Prezident Zelenskiyin Telefon Danışıqları
Ukrayna Prezidenti Zelenskiy yayımladığı videomüraciətdə gün ərzində müxtəlif ölkə liderləri ilə apardığı telefon danışıqlarını dəyərləndirib. O bildirib ki, müzakirələrdə Rusiya-Ukrayna müharibəsinə son qoyulması üçün zəruri həll yolları nəzərdən keçirilib və Rusiyanın müharibəni dayandırması vacibdir.
Putinin Taktikaları və Təcili Atəşkəs Tələbi
Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı hücumları dayandırmaq məsələsindən “istifadə etməyə çalışdığını” iddia edən dövlət başçısı vurğulayıb: “Onun əlindəki yeganə kozır öldürmək qabiliyyəti və ölümlərin dayandırılmasını mümkün qədər baha satmağa çalışmasıdır. Əsas odur ki, bu, heç kimi aldatmasın. Ehtiyacımız olan, qətllərin dayandırılması deyil, əsl və davamlı sülhdür. Aylarla deyil, dərhal atəşkəs olmalıdır”.
Müharibəni bitirmək və atəşkəsə nail olmaq üçün fevral ayından bəri ABŞ-ın bütün təkliflərini qəbul etdiklərini, Rusiya ilə danışıqlar apardıqlarını bildirən Zelenskiy, müharibəyə son qoymaq üçün liderlər səviyyəsində nəticəyönümlü görüşün vacibliyini qeyd edib.
Putinin Rusiyaya qarşı sanksiyaların tətbiqinə mane olmağa çalışdığını dilə gətirən Ukrayna lideri bu sözləri əlavə edib: “Hamı Putinin taktikasını aydın şəkildə görür. O, sanksiyalardan qorxur və onlardan qurtulmaq üçün əlindən gələni edir. Müharibəyə, qətllərə fasilə verməyi torpaqlarımızın işğalının qanuniləşdirilməsi ilə dəyişmək istəyir, ikinci dəfə torpaq qənimətləri əldə etməyə çalışır”.
Rusiyanın Ukraynanı Parçalama Cəhdləri
Rusiya tərəfinin daha əvvəl də Ukraynanı bölmək istəyinə toxunan dövlət başçısı qeyd edib: “Rusiyanın Krımı ilhaq etməsinə icazə verildi və bu, Donbas və Luqansk bölgələrinin işğalına səbəb oldu. Sərhədlərimizdə hərbi qüvvələr toplayanda heç bir preventiv cəza almadı. Bu isə tammiqyaslı müharibəyə və Ukraynanın daha geniş hissələrinin işğalına gətirib çıxardı. Putin indi Xerson vilayətinin cənubunu, Zaporojyeni, Luqansk vilayətinin tamamilə, Donetsk vilayətini və Krımı ələ keçirdiyi üçün bağışlanmaq istəyir. Biz Rusiyanın Ukraynanı parçalamaq üçün bu ikinci cəhdinə icazə verməyəcəyik”.
Böyük Britaniyada Təhlükəsizlik İclası
Ukrayna Prezidenti Zelenskiy əlavə edib ki, bu gün Böyük Britaniya müharibə ilə bağlı ABŞ, Ukrayna və Avropadan olan milli təhlükəsizlik müşavirlərinin iştirak etdiyi təhlükəsizlik iclasına ev sahibliyi edib.
Toplantıda iştirak edən Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakdan iclas barədə məlumat aldığını deyən dövlət başçısı, “Konstruktiv bir görüş oldu” deyə dəyərləndirib.
Zelenskiy sülh üçün keçirilən bütün danışıqlarda Ukraynanın iştirak etməsinin vacibliyini vurğulayaraq, iclasda iştirak edən Ukraynalı rəsmilərin bu məsələni dilə gətirdiklərini əlavə edib.
Leave a Reply to Mətanət Quliyeva Cancel reply