Rəsmi xəbərlər 17.12.2025

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında — Layihə (tam mətn)

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında — Layihə (tam mətn)

Amnistiya layihəsi - 2025 Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq genişmiqyaslı amnistiya təşəbbüsü irəli sürülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub.

Layihəyə əsasən, amnistiya aktının 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. İlkin hesablamalara görə, 5 mindən artıq məhkum azadlıqdan məhrumetmə cəzasından tam azad ediləcək. Eyni zamanda, azadlıqdan məhrum edilmiş 3 mindən çox şəxsin cəzasının müddətinin azaldılması nəzərdə tutulur.

Bundan başqa, 7 mindən artıq məhkum azadlığın məhdudlaşdırılması cəzasından, təxminən 4 minə yaxın şəxs isə alternativ cəzalardan — islah işləri, ictimai işlər, cərimə və şərti cəzadan azad ediləcək. Amnistiya aktının qəbul ediləcəyi təqdirdə, bu qərar humanizm, sosial ədalət və hüquqi dövlət prinsiplərinin təzahürü kimi qiymətləndirilir.

Aşağıda “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi tam mətni ilə təqdim olunur:

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI Layihə
Azərbaycan Respublikasının Milli Məclisi,
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövlətinin qurulub möhkəmləndiyini, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının müasir dövlətçiliyimizin hüquqi təməlini yaratdığını dərin ehtiramla xatırlayaraq,
Azərbaycan Respublikası Konstitusiyasının ümumbəşəri dəyərlərə əsaslanaraq müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, digər ölkələrlə dostluq, sülh və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ülvi niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası olduğunu xüsusi qeyd edərək,
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin, Konstitusiyamızın ali qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu böyük qürur hissi ilə vurğulayaraq,
suverenliyin bərpasının milli həmrəyliyimizi, dövlətçilik ideologiyamızı daha da möhkəmləndirdiyini, xalq–dövlət birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdiyini və gələcək nəsillər üçün əbədi örnək olduğunu fəxrlə bəyan edərək,
humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək,
suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək və Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə aşağıdakı amnistiyanın elan edilməsini qərara alır:
I. Amnistiya tətbiq edilən şəxslərin dairəsi
1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla):
1.1. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
1.2. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);
1.3. bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları;
1.4. Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
1.5. 1948–1953-cü və 1987–1991-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər;
1.6. 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər;
1.7. 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları;
1.8. Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
1.9. İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);
1.10. keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;
1.11. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş şəxslər və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);
1.12. qadınlar;
1.13. cinayət törədərkən 18 yaşına çatmamış şəxslər;
1.14. bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər;
1.15. bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;
1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər.
2. Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumlar cəzadan azad edilsinlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla):
2.1. yalnız böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;
2.2. bu Qərarın 2.1-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər;
2.3. bu Qərarın 2.2-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər;
2.4. bu Qərarın 2.2-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər;
2.5. intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər;
2.6. azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər;
2.7. hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxslər;
2.8. islah işləri cəzasına məhkum edilmiş şəxslər;
2.9. ictimai işlər cəzasına məhkum edilmiş şəxslər;
2.10. əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;
2.11. böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas və ya əlavə cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi üç min manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi üç min manatdan artıq olmayan şəxslər;
2.12. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər;
2.13. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.
3. Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumların cəzası 6 ay azaldılsın (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla):
3.1. az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;
3.2. ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslər.
4. Bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla).
5. Məhkəmələr:
5.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla);
5.2. bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə:
5.2.1. bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla);
5.2.2. bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla);
5.2.3. bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla);
5.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər.
II. Amnistiyanın tətbiqinə məhdudiyyətlər
6. “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir.
7. Bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir:
7.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin 101, 115.1, 122.2, 124, 125, 127.2, 133.2, 136.3, 137, 138.2–138.4, 139.2, 139-1, 140.2, 140.4, 141.4, 142.4, 142.5, 145.2, 146.2, 151, 152.1–152.3, 153.1–153.3, 159.4, 162.2, 162.3, 167-1.3–167-1.5, 167-2.2, 167-3, 168, 168-1.2, 168-1.3, 169.2, 170.1, 170.2, 171.1, 171-1.1, 171-2, 172, 176-1, 176-2, 177.1, 177.2, 180.1, 180.2, 182.1, 183.1, 185.2, 186.2, 188.3, 189-1.4, 192.2, 192.3, 192-2.1,       192-2.2, 192-2.4, 192-2.5, 193.2, 193.3, 193-1.1, 194.2, 195-1.3, 195-2.2, 199.2, 200.4, 200-1.3, 200-2.3, 200-3.1–200-3.4, 201.2, 204.1, 205, 205-1, 206.1–206.2, 206-1, 207, 208, 209.3, 213.2, 213.3, 213-1.2, 214-2, 220.2, 221.2, 221.3, 222.3,    222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 226.3, 227.1, 227.2, 227-1, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233, 233-1.1, 233-4.2, 233-4.3, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1–240.2, 243, 244, 244-1.2, 244-1.3, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 255.2, 256.3, 258.3, 259.2–259.4, 260.2, 260.3, 262.2, 263.2, 263-1.1, 263-1.2, 264, 265.2, 265-1.2, 266.2, 267.3, 268.2, 270-1.3, 271.3, 272.3, 273.4, 281.1, 281-1.1, 283, 283-1.4, 284.1, 284-1, 284-2.1, 285, 288.1–288.3, 289, 290, 291, 292.2, 292.2-1, 294.2, 294.3, 295.1, 296.2, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 302.3, 304.2, 306, 307.3, 308, 308-1, 308-2.4, 309.1, 312.1, 312-1, 313, 314.2, 314.3, 314-1.1, 314-2.2, 314-3.2, 314-3.3, 314-4, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 318, 318-1.2, 319.2, 320, 321.2, 323, 324, 328.2, 328.3, 329.1, 329.2,    330.1–330.3, 332.1-2, 332.2, 335.3, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.1-1, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 aprel tarixli 92-IIIQD nömrəli Qanunu ilə sanksiyaları ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 610-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il  6 mart tarixli 1231-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 184-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 199-cu maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 199.3-cü maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VIQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 315.1-ci və 315.2-ci maddələrində və həmin Qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 335.2-ci maddəsində, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 22 dekabr tarixli 776-VIQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 142.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər;
7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin 69-cu maddəsinin ikinci hissəsində, 93-5-ci maddəsinin birinci hissəsində,     93-6-cı maddəsinin birinci hissəsində, 93-9-cu maddəsinin ikinci hissəsində, 100-cü maddəsinin birinci hissəsində, 113-cü maddəsinin ikinci hissəsində, 114-cü maddəsinin dördüncü hissəsində, 120-ci maddəsinin ikinci hissəsində, 126-cı maddəsində, 171-ci maddəsinin birinci hissəsində, 178-ci maddəsinin ikinci hissəsində, 185-ci maddəsində, 208-ci maddəsinin ikinci və üçüncü hissələrində, 220-ci maddəsinin birinci və üçüncü hissələrində, 229-cu maddəsinin birinci hissəsində, 241-ci maddəsinin “q” bəndində, 255-1-ci maddəsinin “v” və “q” bəndlərində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər;
7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-IQD nömrəli Qanunu ilə  2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri, 88-ci və 88-1-ci maddələr, 91-ci maddənin ikinci və üçüncü hissələri, 143-cü maddənin üçüncü və dördüncü hissələri, 145-ci maddə, 147-ci maddənin üçüncü hissəsi ilə, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli 90-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60-cı, 65-ci və 191-1-ci maddələrlə məhkum olunmuş şəxslər;
7.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər;
7.5. təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər;
7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər;
7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər.
III. Amnistiya aktının hüquqi qüvvəsi
8. Bu Qərar qəbul olunduğu gündən qüvvəyə minir.
9. Bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir.
10. Bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir.
11. Bu Qərarın 12-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, uzanan və ya davam edən cinayətlər amnistiya aktı qüvvəyə mindiyi günədək bitmədikdə, onları törətmiş şəxslərə amnistiya şamil edilmir.
12. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1, 333.1–333.4-1-ci və 334.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri bu Qərar qüvvəyə mindiyi günədək törətmiş şəxslərə, bu Qərarın 39-cu hissəsində nəzərdə tutulmuş müddətdə onlar könüllü gəldiyi və tutulduğu hallarda, amnistiya şamil edilir.
13. Bu Qərar qüvvəyə mindikdən sonra hökmün və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında məhkumun cəzasının çəkilməmiş hissəsinin azalması və ya şəxsin digər şəkildə hüquqi vəziyyətinin dəyişməsi (bu Qərarın 2.11-ci və 7.4-cü bəndlərində nəzərdə tutulmuş hallar, habelə bu Qərar qanuni qüvvəyə mindiyi günədək qüvvəyə minmiş yeni cinayət qanununun tətbiqi ilə əlaqədar şəxsin vəziyyətinin yaxşılaşması halı istisna olmaqla) həmin şəxs barəsində bu Qərara əsasən amnistiyanın tətbiqi üçün əsas deyildir.
14. Bu Qərarın cəzanın çəkilməmiş hissəsinə dair müddəaları cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəzanın çəkilməmiş hissəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsi üzrə biri digəri ilə toplanaraq müstəqil icra edilən əsas cəzalardan hər hansı biri bu Qərar qüvvəyə mindiyi gün onun təsiri altına düşmürsə, bu Qərara əsasən amnistiya tətbiq edilmir.
15. Cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir.
16. Bu Qərara əsasən amnistiya tətbiq edilməsi ittiham hökmlərinin və ya digər qərarların qanuniliyinin, əsaslılığının və ya ədalətliliyinin yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsinə mane olmur.
