Türkiyə və Avropa Müdafiə Sənayesi Arasında Potensial Saziş
ABŞ-ın aparıcı qəzetlərindən “Wall Street Journal”ın məlumatına görə, Türkiyə ilə imzalanacaq yeni Eurofighter qırıcı təyyarə sazişi, Avropa müdafiə sənayesi üçün önəmli dəstək olacaq və ABŞ-ın F-35 proqramının kölgəsində qalan bu təyyarə növünə təkan verəcək.
Təxmini Dəyər və Təyyarə Sayı
“Wall Street Journal”ın mənbələrinə istinadən verdiyi məlumata əsasən, analitiklərin təxminən 5.6 milyard dollar dəyərində ola biləcəyini proqnozlaşdırdığı bu müqavilə, maksimum 40 təyyarə üçün nəzərdə tutulub. Lakin dəqiq say və təyyarələrin konfiqurasiyası hələ də müzakirə mövzusudur. Eurofighter konsorsiumu, Avropanın ən böyük üç müdafiə şirkəti – BAE Systems, Airbus və Leonardo tərəfindən yaradılıb.
İstanbulda Elan İddiası
“Wall Street Journal” qeyd edib ki, Türkiyə və Birləşmiş Krallıq hökumətləri arasında danışıqlar xeyli irəliləyib. Məsələ ilə tanış olan şəxslər, razılaşmanın İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2025) elan oluna biləcəyini bildiriblər. Qeyd edək ki, IDEF 2025 sərgisi iyulun 22-də başlayacaq və 27 iyula qədər davam edəcək.
Danışıqların Tərəfləri və İstehsal Potensialı
Mənbələr Birləşmiş Krallıq Müdafiə Nazirliyinin bu ilin sonuna qədər Türkiyə ilə yoxlama və test planı üzrə razılıq əldə etməyi hədəflədiyini də bildiriblər. Birləşmiş Krallıq Müdafiə Nazirliyinin sözçüsü, ölkəsinin digər ölkələrə Typhoon ixrac kampaniyalarını idarə etdiyini söyləyib. Türkiyə Müdafiə Nazirliyi və Eurofighter sözçüsü şərh tələbinə cavab verməyiblər. Türkiyə ilə mümkün müqavilə, konsorsiumunun Qətər və Avstriya kimi digər ölkələrlə də öz razılaşmalarını sürətləndirməsinə səbəb ola bilər.
Prezident Ərdoğanın Açıqlaması
Həmin mənbələrin verdiyi məlumata görə, “Əgər Türkiyə sifariş verərsə, Eurofighter illik 30 Typhoon istehsalını artırmaq məcburiyyətində qalacaq və digər potensial alıcılar, təyyarəni sonuncu alan olma ehtimalından narahatlıq hiss edə bilərlər. Hazırda Eurofighter ildə 14 təyyarə istehsal edə bilir və bunu 20-yə çatdırmağa çalışır”.
Prezident Rəcəb Tayyib Ərdoğan, Kipr səfərindən qayıdarkən mətbuata verdiyi açıqlamada “Bizim hazırda qırıcı təyyarə alışı ilə bağlı İngiltərə və Almaniya ilə atdığımız addımlar var. Bu mövzuda ingilislər və almanlar müsbət yanaşırlar. İnşallah, reaktiv təyyarələrimizi də tezliklə alacağımıza inanıram. İngiltərə Baş naziri cənab Keir Starmer və Almaniya Kansleri Friedrich Merz ilə keçirdiyim görüşlərdə onların məsələyə müsbət yanaşdıqlarını gördüm və inşallah, bu addımları da atacağıq” deyə vurğulayıb.
Rəqabətli Qırıcı Təyyarə Bazarı
Qırıcı təyyarə bazarı, xərclənən vəsaitin həcmi və yüksək texnologiyalı bu məhsulları istehsal edib sata bilməyin gətirdiyi prestij səbəbindən beynəlxalq müdafiə sənayesində ən rəqabətli bazarlardan biridir. 2000-ci illərdəki bir sıra sifarişlərdən sonra, Eurofighter son zamanlar Lockheed Martin-in gizli texnologiyaya malik F-35 təyyarəsi tərəfindən kölgədə qalıb. Bu, onun istehsalçılarının həm daxili sifarişlər qazanmağa, həm də F-35 ala bilməyən ölkələrdən sifarişlər əldə etməyə çalışmasına səbəb olub.

Leave a Reply to Arif Ziyadli Cancel reply