Dünya 18.07.2025

Küveyt üçün 367 milyon dollarlıq Bayraktar TB2

Küveyt üçün 367 milyon dollarlıq Bayraktar TB2
Türk müdafiə sənayesinin qüruru Bayraktar TB2 SİHA-ları Küveyt ordusunun Hərbi Hava Qüvvələrinə rəsmən qatıldı. Cümə axşamı Küveyt paytaxtı Küveyt-Siti yaxınlığındakı Salem Əl-Sabah Hərbi Hava Bazasında keçirilən mərasimlə türk istehsalı insansız hava aparatları ölkənin aktiv inventarına daxil edildi.

Yüksək Səviyyəli İştirak

Arab News-in məlumatına görə, tədbirdə Küveytin Müdafiə naziri Şeyx Abdullah Əl-Əli Əl-Sabah, Baş Qərargah Rəisi müavini General-mayor Sabah Cabir Əl-Əhməd Əl-Sabah, Hərbi Hava Qüvvələri Komandanı Briqada Generalı Məhəmməd Əl-Həmdan və digər yüksək səviyyəli hərbi hava qüvvələri rəsmiləri iştirak ediblər.

367 Milyon Dollarlıq Saziş

Küveyt ötən il Türk müdafiə sənayesi şirkəti Baykar ilə imzalanmış 367 milyon dollarlıq saziş çərçivəsində Bayraktar TB2 SİHA-larını tədarük etmişdi. Bu saziş Körfəz ölkəsinin müdafiə sahəsindəki müasirləşmə prosesinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.

"Vizyonumuza Uyğun"

Mərasimdə təqdim olunan texniki təqdimatda Bayraktar TB2-nin kəşfiyyat, müşahidə və hava dəstəyi təmin etmə kimi imkanları ətraflı şəkildə nümayiş etdirildi. Şeyx Abdullah Əl-Sabah çıxışında "İnsansız hava aparatlarının inteqrasiyası hərbi hazırlığı artırmaq və müasir texnologiyalara ayaqlaşmaq istəyən Küveyt ordusu rəhbərliyinin vizyonuna uyğundur" deyib.

Türkiyədə Təlimlər

Küveyt ordusunun Hərbi Hava Qüvvələrinə bağlı pilotlar və sistem operatorları fevral ayında Türkiyədə, Baykarın Kısa bölgəsindəki təlim mərkəzində Bayraktar TB2 üzərində hərtərəfli təlim keçiblər. Bu təlimlərdən sonra bu insansız hava aparatları Küveyt hava məkanında rəsmən fəaliyyətə başlayıb.

Bayraktar TB2-nin Uğurları

Müdafiə naziri Əl-Sabah, təkmil sistemlərin sadəcə alınmasının deyil, həm də yerli mütəxəssis bazası ilə səmərəli şəkildə istifadə edilməsinin vacibliyini vurğuladı. "Hava məkanımızı, sərhədlərimizi və resurslarımızı qorumaq üçün yerli kadrların hazırlanması və müasir sistemlərin düzgün istifadəsi artıq prioritetimizdir" dedi. Bayraktar TB2 bu günə qədər Ukrayna, Suriya, Liviya və Azərbaycan kimi münaqişə zonalarında sahədəki uğurları ilə diqqət çəkib. Küveytin bu sistemləri inventarına qatması Türk müdafiə sənayesinin beynəlxalq təsirini bir daha nümayiş etdirdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz