Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında davam edən açlıq dalğası səbəbindən ən azı 10 nəfər daha həlak olub. Sağlamlıq rəsmiləri bildirirlər ki, bölgədə yetərsiz qidalanmadan ölənlərin sayı getdikcə artır.
Son aclıq ölümləri ilə İsrailin 2023-cü ilin oktyabrında başlayan müharibəsindən bəri yetərsiz qidalanmadan həyatını itirənlərin ümumi sayı 111-ə çatıb. Onların əksəriyyəti son həftələrdə qeydə alınıb.
Qəzza Səhiyyə Nazirliyi çərşənbə günü verdiyi məlumatda bildirib ki, son 24 saat ərzində İsrail hücumları nəticəsində ən azı 100 fələstinli, o cümlədən 34 yardım axtaran şəxs həlak olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il yetərsiz qidalanmadan ölənlər arasında beş yaşdan kiçik 21 uşağın olduğunu açıqlayıb. Təşkilatın mart-may ayları arasında, təxminən 80 gün ərzində heç bir ərzaq məhsulu çatdıra bilmədiyi, qida tədarükünün bərpasına baxmayaraq, bunun hələ də ehtiyac duyulan səviyyədən qat-qat aşağı olduğu vurğulanıb.
Mercy Corps, Norveç Qaçqınlar Şurası və Refugees International daxil olmaqla 111 təşkilat birgə bəyanat yayaraq, tonlarla ərzaq, təmiz su və tibbi ləvazimatın Qəzza zolağının kənarında toxunulmadan qaldığı, yardım qruplarının onlara çıxışının isə əngəlləndiyi halda, kütləvi açlıq dalğasının yayıldığını bildiriblər.
Əl-Cəzirə telekanalının mərkəzi Qəzzadakı Deyr əl-Bəlahdan xəbər verən müxbiri Tareq Əbu Əzzoum bildirib ki, “aclıq bombalar qədər ölümcül hala gəlib. Ailələr artıq yetərincə yox, sadəcə hər hansı bir şey istəyirlər”.
Onun sözlərinə görə, Qəzza zolağı sakinləri “həqiqi zamanda yaşanılan, yavaş və ağrılı bir ölümü, İsrail ordusunun planlaşdırdığı süni aclığı” təsvir ediblər.
İsrail mart ayında bütün malların əraziyə girişini dayandırsa da, may ayından etibarən yardımların cüzi miqdarda daxil olmasına icazə verib. Bu yardımlar əsasən mübahisəli Birləşmiş Ştatlar tərəfindən dəstəklənən Qəzza Humanitar Fondu (GHF) tərəfindən Qəzza zolağında paylanılır.
Birləşmiş Millətlər Təşkilatı və Qəzza zolağına ərzaq çatdırmağa çalışan yardım qrupları bildirirlər ki, daxil olan və çıxan hər şeyə nəzarət edən İsrail yardımların çatdırılmasını çətinləşdirir. Eyni zamanda, may ayından etibarən İsrail əsgərləri yardım paylama məntəqələri yaxınlığında yüzlərlə fələstinlini güllələyərək öldürüblər.
BMT-nin Ümumdünya Ərzaq Proqramının fövqəladə hallar üzrə direktoru Ross Smit bildirib ki, “Qəzza zolağında fəaliyyət göstərmək üçün minimum tələblərimiz var”. O əlavə edib: “Ən vacib vurğulamaq istədiyim məqamlardan biri odur ki, paylama məntəqələrimizin və karvanlarımızın yaxınlığında silahlı şəxslər olmamalıdır.”
Yardım axtaranlara qarşı təkrarlanan hücumlar Qəzza zolağında qalan azsaylı xəstəxanaları “kütləvi travma şöbələrinə” çevirib, – ÜST-ün işğal olunmuş Fələstin ərazisi üzrə nümayəndəsi Rik Peeperkorn deyib.
