Gündəm 15.08.2025

Hakimiyyət "Meydan TV" işində yeni saxtakarlığa hazırlaşır

Hakimiyyət "Meydan TV" işində yeni saxtakarlığa hazırlaşır

Həbsdəki Jurnalistlərdən Meydan TV İşinə Dair Bəyanat: "Əlaqəsi Olmayan Şəxslər Sırımıza Qoşulub"

Həbsdə olan Meydan TV əməkdaşları uzun müddətdir davam edən istintaqa qarşı bəyanat yayıblar. Onlar səkkiz aydır ki, "Meydan TV işi" adı altında aparılan istintaqın həqiqəti əks etdirmədiyini, media qurumu ilə heç bir əlaqəsi olmayan şəxslərin işə cəlb edildiyini bildirirlər. Bəyanatda vurğulanır ki, xüsusilə Bakı Jurnalistika Məktəbinin təmsilçisi Ülvi Tahirovun Meydan TV ilə heç bir işgüzar bağlantısı yoxdur və onun həbsinə səbəb baş redaktor Aynur Elgünəşlə şəxsi dostluğudur.

İstintaqın Yön Dəyişməsi: Bakı Jurnalistika Məktəbinin Maliyyəsi Hədəfdə

Məlumata görə, Meydan TV ilə bağlı əvvəlcədən planlaşdırılan məqsədlərinə nail ola bilməyən istintaq, indi Bakı Jurnalistika Məktəbinin fəaliyyəti və maliyyəsi ilə bağlı suallar verməyə başlayıb. Mənşəyi məlum olmayan və Meydan TV ilə əlaqəsi göstərilməyən şəxslərin adları yazılmış sənədlər əsasında ifadələr alınmağa çalışılır. Bakı Jurnalistika Məktəbi 20 ildir fəaliyyət göstərən, yüzlərlə jurnalistə təlimlər vermiş bir qeyri-hökumət təşkilatıdır (QHT). Bu məktəbin məzunları demək olar ki, bütün media resurslarında və telekanallarda təmsil olunurlar. Meydan TV-nin də bir neçə əməkdaşı, o cümlədən baş redaktoru həmin məktəbin məzunlarıdır. Baş redaktor Aynur Elgünəşlə Ülvi Tahirovun dostluğu da BJM-də başlayıb. Aynur Elgünəş 2009-2011-ci illərdə məktəbin nəzdində fəaliyyət göstərən “var.az” saytının baş redaktoru olub və ictimai jurnalistika sahəsində təlimlər keçirib. 2014-cü ildən başlayaraq məktəb profilini dəyişərək multimedia təlimlərinə keçid edib. Aynur Elgünəşin ixtisaslaşması fərqli (çap mediası) olduğu üçün işgüzar əlaqələr kəsilsə də, mənəvi bağlar səbəbindən vaxtaşırı Bakı Jurnalistika Məktəbinin ofisinə, Ülvi Tahirovun yanına getdiyi bildirilir. Onun təlimçi kimi çalışdığını son 10 ildə BJM məzunu olmuş istənilən jurnalist təsdiq edə bilər.

Təzyiqlər və Uydurma İttihamlar

Bəyanatda vurğulanır ki, Aynur Elgünəşin hansısa quruma şəxsi bağlılığı Meydan TV-nin həmin qurumla bağlılığı demək deyil. Meydan TV Almaniyada qeydiyyatdan keçmiş rəsmi fəaliyyət göstərən bir media qurumudur və Bakı Jurnalistika Məktəbi ilə heç bir işgüzar əlaqəsi olmayıb. Həbsdə olan şəxslər bildirirlər ki, aylardır fəaliyyətlərinə heç bir aidiyyatı olmayan şəxsləri məcburi şahidliyə cəlb edən, təzyiq altında ifadə alan, həbs olunanların evinə və üzərinə pul qoyan istintaq, bu saxtakarlıqların heç bir effekt vermədiyini görüb və işin məcrasını dəyişib. Belə ki, Bakı Jurnalistika Məktəbinin fəaliyyəti ilə bağlı hazırlanan, mənşəyi bəlli olmayan sənədlər üzərindən 1 milyon civarında vəsaitin əldə olunması görüntüsü yaradılır. Yenə də eyni xətt üzrə, təxminən 80 min manata yaxın vergidən yayınma ittihamı irəli sürülüb. Halbuki bütün "yükləmələr" və saxta sənədlər hesabına əldə edilən rəqəm 160 min manatı belə keçmir ki, bu da həbs olunan 11 nəfər üçün cüzi bir məbləğdir. Buna görə də, BJM-in qrant layihələri alması iddiası və həmin məbləğlərin nisbəti götürülərək (daha çox uydurularaq) həbslərə əsas yaradılır. Jurnalistlər Şəmşad Ağa, Natiq Cavadlı, Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Ülviyyə Əli, Nurlan Libre – Bakı Jurnalistika Məktəbinin təlim otağının qapısını belə açmayan bu şəxslər, adlarına yazılmış hansısa saxta sənədlər əsasında cəzalandırılırlar.

Siyasi Motivasasiyalı Həbslər və Jurnalistika Cinayət Deyil!

Həbsdə olanlar Azərbaycan həbsxanalarının günahsız insanlarla dolu olduğunu bildirirlər. Onlar qeyd edirlər ki, özlərindən öncə həbs olunan jurnalistlər və siyasi fəallar da hakimiyyətin şərinə məruz qalıb, bu cür saxta ittihamlarla cəzalandırılıblar. Belə bir görüntü yaranıb ki, hansısa cinayət işi açılır, əlaqəsi oldu-olmadı, hakimiyyətin "radarına" düşən hər kəs ona cəlb edilir. Bəyanatda Meydan TV-yə qarşı irəli sürülən ittihamların heç birinin qəbul edilmədiyi, bunların jurnalist fəaliyyəti ilə əlaqəli olduğu vurğulanır. Jurnalistlər onsuz da saxta açılmış cinayət işinə daha bir saxtakarlığın əlavə olunmasına qarşı olduqlarını bəyan edir və siyasi hakimiyyətdən özlərinə qarşı ləyaqətli davranış tələb edirlər. Bir daha bəyan edilir ki, Bakı Jurnalistika Məktəbi ilə Meydan TV arasında heç vaxt işgüzar münasibət olmayıb, əksini sübut edəcək heç bir sənəd və ya dəlil yoxdur. Buna görə də Bakı Jurnalistika Məktəbi işinin Meydan TV işindən ayrılması tələb olunur. İctimaiyyət üçün siyasi şou yaradan hakimiyyətə isə deyilir ki, gözləntilər fiaskoya uğrayıbsa, bunu başqa bir saxtakarlıqla kompensasiya etməyə çalışmaq yersizdir. Həbsdə olanlar əməllərində cinayət tərkibinin olmadığını və jurnalistikanın cinayət olmadığını bir daha bəyan edirlər.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz