəzzaya yardım mexanizmi işləmir
İsrail ordusunun rəsmiləri Qəzzaya gündə 100-150 yük maşını yardımın keçməsinə icazə verildiyini iddia etsələr də, bu maşınların əksəriyyətinin boşaldıla bilmədiyini bildiriblər. Başqa bir zabit isə “Yardım mexanizmi işləmir. Yük maşınları dayanıb, yollar bərbad və koordinasiya yoxdur. Hazırda dünyanın ən böyük taxıl anbarına sahibik, lakin buradakı məhsullar daşınmazsa, onları da basdıracağıq” deyib.
Aclıq böhranı dərinləşir
Bu hadisələr Qəzzada hər gün dərinləşən aclıq və qıtlıq böhranı fonunda yaşanması diqqət çəkir. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi dünən açıqlayıb ki, 7 oktyabr 2023-cü il tarixindən bəri aclıq və qida çatışmazlığı səbəbindən həyatını itirən fələstinlilərin sayı 83-ü uşaq olmaqla 122-yə çatıb. Qəzzada qıtlıq son həftələrdə daha da ağırlaşıb. Sosial mediada yayılan görüntülərdə aclıqdan sümüyü görünən, huşunu itirən və yeriməyə halı qalmayan insanlar nəzərə çarpır. Dünya Qida Proqramı, Qəzzada yaşayan hər üç nəfərdən birinin günlərdir heç nə yemədiyini və qıtlığın yayılma riskinin yüksək olduğunu bildirib.
Müqavilələr yerinə yetirilmir
İsrail 2 mart tarixindən bu yana HƏMAS ilə imzalanmış atəşkəs və əsir mübadiləsi razılaşmalarını tətbiq etməkdən yayınır. Eyni tarixdən etibarən Qəzzaya daxil olmağa hazır gözləyən yüzlərlə humanitar yardım yük maşını sərhəddə yığılıb. İsrailin sərhəd keçidlərini bağlı saxlaması minlərlə mülki şəxsin həyatını itirməsinə səbəb olur.

Leave a Reply to Əziz Şabanov Cancel reply