Dünyada indiyə qədər aşkar edilmiş ən böyük
Mars meteoriti iyul ayında hərraca çıxarılır. Nadirliyi və nəhəng ölçüsü ilə elm dünyasında böyük həyəcan yaradan bu meteorit parçası, 4 milyon dollara satılacağı gözlənilir.
ÖLÇÜSÜ İLƏ HEYRƏTLƏNDİRİR
CNN International-ın məlumatına görə, Marsdan qoparaq Yerə gəlib çatan bu unikal meteorit NWA 16788 adı ilə tanınır. Tam 24.5 kiloqram ağırlığında olan bu daş, adətən bir neçə qramlıq hissələr şəklində tapılan Mars mənşəli meteoritlərin 70 faizindən daha böyükdür. Sotheby’s Hərrac Evinin açıqlamasına əsasən, bu, sadəcə bir "daş" deyil; insanlıq ilə
Qırmızı planet arasında fiziki əlaqə yaradan müstəsna bir parçadır.
KƏŞFİ VƏ XÜSUSİYYƏTLƏRİ
Bu meteorit 2023-cü ilin noyabrında Nigerin Aqadez bölgəsində aşkar edilib. Elm adamlarının təhlillərinə görə, bu qaya Mars səthindən böyük bir asteroid zərbəsi nəticəsində kosmosa atılıb və səyahəti zamanı bəzi hissələri şüşələşərək xüsusi bir xarici qabıq əmələ gətirib. Yer atmosferinə daxil olarkən səthində yaranan şüşəvari qabıq da bu nadir parçanı misilsiz edir.
"BİR DAHA BELƏSİ OLMAZ"
Bu günə qədər Yer kürəsində cəmi təxminən 400
Mars meteoriti tapılıb. Lakin bu nümunə, həm ölçüsü, həm də mükəmməl qırmızı çalarları ilə elm dünyasında "bir nəsildə bir dəfə rast gəlinən" kimi qiymətləndirilir. Sotheby’s-in Elm və Təbiət Tarixi üzrə vitse-prezidenti Kassandra Hatton bu daş haqqında deyib: "Zamana və kosmosa meydan oxuyan, möhtəşəm və təsirli bir kəşfdir. Belə bir nümunə bir daha rast gəlinməyə bilər."
HƏRRACA ÇIXARILIR
NWA 16788, 16 iyulda Nyu-Yorkdakı Sotheby’s Hərrac Evində satışa çıxarılacaq. Lakin bu unikal parçanın satılması bəzi elm adamları arasında müzakirələrə səbəb olub. Edinburq Universitetindən paleontoloq Stiv Brüsatt, "Bu daş bir milyarderin sərvətinə deyil, bir muzeyə aid olmalıdır. Uşaqların, ailələrin görə biləcəyi, elmin xidmətində olması lazım olan bir əsərdir," deyərək satış qərarına etiraz edib.
ELMİ TƏDQİQATLAR VƏ MÜZAKİRƏLƏR
Lakin İngiltərədəki Lester Universitetindən planetoloq Culiya Kartrayt, "Meteoritlərin özəl kolleksiyalara daxil olması elmi araşdırmaları da təşviq edir. Təklif-tələb əlaqəsi olmasaydı, əlimizdə bu qədər çox nümunə olmazdı," deyərək bu cür satışların elmi baxımdan da əhəmiyyətli olduğunu vurğulayıb.
SATIŞ REKORDU QIRA BİLƏR
Digər tərəfdən, bu daşın bir referans nümunəsi hazırda Çindəki Purple Mountain
rəsədxanasında qorunur. Yəni elm adamları tamamilə əl boş deyil. 2021-ci ilin martında yenə Marsdan gəldiyi müəyyən edilən daha kiçik bir meteorit parçası Christie’s-də 200 min dollara satılmışdı. Həmin daşın ilkin dəyərləndirməsi cəmi 30-50 min dollar arasında idi. Bu da NWA 16788-in satışında rekord qırılma ehtimalını artırır.
24 saat