17. Bu Qərar Azərbaycan Respublikasında tanınan xarici dövlətlərin məhkəmələrinin hökmləri ilə məhkum edilmiş və cəzasını Azərbaycan Respublikasında çəkən şəxslərə də şamil edilir.
18. Barələrində amnistiya tətbiq olunmuş çağırışçıların və hərbi qulluqçuların müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış və hərbi xidmət məsələləri qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.
IV. Amnistiyanın tətbiqi qaydaları (Amnistiya layihəsi)
19. Amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq aşağıdakı orqanlar tərəfindən tətbiq edilir:
19.1. cəzaçəkmə müəssisələri – bu Qərarın 1-ci hissəsində və 2.1–2.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
19.2. intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı – bu Qərarın 2.5-ci və 2.7-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
19.3. icra məmurları – bu Qərarın 2.6-cı və 2.8–2.11-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
19.4. təhqiqat və ya ibtidai istintaq orqanları – bu Qərarın 4-cü hissəsində nəzərdə tutulan şəxslər barəsində;
19.5. məhkəmələr – bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində.
20. Bu Qərarın 19.1–19.4-cü bəndlərində nəzərdə tutulan orqanlar amnistiyanın tətbiq edilməsi barədə qərarları müvafiq prokurorların razılığı ilə qəbul etməlidirlər.
21. Təhqiqat və ya ibtidai istintaq orqanları amnistiya tətbiq edərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməsi qaydalarına riayət etməli, o cümlədən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə müvafiq olaraq barəsində amnistiya tətbiq olunacaq şəxslərin razılığını almalıdırlar.
22. Bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.
23. Bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.
24. Birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır.
25. Apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiyanın tətbiq edilməsi məsələsinə cinayət prosesi tərəflərinin müraciətinə əsasən hökmü çıxarmış birinci instansiya məhkəmələri tərəfindən baxılır. Bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər üzrə şəxslərə amnistiyanın tətbiq edilməsi məsələsinə bu Qərarın 19.1–19.3-cü bəndlərində, 22-ci və 23-cü hissələrində nəzərdə tutulan orqanlar tərəfindən baxılır.
26. Apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir.
27. Kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir.
28. Bu Qərarın 22-ci, 23-cü və 25-ci hissələrində nəzərdə tutulan qaydada amnistiyanın tətbiqi məsələlərinə baxarkən, məhkəmələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər.
29. Məhkəmələr tərəfindən amnistiyanın tətbiqi məsələlərinə baxılarkən məhkəmə iclasında müvafiq prokurorun və müdafiə tərəfinin iştirakı ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara riayət edilməlidir.
30. Bu Qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.
31. Amnistiya tətbiq edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər amnistiyanın tətbiqi barədə qərara əlavə edilməlidir. Amnistiyanı tətbiq edən orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq orqanlardan tələb etməyə haqlıdırlar. Bu sorğular dərhal icra edilməlidir.
32. Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınır və müalicələrini davam etdirirlər.
33. Anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbir təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 39-cu hissəsində nəzərdə tutulan müddətdə baxılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2–95.0.4-cü maddələrinə əsasən psixiatriya stasionarlarında məcburi müalicə təyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsi isə məhkəmə qərarı ilə psixiatriya stasionarlarında məcburi müalicə ləğv edildikdən və ya dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edildikdən sonra həll edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin olunmuş şəxslər amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edildikdə qanunvericiliklə müəyyən edilmiş qaydada 10 gün müddətində yaşayış yeri üzrə müvafiq tibb müəssisələrində qeydiyyata alınmalı və müalicələri davam etdirilməlidir.
34. Əvvəllər amnistiya və ya əfvetmə aktları ilə cəzasının müddəti azaldılmış şəxslərə bu Qərar tətbiq edilərkən onların cəzasının çəkilməmiş müddətləri həmin aktlar nəzərə alınmaqla hesablanır.
35. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 175–177-ci maddələrinin tələblərinə uyğun olaraq, bu Qərara əsasən barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyasının, onlara yardım göstərilməsinin təmin edilməsi üçün zəruri tədbirlər görülməlidir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu bu Qərarın tətbiqi ilə bağlı zərurət yarandıqda amnistiyanı tətbiq edən orqanın müraciəti əsasında “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq izah verir.
37. Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi ilə əlaqədar şəxsin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət etmək hüququ vardır.
38. Bu Qərarın 19.2-ci bəndində göstərilən “hərbi hissələr” dedikdə, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın çəkildiyi yerlər, bu Qərarın 22-ci hissəsində göstərilən “məhkumların üzərində nəzarəti həyata keçirən orqanlar” dedikdə isə azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslərə nəzarəti həyata keçirən icra məmurları, habelə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində nəzarəti həyata keçirən icra məmurları və müvafiq olaraq hərbi qulluqçular üzərində nəzarəti həyata keçirən hərbi hissələrin və ya müəssisələrin komandanlığı başa düşülür.
39. Bu Qərarın 19.1–19.4-cü bəndlərində nəzərdə tutulan orqanlar bu Qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər.

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz