Sakinlər çaya axın etdilər
Məlumata görə, bu gün səhər saatlarında çox sayda Paris sakini Eyfel Qülləsinin yaxınlığındakı ərazidə çaya daxil olaraq tarixi anlara şahidlik edib. Xalqın istifadəsinə açılan üç üzmə sahəsi mövcuddur: Eyfel Qülləsinin ətrafı, Notr-Dam Kafedralı yaxınlığı və şəhərin şərq hissəsi.
Bu sahələrdə həm geyim kabinələri, həm də təxminən 300 nəfərin günəşlənə biləcəyi qumsal tipli ərazilər var. Təhlükəsizlik də diqqətdən kənarda qalmayıb: Hər bir nöqtədə xilasedicilər xidmət göstərir. Girişlər 10-14 yaşdan yuxarı hər kəs üçün pulsuzdur və müəyyən saatlarla məhdudlaşdırılır.
Nəcis mənşəli bakteriyalar əsas problem idi
Çayda üzmə qadağasının ləğv edilməsi vədini ilk dəfə 1988-ci ildə o zamankı bələdiyyə sədri Jak Şirak səsləndirmişdi. Lakin suyun insan sağlamlığına təhlükə yaradan dərəcədə çirkli olması səbəbindən bu hədəf illərlə təxirə salınmışdı. Xüsusilə nəcis mənşəli bakteriyalar ciddi bir problem idi.
Təmizlənməyə böyük sərmayə qoyuldu
Paris 2024 Olimpiya Oyunları ərəfəsində çayın təmizlənməsi üçün 1.4 milyard avrodan çox sərmayə yatırıldı. Olimpiadaların açılış mərasimi də çay üzərində təşkil edildiyi halda, suyun üzməyə yararlı olub-olmaması ilə bağlı müzakirələr oyunlar müddətində də davam etdi. Rəsmilər çirklənmənin əsas səbəbinin şiddətli yay yağışları olduğunu bildirdilər.
Paris bələdiyyə sədri Ann Hidalqo isə 2024-cü ilin iyul ayında şəxsən çaya girərək onun təmiz olduğunu sübut etmək istəmişdi. İndi isə həm şəhər sakinləri, həm də turistlər yüzillik qadağanın aradan qalxması ilə bu tarixi çayda üzməyin həzzini yaşayırlar.