Zelenski İstanbulda Atəşkəs Üzrə İşləməyi Hədəfləyir
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya ilə İstanbulda keçiriləcək danışıqlarda müharibənin başa çatdırılması üçün atəşkəs üzərində işləmək istədiyini açıqlayıb. Zelenski axşam saatlarında yayımladığı videogörüntülü müraciətində Rusiya-Ukrayna müharibəsi və ölkəsindəki cari vəziyyət barədə ətraflı məlumat verib.
Türkiyənin ev sahibliyi ilə İstanbulda baş tutacaq üçüncü tur danışıqlar haqqında danışan Zelenski, “Məqsədimiz, atəşkəs üzərində işləməkdir,” deyə vurğulayıb. O, bütün ukraynalı əsirlərin evlərinə qaytarılması üçün işlərin davam etdiyini bildirərək əlavə edib: “Xalqımızın Rusiya əsarətindən azad edilməsi davam etdirilməlidir. Yeni bir mübadilə üçün lazımi prosedurlar artıq başlayıb, sabah xalqımızı gözləyirik.”
Volodimir Zelenski müharibənin dayandırılması üçün liderlər səviyyəsində görüş keçirilməsi çağırışını təkrarlayıb. “Məqsədimiz, liderlər toplantısı təşkil etmək üçün çalışmaqdır. Sülhü daha da yaxınlaşdıracaq budur. Ukrayna heç vaxt müharibə istəmədi və Rusiya, özünün başlatdığı bu müharibəyə son qoymalıdır,” ifadələrini səsləndirib.
Cəbhədəki inkişaflara toxunan prezident, Rusiyadakı hərbi hədəflərə qarşı uzaqmənzilli zərbələri davam etdirəcəklərini qeyd edib. Ukrayna Parlamentinin qəbul etdiyi və dünən ölkənin müxtəlif şəhərlərində etirazlara səbəb olan “Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu” (NABU) ilə “İxtisaslaşmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun” (SAP) səlahiyyətlərini məhdudlaşdıran qanunla bağlı da məlumat verən Zelenski, sözügedən iki qurumun fəaliyyətinin davam edəcəyini vurğulayıb.
Zelenski bu qurumların “Rusiya təsirindən təmizlənməsi” məqsədi daşıdığına diqqət çəkib. “Korrupsiyaya qarşı mübarizə infrastrukturu yalnız Rusiya təsiri olmadan fəaliyyət göstərə bilər. Hər şey bundan təmizlənməlidir. Daha çox ədalət təmin edilməlidir. Əlbəttə ki, NABU və SAP da fəaliyyətini davam etdirəcək,” deyə bildirib.

Leave a Reply to Emil Məlikov Cancel reply