PSJ və Mbappe arasında böyük mübahisə
2024-cü ilin yayında İspaniyanın Real Madrid klubuna transfer olan Mbappe ilə PSJ arasındakı əməkhaqqı və müqavilə anlaşılmazlığına dair məhkəmə prosesi Paris Əmək Məhkəməsində başlayıb.
L'Equipe nəşrinin məlumatına görə, Mbappe PSJ-dən psixoloji təzyiq üçün 37,5 milyon, müəyyən edilmiş müqavilə şərtlərinin dəyişdirilməsinə cəhd göstərildiyi üçün 6,25 milyon, 13,65 milyon bildiriş kompensasiyası, 25,7 milyon qanuni işdən çıxarılma müavinəti, əsassız işdən çıxarılma səbəbi ilə 44,6 milyon, 40,4 milyon imza bonusu (məzuniyyət haqqı daxil olmaqla), 2024-cü ilin aprel-iyun ayları üçün 19 milyon məbləğində əməkhaqqı və məzuniyyət haqqı, 1,65 milyon etik bonusu, 37,5 milyon gizli əlavə iş üçün, 18,75 milyon iş müqaviləsinin əsassız ləğvi səbəbi ilə və 18,75 milyon avro təhlükəsizlik öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə olmaqla ümumilikdə 260 milyon avro tələb edir.
İndiyədək susqunluğunu qoruyan PSJ isə keçmiş kapitanından 440 milyon avro tələb edərək cavab verib.
PSJ ittihamları rədd edir
Paris klubunun tələbini "misli görünməmiş məbləğ" kimi qiymətləndirən Mbappe'nin vəkilləri, futbolçunun ölkəsinin ədalətinə güvəndiyini bildirib.
Keçmiş futbolçusunu, 2022-ci ilin iyul ayından 2023-cü ilin iyun ayına qədər təxminən 11 ay ərzində müqaviləsini uzatmamaq qərarını gizlətməkdə və klubunu gəlirli bir transferdən məhrum etməkdə ittiham edən PSJ, Mbappe'nin 2023-cü ilin yayındakı razılaşmaya əsasən azad agent kimi getməsi halında müqavilənin sonunda almalı olduğu bəzi məbləğlərdən imtina etməli olduğunu iddia edir. Mbappe və ətrafındakılar isə PSJ-nin ortaya atdığı şifahi razılaşmanı rədd edir.
Məhkəmənin qərarını dekabrın 16-da açıqlaması gözlənilir.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz