Birləşmiş Millətlər Təşkilatının insan haqları ofisi İsrail və Birləşmiş Ştatlar tərəfindən dəstəklənən Qəzza Humanitar Fondu (QHF) tərəfindən idarə olunan mübahisəli yardım paylama məntəqələrində və
humanitar yardım karvanlarının yaxınlığında azı 613 Fələstinlinin qətlə yetirildiyini qeydə aldığını açıqlayıb.
Cümə günü Cenevrədə jurnalistlərə danışan BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Ofisinin (OHCHR) sözçüsü Ravina Şamdasani bildirib ki, “bu rəqəm 27 iyuna aiddir. O vaxtdan bəri isə əlavə hadisələr baş verib”. OHCHR-nin məlumatına görə, 613 nəfərdən 509-u QHF paylama məntəqələrinin yaxınlığında öldürülüb. Qəzzanın Səhiyyə Nazirliyi ölənlərin sayının 650-dən çox, yaralananların isə 4000-i keçdiyini açıqlayıb.
QHF may ayının sonunda
Qəzzada məhdud ərzaq paketləri paylamağa başlayıb. Bu yeni paylama modeli BMT tərəfindən qərəzsiz və neytral hesab edilmir, çünki təşkilatın ərazilərində qətllər davam edir. İnsan haqları qrupları bu əraziləri “insan qəssabxanaları” adlandırıblar. Qəzzada mülki müdafiə xidmətinin sözçüsü Mahmud Basal isə “İsrail ordusunun mülki şəxsləri qəsdən öldürdüyünə dair sübutlar qeydə aldıqlarını” deyib. O əlavə edib ki, “bu mərkəzlərdə 600-dən çox Fələstinli mülki şəxs öldürülüb. Bəziləri İsrail snayperləri tərəfindən vurulub, digərləri dron hücumları, hava zərbələri və ya yardım axtaran ailələri hədəf alan atəşlər nəticəsində həlak olub.” Tibbi mənbələr “Əl-Cəzirə”yə bildirib ki, cümə günü səhərdən bu yana İsrail qüvvələri
Qəzzada 41 Fələstinlini öldürüb. Cənubi
Qəzzada yerləşən Xan Yunisdə İsrail ordusu əl-Mavasi sahil ərazisindəki müvəqqəti çadırlara edilən bir sıra ölümcül hücumlardan sonra azı 15 Fələstinlini öldürüb. Bu bölgə əvvəllər İsrail tərəfindən “humanitar təhlükəsiz zona” elan edilmişdi, lakin orada hücumlar amansız olub. İsrail ordusu həmçinin Xan Yunisin bəzi əraziləri, o cümlədən şəhərin şərq və mərkəzi hissələri, eləcə də Nasser Xəstəxanasının yerləşdiyi ərazi üçün yeni məcburi köçürülmə təhdidləri yayıb.
“Hər şeyimi itirdim”
Oğlu yemək almağa çalışarkən öldürülən bir ana “Əl-Cəzirə”yə bildirib ki, onun ölümündən sonra “hər şeyini itirib”. O deyib: “Oğlum ailənin təminatçısı idi, mən tamamilə ondan asılı idim. O, həyatımızın sütunu və təməli idi.” Qadın QHF-nin
humanitar yardım paylama mərkəzlərini “ölüm tələləri” adlandırıb. “Biz aclıqdan çarəsiz qalıb ora getməyə məcbur oluruq. Un kisəsi ilə qayıtmaq əvəzinə, insanlar cəsəd kimi geri gətirilir,” deyə o əlavə edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü bildirib ki, Xan Yunisdəki Nasser Xəstəxanası QHF məntəqələrinin yaxınlığında yaralanan xəstələrin çoxluğu səbəbindən “böyük bir travma şöbəsi kimi” fəaliyyət göstərir. ÜST-nin işğal olunmuş İordan çayının qərb sahili və
