“Meydan TV işi” üzrə həbsdə saxlanılan jurnalist Fatimə Mövlamlı Bakı İstintaq Təcridxanasından yeni yazı göndərib. O, cinayət işinin materiallarını araşdırdığını və ittihamların əsassız olduğunu bildirib.
Mövlamlı yazır:
““Meydan TV işi" üzrə cinayət işi materialları ilə tanış oldum. Hər biri 250 səhifə olmaqla ümumilikdə 26 cilddən ibarət cinayət işi materiallarında ittiham edildiyim qanunsuz əməlləri törətdiyimə dair kiçik də olsun bir fakt (!) yoxdur. Necə deyərlər - məlumun elanı.
İstintaq mənimlə bağlı bütün ümidini evimə özlərinin yerləşdirdiyi, cinayət işi materiallarında isə maddi sübut kimi göstərdiyi pula bağlayıb. Xülasə, məhkəməmiz çox maraqlı keçəcək. Mən özümü faktiki olaraq böyük bir "heç nə"yə qarşı müdafiə edəcəm”.
Məktubunda jurnalist cinayət işi materialları arasında rast gəldiyi “xasiyyətnamə”ni xüsusi vurğulayıb:
“BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin sorğusuna əsasən Binəqədi İcra Hakimiyyətinin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətim barədə yolladığı namədə sözbəsöz belə yazılıb:
“Vətəndaş Mövlamova Fatimə Binəqədi qəsəbə ərazisində müsbət xarakterizə olunmur, radikal müxalifyönümlü şəxs kimi tanınır, mitinqlərdə fəal iştirak edir, sosial şəbəkələrdə müxalifyönümlü paylaşımlar edir””.
O, bu ifadələri “absurd” adlandıraraq qeyd edib ki, hökumət müxalif mövqeyini mənfi xarakter xüsusiyyəti kimi təqdim edir:
“Absurdun miqyasına bir baxın - dövlət rəsmən elan edir ki, müxalif, tənqidçi, yaşadığı ölkədə baş verən hadisələrə maraqlı mövqedə dayanmağı mənfi xarakter xüsusiyyətləri sayır”.
Mövlamlı məktubunu ironik şəkildə belə yekunlaşdırıb:
“Azərbaycan hökumətinin haqqımdakı rəsmi rəyi xoşuma gəlsə də, düşdükləri gülünc vəziyyətə ürək ağrısı ilə baxıram.
Bir dəfə yazmışdım: “Heç kim bu qədər yazıq olmamalıdır”. Amma bunu yazdığım vaxt yazıqlığın belə boz rəngə bürünə biləcəyi ağlıma gəlməzdi. Demə, bürünə bilirmiş. İstedadsız, şərbaz, gülməli ittihamçı elə ən böyük yazıq imiş.
Yazıqsınız, gülməlisiniz, cənablar...”
Jurnalist Fatimə Mövlamlı bu il fevralın 28-də “Meydan TV işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə ümumilikdə 12 nəfərə qarşı cinayət işi açılıb. Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qrup halında) maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də ittihamlar ağırlaşdırılıb və hazırda onlar bir neçə ağır maddə, o cümlədən qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması ittihamları ilə mühakimə olunurlar.
Jurnalistlər bütün ittihamları rədd edir, hədəfə alınmalarını siyasi sifariş və peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Oxucu Şərhləri
Şərh Yaz