Cənubi Suriyada Gərginlik Artır: Süveydada Şiddətli Çatışmalar
Suriyanın cənubunda yerləşən Süveyda vilayətində hərbi qarşıdurmalar saatbasaat daha da şiddətlənir. Ərəb aşirətlərinə bağlı milislər Süveydaya doğru axın edərkən, Dürzi milislərin əsas təşkilatı olan Süveyda Hərbi Şurasına (SHŞ) bağlı qüvvələr əks-hücuma keçib.
Vəziyyət o dərəcəyə çatıb ki, səfərbərlik elan edən ərəb qəbilələrinə bağlı milislər yük maşınları ilə bölgəyə kütləvi şəkildə daxil olurlar. Avtobuslar və şəxsi avtomobillər konvoylar halında şimaldan cənubdakı vilayətə doğru hərəkət edir.
Çatışmaların davam etdiyi bir vaxtda, ABŞ və Avropa ölkələri tərəfindən xəbərdarlıq alan İsrail hücumlarına ara verərək, Suriya Təhlükəsizlik Qüvvələrinin “qarşıdurmaları dayandırmaq üçün 48 saat ərzində bölgəyə daxil olmasına icazə verdiyini” bəyan edib.
İnsanlıqdan Kənar Hərbi Cinayətlər və Ağır İtkilər
İnsan Hüquqları Təşkilatının məlumatına görə, aşirət milisləri ilə Süveyda Hərbi Şurası arasındakı müharibədə 321 nəfər həyatını itirib. Hər iki tərəf də ağır itkilər verib.
Həm ərəb qəbilələrinin, həm də Dürzi qüvvələrinin insanlıqdan kənar vəhşiliklər törətdiyini əks etdirən görüntülər sosial mediada yayılıb.
Görüntülərin bir qismi köhnə və ya yanlış çıxsa da, dəhşətli müharibənin gerçəkliklərini ortaya qoyan fövqəladə məqamlar da var.
Ərəb milisləri girov götürdükləri Dürzilərin bir hissəsini güllələyərək öldürüblər. Bir çox milis Dürzi sivillərin bığlarını kəsib. Dürzi inancında bığ müqəddəs hesab olunur.
Dürzilər isə Süveyddakı ərəb bədəvilərini silah gücünə öz evlərindən qovublar. Ərəb milislərinin cəsədləri şəhərin mərkəzində nümayiş etdirilib. Bədəvi sivillər Dürziləri təcavüz və etnik təmizləmədə günahlandırıblar.
Müharibə insanlıqdan kənar bir hal almaqdadır. Suriya hökumətinə bağlı Təhlükəsizlik Qüvvələrinin bölgəyə göndərildiyi bildirilsə də, Suriya hökuməti əvvəlcə bu iddianı təsdiqləmiş, sonra isə təkzib etmişdir.
İsrailin Bölgədəki Mövqeyi və Yardım Paketi
Hər kəsin ağlını məşğul edən sual İsrailin reaksiyası olub. ABŞ və Avropa Birliyindən Suriyaya müdaxilə etməməsi barədə dəqiq xəbərdarlıqlar alan İsrail, hələlik səssizliyini qoruyur.
Lakin yerli mənbələr, İsrailə aid pilotsuz uçuş aparatlarının və təyyarələrinin Suriya üzərində uçduğunu vurğulayır.
İsrail eyni zamanda sərhədə əsgər yeritdiyi kimi, quru əməliyyatlarına da hazır olduğunu vurğulayıb.
İsrail Xarici İşlər Nazirliyi isə “humanitar fəlakət bölgəsi” olaraq dəyərləndirdiyi əraziyə 24 milyon türk lirəsi dəyərində yardım paketi göndərdiyini açıqlayıb.
Leave a Reply to Fikrət Qədirli Cancel reply