ABŞ rəsmiləri cümə günü Alyaskada baş tutacaq sammitin detallarını sürətlə dəqiqləşdirməyə çalışırlar. Son məlumatlara görə, ABŞ-ın mülki aviasiya orqanları Alyaskanın Ankoric şəhərində iki liderin 15 avqust tarixində bir araya gəlməsi planlaşdırılan zaman əyalətin hava sahəsini müvəqqəti olaraq bağlayacaqlarını elan ediblər.
ABŞ-ın Alyaska ştatında yayımlanan “VİP şəxsin hərəkəti haqqında bildiriş” qeydinə əsasən, Ankoric şəhəri üzərində 48,3 kilometr (30 mil) radiusda və təxminən 5,5 kilometrə (18 min fut) qədər hava sahəsi müvəqqəti bağlanacaq. Məhdudiyyətin cümə günü başlayıb bir gün davam edəcəyi bildirilir.
CNN International-ın xəbərinə görə, bu tarixi görüşə üç gün qalmış həm logistik, həm də geosiyasi məsələlərdə hələ də qeyri-müəyyənliklər qalmaqdadır.
GÖRÜŞÜN DƏQİQ YERİ HARADIR?
Çərşənbə axşamı səhər saatları etibarı ilə sammitin keçiriləcəyi məkan elan edilməyib, lakin onun Ankoricdə olacağı barədə ümumi məlumat mövcuddur. İdarəetmə rəsmiləri Vaşinqton və Moskva arasında mərkəzi mövqedə yerləşməsi səbəbindən seçilən Alyaskaya yollanaraq, ABŞ və Rusiya liderlərinin dəqiq hansı binada, hansı nöqtədə görüşəcəyini dəqiqləşdirməyə və hazırlıqları görməyə çalışırlar.
Ankoric, Alyaskanın ən böyük şəhəri və iqtisadi mərkəzi olaraq 20-ci əsrin bəzi kritik geosiyasi və iqtisadi hadisələrində əhəmiyyətli rol oynamışdır. İkinci Dünya Müharibəsində Ankoric, Alyaskanın Yaponiyaya ən yaxın Amerika torpağı olması səbəbindən hərbi cəhətdən strateji baza kimi istifadə edilmişdir. 1940-cı illərdə Elmendorf Hava Qüvvələri Bazasının və Fort Riçardsonun tikintisi baş tutmuşdur. Soyuq Müharibə dövründə Ankoric, ABŞ ilə Sovet İttifaqı arasındakı Şimal Qütbü marşrutunda mühüm bir müdafiə və radar nəzarət məntəqəsi idi.
NATO-nun baş katibi Mark Rutte Donald Trampla sıx əməkdaşlıq etdiyini bildirərək bazar günü ABC kanalında bunları deyib: “Gələn cümə əhəmiyyətli olacaq, çünki bu, Vladimir Putini sınaqdan keçirməklə bağlı olacaq, biz bu dəhşətli müharibəyə son qoymaq barədə onun nə qədər ciddi olduğunu görəcəyik.”
DONALD TRAMP ZELENSKİNİ DƏVƏT EDƏCƏKMİ?
Qeyri-müəyyənliklərdən biri Ukrayna prezidenti Volodimir Zelenskinin dəvət edilib-edilməyəcəyidir. Donald Tramp keçən həftə sammiti elan edərkən Zelenskinin adını çəkməmişdi. Ağ Ev Zelenskinin Alyaskaya daxil edilməsini istisna etməsə də, rəsmilər prioritetlərinin Donald Tramp ilə Vladimir Putin arasında təkbətək görüşün təşkili olduğunu bildiriblər.
ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker CNN-in “State of the Union” proqramında Dana Başa bunları deyib: “Əgər Donald Tramp Zelenskini dəvət etməyin ən yaxşı ssenari olduğuna inanarsa, bunu edəcək. Görüş cümə günü baş tutur. Bu qərarı vermək üçün vaxt var.”
Ukraynalı rəsmilər Zelenskinin Donald Tramp tərəfindən dəvət ediləcəyi təqdirdə Alyaskaya getməyə hazır olduğunu aydın şəkildə ifadə ediblər. Lakin onlar Donald Tramp ilə Vladimir Putin görüşünün necə inkişaf edəcəyindən bir çox şeyin asılı olacağını da qəbul ediblər.
VLADİMİR PUTİN WİTKOFFA NƏ TƏKLİF ETDİ?
Digər bir sual isə, ABŞ mətbuatına görə, “Vladimir Putinin keçən həftə Donald Trampın elçisi Stiv Vitkoffla görüşündə ABŞ-ı liderlər arasındakı sammitin vaxtının gəldiyinə inandırmaq üçün nə təklif etdiyidir”. Yenə CNN-in analiz xəbərinə görə “Onun təklifinin dəqiq detalları qeyri-müəyyən olaraq qalsa da, planının mərkəzində Ukraynalıların böyük torpaq güzəştləri etməsi olduğu aydın idi”.
Avropalı liderlər hər iki mövzu üzrə ABŞ-dan daha ətraflı məlumat gözləyirlər. Onların anlayışına görə, Vladimir Putinin təqdim etdiyi plan Moskvaya qismən işğal etdiyi Ukraynanın şərqindəki Donbas bölgəsinin hamısını nəzarət etmək hüququ verəcəkdi. Vladimir Putinin hədəfində olan digər iki bölgə – Xerson və Zaporojyanın taleyi isə qeyri-müəyyən idi. ABŞ-ın bundan sonra verəcəyi təhlükəsizlik təminatlarının vəziyyəti də müəmma olaraq qalır.
Donald Trampın müşavirləri, prezidentin sülh səylərində Avropa ölkələrinin dəstəyinin vacib olduğuna inanır və həftə sonu ərzində Donald Trampın hədəflərini izah etməklə məşğul olublar. Eyni zamanda Vladimir Putinin görüşə yanaşması ilə bağlı narahatlıqları dinləyiblər.
Avropalılar həmçinin torpaq güzəştlərində qarşılıqlılıq tələb ediblər. Yəni əgər Ukrayna şərqdəki Donbas bölgəsində torpaq verərsə, Rusiya da Ukraynanın digər bölgələrindəki işğalını geri çəkməlidir.
QOLFDA ZELENSKİ SÖHBƏTİ
Şənbə günü Donald Trampla qolf oynayan senator Lindsi Qrem, özünün də sülh danışıqlarına Ukraynanın daxil edilməsini istədiyini bildirib.
Cənubi Karolina Respublikaçı senatoru NBC kanalına belə deyib: “Ümid edirəm ki, Zelenski bu prosesin bir hissəsi ola bilər. Buna Ağ Ev qərar verəcək. Amma Prezidentin güclü mövqedən Vladimir Putinlə görüşəcəyinə, Avropa və Ukraynanın ehtiyaclarını nəzərə alaraq bu müharibəni ləyaqətli şəkildə bitirmək üçün çalışacağına bütün qəlbimlə inanıram.”

Leave a Reply to Zülfiyyə Şirinova Cancel reply