Ergin Ataman: Tarixi bir yarımfinal oynayacağıq
2025 Avropa Basketbol Çempionatında Türkiyə milli basketbol komandası Polşanı 91-77 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Komandanın baş məşqçisi Ergin Ataman Arena Riqada keçirilən matçdan sonra mətbuat konfransında açıqlamalar verib.
Yarımfinala yüksəldikləri üçün çox xoşbəxt olduğunu bildirən Ergin Ataman bu sözləri deyib: "İnanıram ki, siz də mətbuat nümayəndələri olaraq xoşbəxtsiniz, çünki Alperen nəhayət 'Triple double' etdi. Alperen təkcə Avropanın deyil, NBA-in də ən yaxşı müdafiə oyunçularından biridir. Biz Polşadan daha yaxşı səviyyədə olduğumuzu bilirdik. Müdafiədə çox aqressiv olduqlarını bilirdik. Biz də onlara eyni şəkildə cavab verdik. Qarşılaşmaya Loydu müdafiə etməsi üçün Şehmus Hazer ilə başladıq. Cedi Osmanı isə Ponitka ilə qarşılaşdırdıq. Çox uğurlu olduq. Mükəmməl müdafiəmizdən sonra sürətli hücumlardan bir çox atış tapdıq. Oyuna nəzarət etdik. İkinci hissədə oyuna kənardan daxil olan Furkan Korkmaz çox yaxşı töhfə verdi. Alperenin 'Triple double' etməsindən sonra bəzi top itkiləri yaşadıq. Polşanın fərqi 10 xala qədər azaltmasına icazə verdik. Oyunu heç riskə atmadıq. Tarixi bir yarımfinal oynayacağıq, çünki Türkiyə Avropa çempionatında yalnız bir dəfə final oynayıb. 2001-ci ildə İstanbuldan sonra ilk yarımfinal olacaq. Rəqibimizi gözləyəcəyik. Bu şəkildə oynadığımız təqdirdə yarımfinal matçını qazanma şansımız yüksək olar, lakin İsveç matçındakı səhvləri etsək, çox çətinlik çəkərik."
Cedi Osmanın vəziyyəti necədir?
Matçın ikinci hissəsində zədələnən kapitan Cedi Osmanın səhhəti ilə bağlı məlumat verən təcrübəli məşqçi, "Ayaq biləyi ilə bağlı bir problemi var. Hazırda şərh vermək çox çətindir. Bizim üçün yaxşı olan odur ki, yarımfinal matçına 3 gün var. Əgər Cedini tanıyıramsa, 100 faiz meydanda olacaq" dedi.
"Medal və çempionluq arxasındayıq"
Ergin Ataman Avropa çempionatında tarixi bir yarımfinal matçına çıxacaqlarını qeyd edib.
Bütün oyunçuların bir məqsəd üçün Riqaya gəldiyini vurğulayan 59 yaşlı baş məşqçi, "2-3 ildir bu çempionatını qeyd edirdim. Bura bir məqsəd üçün gəlmişik. Bunu fantaziya olaraq demirdim. Oyunçularımın qabiliyyətini və əzmini bildiyim üçün deyirdim. Çox şükür ki, 7 qələbə ilə tarixi bir yarımfinala çıxacağıq. Medal və çempionluq arxasındayıq. Bunu həyata keçirməyə çalışacağıq. Bu komandada yalnız Sertaç Şanlı veteran oyunçudur. 35 yaşındadır. Bu komanda qarşıdakı 3-4 il ərzində dünya basketboluna damğa vuracaq. 12 nəfərlik Dev Adam geri döndü deyə bilərik. Nəticənin necə olacağını bilmirəm. Çempion ola biləcəyikmi? Medal ala biləcəyikmi? Sonuna qədər buna nail olmaq üçün mübarizə aparacağıq" deyib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz