Avtomobil xəbərləri 15.07.2025

Hanoi mərkəzində benzinli motosikletlərə çirklənmə qadağası

Hanoi mərkəzində benzinli motosikletlərə çirklənmə qadağası

Hanoi paytaxtın mərkəzində benzinlə işləyən motosikletləri qadağan edir

Vyetnamın paytaxtı Hanoi şəhərinin mərkəzi hissəsində 2026-cı ilin iyul ayından etibarən benzinlə işləyən motosikletlərin və mopedlərin istifadəsinə qadağa qoyulacaq. Bu qərar, ölkə boyu hava çirkliliyinə qarşı aparılan mübarizə çərçivəsində atılan mühüm bir addımdır.

Vyetnamın Baş naziri Pham Min Çinxin verdiyi göstərişə əsasən, qadağa Hanoinin mərkəzini əhatə edən əsas dairəvi yolun içərisində və ətrafında qüvvəyə minəcək. Yerli hökumətə müəyyən edilmiş son tarixə qədər bu iki təkərli nəqliyyat vasitələrini mərhələli şəkildə dövriyyədən çıxarmaq tapşırığı verilib.

Şəhər nəqliyyatı və çirklilik problemi

Digər Vyetnam şəhərlərində olduğu kimi, Hanoidə də 8 milyona yaxın sakinin əksəriyyəti üçün motosikletlər əsas nəqliyyat növüdür. Şəhərdə təxminən 7 milyon motosiklet və bir milyondan bir qədər çox avtomobil var. Lakin gəlirlərin artması və insanların şəxsi nəqliyyat vasitələrinə keçməsi ilə, nəqliyyatdan yaranan hava çirkliliyi getdikcə daha böyük narahatlığa çevrilir. Hanoi tez-tez qalın tüstü qatına bürünür və dünyanın ən çirkli şəhərləri arasında yer alır.

Vyetnam həmçinin çirkliliyi azaltmaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün benzinlə işləyən nəqliyyat vasitələrindən elektrikli modellərə keçməyi hədəfləyir. Yerli elektrikli nəqliyyat vasitələri istehsalçısı "VinFast" Avropa Ticarət Palatasının məlumatına görə, bazar payının demək olar ki, beşdə birini əlində saxlayaraq bu keçidə rəhbərlik edir. Lakin şirkətin iki təkərli nəqliyyat vasitələri bazarındakı payı hələ də kiçikdir.

Qadağanın doğurduğu narahatlıqlar və gələcək planlar

Fəqət bir çoxları avtomobillərin dövriyyədən çıxarılması planının qeyri-müəyyənliyindən narahatdır. 62 yaşlı Nguyen Van Hung, Hanoidə otuz ildir motosiklet taksi sürücüsü kimi çalışır və hazırda Cənub-Şərqi Asiyada geniş istifadə olunan "Grab" taksi sifariş tətbiqi ilə işləyir. O, qadağanın əməkçi təbəqəyə ən çox zərər verəcəyindən narahatdır. O qeyd etdi: “Bu qərar dolanışığını motosikletlə təmin edən insanlara təsir edəcək. Çatdırılma sürücüləri, işə gedib-gələnlər və taksi xidmətləri bundan əziyyət çəkəcək. İnsanlar sadəcə olaraq nəqliyyat vasitələrini necə atıb gedə bilərlər?”

Digərləri isə müəyyən edilmiş müddətin qeyri-real olduğunu bildiriblər. Şəhər mərkəzində işləyən 32 yaşlı ofis işçisi Hoang Duy Dung təmiz havaya dəstək verdiyini, lakin bunun üçün hələ tez olduğunu düşünür. “Belə böyük bir dəyişiklikdən əvvəl daha yaxşı ictimai nəqliyyata və daha çox dəstəyə ehtiyacımız var” deyə o vurğuladı.

Mərkəzi Hanoi şəhərin işgüzar fəaliyyətinin, o cümlədən ofislərin, hökumət binalarının və ticarət mərkəzlərinin çox hissəsini əhatə edir. İkinci mərhələnin 2028-ci ilin yanvarında başlaması planlaşdırılır ki, bu da qadağanı daha geniş əraziyə yayacaq və bütün benzinlə işləyən iki təkərli nəqliyyat vasitələrini, həmçinin bəzi benzinli avtomobilləri də əhatə edəcək. Digər tədbirlərə tullantıların təmizlənməsi zavodlarının təkmilləşdirilməsi, çirkliliyin monitorinqi üçün rəqəmsal alətlərin istifadəsi və qayda pozuntularına görə daha sərt cəzaların tətbiqi daxildir. Ətraf mühitlə bağlı pozuntuları bildirən şəxslər mükafatlandırıla bilərlər.

24 saat