Gündəm 02.10.2025

Hakim Azər Qasımlının vəkilini şikayətlə hədələdi

Hakim Azər Qasımlının vəkilini şikayətlə hədələdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Qasımlının işi üzrə yeni məhkəmə

Oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə növbəti iclas keçirilib. İclasda politoloq sərbəst ifadə verərək necə həbs olunmasından və zərərçəkmiş Qurbanəli Yusifovla münasibətlərindən danışıb. Azər Qasımlı ona qarşı irəli sürülən “hədə-qorxu ilə tələbetmə” ittihamını “şər-böhtan” adlandırıb, həbsinin siyasi motivli olduğunu vurğulayıb.

Vəkil ilə hakim arasında mübahisə

Məhkəmə prosesi zamanı hakim Telman Hüseynovla politoloqun vəkili Rövşanə Rəhimova arasında mübahisə yaranıb. Vəkil Rəhimova əvvəlki iclaslarda müvəkkili Azər Qasımlının vəkillərinin yanında əyləşməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı olmasına baxmayaraq, onun yenə də şüşə kabinədə saxlanılmasına etiraz edib. O, müvəkkilinin kabinədən çıxarılmasını və yanında əyləşməsini tələb edib. Hakim isə vəkili Vəkillər Kollegiyasına şikayət etməklə hədələyib.

Politoloqun müdafiəsi: "Mülki mübahisədir"

Azər Qasımlı Qurbanəli Yusifovu hədələdiyi iddiasına cavab olaraq heç öz uşaqları ilə belə təhdidlə danışmadığını, onu pul üçün kiminsə övladını oğurlamaqda günahlandırmağın absurd olduğunu bildirib. O, Q.Yusifovla əvvəldən tanış olduğunu və onun vasitəsilə “Binance” kriptovalyuta birjasına sərmayə qoyub Bitcoin aldığını söyləyib. Politoloq qeyd edib ki, aralarındakı narazılıq Q.Yusifovun üzündən böyük maliyyə zərərinə düşməsi ilə bağlı yaranıb: “Mən Bitcoini sərmayə məqsədilə almışdım. Bu, başqa əmlaka – evə, avtomobilə pul yatırmaq kimidir. Sanki ev almışam, açarı da bu adamdadır. Bu adam da o evi yox edib. Aramızdakı narazılıq bundan yaranıb.”

Azər Qasımlı aralarındakı pul məsələsinin mülki mübahisə olduğunu və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalı olmadığını vurğulayıb. O, Q.Yusifovun özünün də borclu olduğunu etiraf etdiyini xatırladıb: “Mənə 'hədə-qorxu ilə tələbetmə' ittihamı verildiyi halda, sübutlar ortaya qoyulmalıdır. Gözləyirdim ki, istintaq bununla bağlı sübutlar gətirəcək, üzümə şahidlər çıxaracaqlar. Heç nə yoxdur, ola da bilməzdi, çünki belə bir hal baş verməyib.”

Həbsin siyasi sifariş olması iddiaları

Politoloq qeyd edib ki, Qurbanəli Yusifovla aralarındakı pul mübahisəsinə mülki qaydada Mingəçevir Şəhər Məhkəməsində baxılıb və qərar onun xeyrinə çıxarılıb ki, Q.Yusifov pulu ona ödəməlidir. Mülki mübahisənin Mingəçevir Şəhər Məhkəməsində həll edildiyini qeyd edən Azər Qasımlı, onun işinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi kimi araşdırılmasını siyasi sifariş adlandırıb. O əlavə edib: “Bir müddət sonra Qurbanəli Yusifov Daxili İşlər Nazirliyinə məktub yazır, sosial şəbəkələrdə status paylaşır ki, 'Azər Qasımlı məni dövlətə, dövlətçiliyə qarşı qaldırırdı, alınmayanda təhdidlə pul tələb etməyə başladı.' Bir tərəfdən bunu deyir, o biri tərəfdən də Bitcoin məsələsi ilə əlaqədar borclu olduğunu etiraf edir. Bunun özü sübut edir ki, həbsim siyasi sifarişdir.”

Həbsindən öncə onun ölkədən çıxışına qadağa qoyulduğunu, Almaniyaya getmək istəyərkən hava limanından buraxılmadığını xatırladan Azər Qasımlı ötən ilin noyabrında həbsinə hazırlıq getdiyini artıq bildiyini söyləyib. O, ötən il dekabrın 7-də oğlunu futbol məşqinə apararkən saxlandığını qeyd edib: “Bu cür davranışa nə ehtiyac vardı? Onsuz da hara çağırsalar, gələcəkdim...”

Politoloqun işi üzrə növbəti iclas oktyabrın 8-də davam edəcək.

24 saat

Oxucu Şərhləri

Lalə Fərmanli
02.10.2025 14:44
Hakimin vəkilini şikayətlə hədələməsi maraqlı məqamdır. Bu, məhkəmə prosesində hakim və vəkil arasındakı münasibətlərin necə gərginləşə biləcəyini göstərir. Burada əsas məsələlərdən biri hakim tərəfindən belə bir hədənin edilməsinin qanunauyğunluğudur. Belə bir hərəkət məhkəmə prosesinin ədalətinə xələl gətirə bilərmi? Azər Qasımlının özünü müdafiə edərkən mülki mübahisəni vurğulaması diqqət çəkir. Bu, bəlkə də, məhkəmənin bu işə baxmaq səlahiyyəti barədə suallar doğurur.
Xədicə Turalova
02.10.2025 14:38
Bu məqaləni oxuduqdan sonra hakim vəkilə qarşı belə bir mövqe tutduğuna görə təəccübləndim. Əslində, vəkillərin müdafiə etdikləri şəxslərin hüquqlarını qorumaq üçün səylərini artırması normaldır. Vəkilin müvəkkilinin kabinədə saxlanılmasına etirazı haqlı görünür, xüsusən də əvvəlki qərarlar olmasına baxmayaraq. Hakim tərəfindən belə bir hədənin olması narahatedicidir və bu, ədalət mühakiməsinə xələl gətirə bilər.

Şərh Yaz