Qəzzada nümayəndəsi Rik Peeperkorn Cenevrədə jurnalistlərə deyib: “Onlar həftələrdir hər gün yaralıları görürlər… əksəriyyəti sözüm əsilli qeyri-BMT ərzaq paylama məntəqələrindən gəlir.” Peeperkorn bildirib ki, Nasser Xəstəxanasının tibbi işçiləri və yaralıların ailə üzvləri ilə dostlarının ifadələri zərərçəkənlərin QHF tərəfindən idarə olunan məntəqələrdə yardım əldə etməyə çalışdıqlarını təsdiqləyib. O, başına güllə dəyən 13 yaşlı oğlanın, eləcə də boynuna güllə sancılmış və iflic vəziyyətinə düşmüş 21 yaşlı şəxsin dəhşətli hallarını nəql edib. BMT-nin məlumatına görə,
Qəzzada 36 xəstəxanadan yalnız 16-sı qismən fəaliyyət göstərir, onların ümumi tutumu isə 1800 çarpayıdan bir qədər çoxdur ki, bu da böyük tibbi ehtiyaclar üçün tamamilə yetərsizdir. İsrail ordusu 2023-cü ilin oktyabrında
Qəzzada müharibəyə başladığı gündən bəri mühasirəyə alınmış ərazidəki səhiyyə müəssisələrini və tibb işçilərini hədəf alıb. Peeperkorn cümə axşamı verdiyi ayrı bir açıqlamada deyib: “Tibbi ləvazimat, avadanlıq və kadr çatışmazlığını əsas gətirərək, səhiyyə sektoru sistemli şəkildə dağıdılır.”
QHF qınanılır
Birləşmiş Millətlər Təşkilatı, humanitar təşkilatlar və digər QHT-lər QHF-ni
humanitar yardımın paylanması və paylama məntəqələri ətrafında baş verən hücumlarla bağlı dəfələrlə qınayıblar. Oxfam, Save the Children və Amnesty International daxil olmaqla 130-dan çox humanitar təşkilat çərşənbə axşamı QHF-nin dərhal bağlanmasını tələb edib, onu aclıq çəkən Fələstinlilərə qarşı hücumları asanlaşdırmaqda ittiham edib. QHT-lər bildiriblər ki, İsrail qüvvələri və silahlı qruplar ərzaq əldə etməyə çalışan mülki şəxslərə müntəzəm olaraq atəş açırlar. Onilliklər ərzində
humanitar yardım paylayan BMT-nin Fələstinli Qaçqınlar üçün Agentliyi (UNRWA) QHF vasitəsilə ərzaq əldə etməyə çalışan Fələstinlilərin öldürülməsi və yaralanması ilə bağlı araşdırmalar aparılmasına çağırıb. UNRWA qeyd edib ki, agentlik ərazidə 400-ə yaxın məntəqə işlətdiyi halda, QHF yalnız dörd “meqa-məntəqə” qurub, bunlardan üçü cənubda, biri mərkəzi
Qəzzada yerləşir – ən ağır şəraitin olduğu şimalda isə heç biri yoxdur. QHF öz podratçılarının iştirakı ilə baş verən hadisələri inkar edib və Associated Press-in bəzi Birləşmiş Ştatlar əməkdaşlarının Fələstinlilərə qarşı ayrı-seçkilik etmədən atəş açdığını iddia edən araşdırmasını rədd edərək heç bir sübut təqdim etməyib. İsrailin “Haaretz” nəşrinin son hesabatında İsrail əsgərləri bildiriblər ki, İsrail qoşunlarına komandirləri tərəfindən
humanitar yardım axtaran silahsız Fələstinlilərə qəsdən atəş açmaq əmri verilib. İsrailin
Qəzzada apardığı müharibə nəticəsində ərazinin Səhiyyə Nazirliyinin məlumatına görə, 57 mindən çox Fələstinli həlak olub, iki milyondan çox əhalinin əksəriyyəti dəfələrlə didərgin düşüb, ağır blokada səbəbindən geniş yayılmış aclıq baş qaldırıb və ərazinin böyük hissəsi xarabalığa çevrilib. Müharibə HƏMAS-ın rəhbərlik etdiyi döyüşçülərin 7 oktyabr 2023-cü ildə cənubi İsrailə keçməsi, 1200 nəfəri öldürməsi və 251 nəfəri girov götürərək
Qəzzaya aparmasından sonra başlayıb.
24 saat