Dünya 25.06.2025

İtaliyada supermarket şəbəkəsi İsrail məhsullarını rəflərdən yığışdırdı

İtaliyada supermarket şəbəkəsi İsrail məhsullarını rəflərdən yığışdırdı

Coop Alleanza 3.0 supermarketlər zəncirindən Qəzzaya dəstək

Coop Alleanza 3.0 supermarketlər şəbəkəsindən verilən yazılı açıqlamada, bu böyük ticarət şəbəkəsinin Yaxın Şərqdə cərəyan edən hadisələrə dair tutduğu mövqeyinin artıq bir müddətdir ki, ictimaiyyətə məlum olduğu diqqətə çatdırılıb. Şirkət, bölgədəki humanitar böhrana biganə qala bilməyəcəyini vurğulayıb. Açıqlamada, Qəzzə zolağında davam edən zorakılıqlara biganə qalmayacaqları və bu ticarət şəbəkəsinin hər zaman hərbi əməliyyatların dərhal dayandırılması çağırışına qoşulan bütün qurum, təşkilat və dərnəklərin yanında olduğu vurğulanıb. İsrail hökumətinin Qəzzə zolağındakı mülki əhaliyə humanitar yardımların çatdırılmasını əngəlləyən blokadası da eyni şəkildə sərt şəkildə pislənilib.

İsrail məhsulları rəflərdən yığışdırıldı

Son həftələrdə regionda gərginliyin kritik həddə çatması, bu supermarketlər zəncirini öz mövqeyinə uyğun qəti qərar qəbul etməyə vadar edib. Şəbəkə İsrail məhsulları olan bəzi fıstıq və təhin məmulatlarını, habelə “Sodastream” markalı məhsulları rəflərindən yığışdırmağa qərar verib. Bu qərar, eyni zamanda, Etik Komissiya tərəfindən əvvəlki İdarə Heyətinə təqdim edilmiş ətraflı hesabatın təsiri ilə qəbul edilib.

Həmin məhsulların rəflərdən yığışdırılması ilə yanaşı, zərərçəkənlərə dəstək məqsədilə həmrəylik kampaniyasına start verildiyi də açıqlanıb. Qeyd olunub ki, Coop Alleanza 3.0, Qəzzə zolağında mülki əhaliyə konkret dəstək göstərmək məqsədilə, iştirak etdiyi və ya birbaşa başladığı müxtəlif təşəbbüsləri də davam etdirir. Bu supermarketlər şəbəkəsi milli səviyyədə həyata keçirilən "Coop For Refugees" (Qaçqınlar üçün Coop) kampaniyasına qoşulub və bir neçə həftə əvvəl məhsul çeşidinə xüsusi bir içki olan "Qəzzə Kola"nı əlavə etmək qərarına gəlib. Bu içki yüz faiz Fələstin mülkiyyətində olan bir layihənin məhsuludur və satışından əldə olunacaq gəlir Qəzzə zolağında bir xəstəxananın yenidən qurulmasına töhfə verəcək. Kooperativlər fəaliyyətlərində sosial məsuliyyətə böyük önəm verirlər və bu addım da onların bu prinsipə sadiqliyini nümayiş etdirir.

24 saat