Pezeshkianın dialoq çağırışı və etimad problemi
İran Prezidenti Məsud Pezeşkian Tehranın ABŞ ilə fikir ayrılıqlarını dialoq yolu ilə həll edə biləcəyinə inandığını, lakin ABŞ və İsrailin ölkəsinə qarşı hücumlarından sonra etimadın böyük problem olacağını bildirib.
Pezeşkian şənbə günü amerikalı sağçı podkaster Taker Karlsona verdiyi və bazar ertəsi yayımlanan müsahibəsində "Mən inanıram ki, ABŞ ilə fikir ayrılıqlarımızı və münaqişələrimizi dialoq və danışıqlar yolu ilə çox asanlıqla həll edə bilərik" deyib.
Nüvə danışıqlarının pozulması
Bu bəyanatlar İsrailin iyunun 13-də İrana qarşı misli görünməmiş bombalama kampaniyasına başlamasından az bir ay sonra səsləndirilib. Həmin hücumlar zamanı yüksək rütbəli hərbi komandirlər və nüvə alimləri həlak olublar. İsrail hücumları Tehran və Vaşinqton arasında nüvə proqramı ilə bağlı yeni danışıqlar raundunun başlamasından iki gün əvvəl baş verib və danışıqları dayandırıb.
Bir həftə sonra, iyunun 21-də ABŞ da ayrı-ayrı hücumlarla İranın Fordou, Nətəz və İsfahandakı üç nüvə obyektini bombalamışdı. İran dövlət mediası bazar ertəsi 12 günlük müharibədə ölənlərin sayının ən azı 1060 nəfərə çatdığını bildirib.
İran Prezidentinə sui-qəsd cəhdi iddiaları
Pezeşkian danışıqların iflasında İsraili günahlandırıb. Prezident "ABŞ-a yenidən necə etibar edə bilərik? Danışıqların ortasında İsrail rejiminə bizə yenidən hücum etmək üçün icazə verilməyəcəyinə necə əmin ola bilərik?" deyə sual edib.
O, iyun hücumları zamanı İsrailin ona sui-qəsd etməyə çalışdığını da iddia edib: "Bəli, cəhd etdilər. Müvafiq olaraq hərəkət etdilər, lakin uğursuz oldular. Mənə sui-qəsd cəhdinin arxasında ABŞ deyil, İsrail idi. Bir iclasda idim... iclas keçirdiyimiz ərazini bombardman etməyə çalışdılar."
İyunun 16-da İsrailin Baş naziri Binyamin Netanyahu, ABŞ Prezidenti Donald Trampın bu addımı veto etdiyi barədə xəbərlər yayılandan sonra İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyini öldürmək planlarını istisna etməmiş, bunun "münaqişəyə son qoyacağını" demişdi.
Regionda "əbədi müharibələr" və Trampa müraciət
İran və İsrail arasında iyunun 24-dən atəşkəs mövcud olsa da, Pezeşkian Karlsonla müsahibəsində Netanyahunu Yaxın Şərqdə "əbədi müharibələr" apardığına görə ittiham edib və ABŞ Prezidenti Donald Trampı İsrail lideri tərəfindən İranla müharibəyə çəkilməməsi üçün çağırış edib.
Netanyahu bazar ertəsi Ağ Evdə danışıqlar aparmaq üçün Vaşinqtonda səfərdədir. Pezeşkian "ABŞ Prezidenti cənab Tramp regionu sülhə və daha parlaq gələcəyə aparmaq və İsraili yerinə qoymaq üçün kifayət qədər bacarıqlıdır. Yaxud, sonsuz bir bataqlığa düşə bilər. Beləliklə, hansı yolu seçmək ABŞ prezidentindən asılıdır" deyib.
ABŞ Prezidenti Donald Tramp Netahyahunun səfəri çərçivəsində İran və onun nüvə ambisiyalarını müzakirə edəcəyini, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrini "böyük uğur" adlandırıb. Cümə günü o, jurnalistlərə İranın nüvə proqramının daimi olaraq geri atıldığına inandığını, lakin İranın başqa yerlərdə səylərini yenidən başlaya biləcəyini söyləyib.