Peeperkorn əlavə edib ki, ərzaq çatışmazlığı o qədər kritik həddə çatıb ki, insanlar, o cümlədən jurnalistlər, müəllimlər və hətta öz əməkdaşları belə işlərini yerinə yetirə bilmirlər.
Qəzza şəhərindəki Əl-Şifa Xəstəxanasından olan amerikalı həkim Nur Şərəf də xəbərdarlıq edib ki, Qəzza zolağında insanlar “günlərdir heç nə yeməyib və açlıqdan ölürlər”.
O, Əl-Cəzirəyə bildirib ki, tibb işçiləri bəzən özləri də yemək tapmasalar da, işlərini davam etdirirlər və tez-tez uzun saatlar çalışırlar.
İki Jurnalistin Ölümü
İsrail zərbələri anklavın müxtəlif hissələrini, o cümlədən Qəzza şəhərini bombalamağa davam edib. İsrail ordusu burada “əməliyyatları gücləndirdiyini” bildirib.
Bu ərazi son günlərdə güclü bombardman altında qalıb.
Qəzzanın Hökumət Media Ofisi həmçinin iki fələstinli jurnalist – Tamer əl-Za’anin və Vəla əl-Cabərinin İsrail tərəfindən öldürüldüyünü elan edib. Bu, 2023-cü ilin oktyabr ayından bəri anklavda həlak olan media işçilərinin sayını 231-ə çatdırıb.
Bəyanatda əl-Za’aninin müxtəlif media təşkilatlarında fotojurnalist, əl-Cabərinin isə bir neçə media quruluşunda qəzet redaktoru kimi fəaliyyət göstərdiyi bildirilib.
Atəşkəs Danışıqları
Bu arada, Ağ Ev bildirib ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff Qəzza zolağında atəşkəs və əsir mübadiləsi sazişi ilə bağlı “çox həssas danışıqlar” üçün Avropaya yola düşüb.
Ağ Ev sözçüsü Karolin Leavitt jurnalistlərə açıqlamasında deyib ki, səfər zamanı Vitkoff “Qəzzadakı münaqişəyə son qoymaq və girovları azad etmək üçün davam edən atəşkəs təklifini müzakirə etmək məqsədilə Yaxın Şərqin əsas liderləri ilə görüşəcək”.
İsrail və HƏMAS arasında 60 günlük atəşkəs təklifi üzrə danışıqlara Qətər və Misir vasitəçilik edir, Vaşinqton isə onları dəstəkləyir. Bu təklifə Qəzza zolağında hələ də girov saxlanılan 50 əsirdən daha çoxunun azad edilməsi daxildir.
Qəzza zolağında atəşkəs danışıqlarına və vasitəçilik səylərinə yaxın olan fələstinli rəsmi HƏMAS-ın atəşkəs təklifi ilə bağlı cavabını vasitəçilərə təqdim etdiyini bildirib, lakin əlavə təfərrüat verməyib.
Mart ayında İsrailin atəşkəsi pozmasından sonra aparılan ardıcıl danışıqlar heç bir nəticə verməyib.
İsrail Prezidenti İshaq Hersoq Qəzza zolağına səfəri zamanı əsgərlərə bildirib ki, orada saxlanılan girovların qaytarılması ilə bağlı “intensiv danışıqlar” aparılır və o, tezliklə “xoş xəbərlər eşidəcəklərinə” ümid edir.
Əvvəllər yüksək rütbəli fələstinli rəsmi bildirib ki, HƏMAS çərşənbə günü Dohada vasitəçilərə son təkliflərə cavab verə bilər, lakin bunun üçün iki əsas mübahisəli məqamda dəyişikliklər edilməlidir: İsrail hərbi qüvvələrinin çıxarılması detalları və atəşkəs zamanı yardımların necə paylanacağı.

Leave a Reply to Nəsrin Həsənli Cancel reply