Dünya 27.06.2025

Ermənistanda Erməni Apostol Kilsəsinin mərkəzinə əməliyyat

Ermənistanda Erməni Apostol Kilsəsinin mərkəzinə əməliyyat
Erməni mətbuatında yer alan xəbərlərə görə, hakimiyyəti ələ keçirməyə və konstitusiya quruluşunu zorakılıqla devirməyə çağırışlarda ittiham olunan Şirak Başpiskopu Mihail Ajapahyanın saxlanılması məqsədilə kilsə binası mühasirəyə alınıb.

Toqquşma Anları

Əməliyyat, Erməni Kilsəsinin ruhani lideri Katolikos II Qareginin başpiskoplar və din xadimləri ilə görüş keçirdiyi vaxta təsadüf edib. Kilsə qarşısında təhlükəsizlik qüvvələri ilə müdaxilə etməyə çalışan bəzi keşişlər və vətəndaşlar arasında toqquşma yaşanıb.

Katolikos II Qaregin çölə çıxaraq təhlükəsizlik qüvvələri ilə etirazçılar arasındakı gərginliyi azaltmağa çalışıb. O, Mihail Ajapahyanın təhlükəsizlik qüvvələrinə təslim olacağını və kilsə vəkilinin də prosesdə iştirak edəcəyini bəyan edib. Qısa müddət sonra Ajapahyan nəzarətə alınıb.

Təhlükəsizlik qüvvələri, eyni zamanda Şirak Başpiskopluğunda axtarış apararaq bəzi kompüterlərə və sənədlərə əl qoyub.

Gərginliyin Kökləri

Son dövrlərdə Erməni Apostol Kilsəsi ilə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət arasında gərginlik yüksəlib.

Kilsə, Paşinyanı Azərbaycana güzəştə getməkdə ittiham edərkən, Nikol Paşinyan isə kilsəni “dövlət işlərinə qarışmaq” və “hakimiyyəti ələ keçirməyə cəhd etməklə” günahlandırır.

Paşinyan, həmçinin II Qareginin subaylıq andını pozaraq uşaq sahibi olduğunu və buna görə də dini lider ola bilməyəcəyini iddia edir.

Baş nazir Paşinyan, “kriminal oliqarx ruhanilər sinfinin hakimiyyəti qəsb etmə planı” hazırladığını açıqlayıb. Bu çərçivədə Ermənistan Milli Təhlükəsizlik Xidməti çox sayda şəxsi nəzarətə alıb. Hökuməti qanunsuz yollarla devirməyi planlaşdırmaqda ittiham olunan, aralarında Başpiskop Baqrat Qalstanyanın da olduğu 15 nəfər məhkəmə tərəfindən həbs edilib.

Erməni Kilsəsinin çağırışı ilə 2024-cü il mayın 4-də Azərbaycana qaytarılan Qazax rayonunun dörd kəndi səbəbindən Tavuş və Şirak bölgələrindən paytaxt İrəvana yürüş təşkil edilib, ölkə daxilində etiraz aksiyaları keçirilib.

Nikol Paşinyan, istefasını tələb edən kilsəyə rəhbərlik dəyişikliyinin yalnız seçki yolu ilə mümkün ola biləcəyi cavabını verib.

24 saat