MACARISTANIN QƏDİM KİTABXANASINI BÖCƏKLƏR BÜRÜDÜ
Macarıstanda yerləşən 1000 illik Pannonhalma kitabxanası işğalçı "aptek böcəyi" kimi tanınan həşəratların hücumuna məruz qalıb. Nəticədə çoxsaylı tarixi kitablar rəflərdən endirilərək xüsusi qutulara yerləşdirilib. Böcəklərin tamamilə məhv edilməsi üçün genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb.
ÖLKƏNİN ƏN QƏDİM KİTABXANASI
Pannonhalma Başarxiyepiskopluğu ölkənin ən qədim kitabxanalarından birinə ev sahibliyi edir. Lakin bu minillik kitabxana, bəzən "çörək böcəyi" də adlandırılan invaziv aptek böcəklərinin hücumu ilə üzləşib. İstila sonrası bərpa qrupları tərəfindən təxminən 100 minə yaxın əl işi kitab rəflərdən götürülərək xüsusi qutulara yerləşdirilib.
Adətən quru qidalarda rast gəlinən bu qəhvəyi böcəklər, kitab cildlərində istifadə olunan jelatin və nişasta tərkibli yapışqanlara da maraq göstərirlər.
"BU SƏVİYYƏDƏ İSTİLA GÖRMƏMİŞDİK"
400 min illik kolleksiyanın dörddə bir hissəsini saxlayan bölmədə aşkarlanan bu böcəklərlə bağlı baş bərpaçı Zsófia Edit Hajdu şərh verib: "Böcəklər bir neçə bölmədə aşkarlandı, lakin artıq bütün kolleksiyaya yayılıb. Biz əvvəllər bu səviyyədə bir invaziya ilə heç qarşılaşmamışdıq."
HƏR ŞEY TOZ LAYI İLƏ AŞKAR OLDU
Böcəklərin kitabxananı işğal etməsi, həddindən artıq toz qatının və kitablarda yaranan dəliklərin aşkarlanması ilə məlum olub. İşçilər ən qədim əsərlərin hələ zərər görmədiyini bildiriblər.
MÜHARİBƏLƏRDƏ BELƏ ZƏRƏR GÖRMƏMİŞDİ
Macar Krallığı qurulmazdan əvvəl, 996-cı ildə təsis edilmiş Pannonhalma Başarxiyepiskopluğu, ölkənin və Mərkəzi Avropanın ən mühüm dini və mədəni mərkəzlərindən biridir. Yüz illər ərzində bir çox müharibə və dağıntıdan zərər almadan çıxan bu Başarxiyepiskopluq indi UNESCO Ümumdünya İrsi siyahısındadır.
NADİR ƏSƏRLƏR ZƏRƏR GÖRMƏDİ
Kolleksiyada 13-cü əsrə aid tam İncil də daxil olmaqla 19 kodeks, çap maşınının ixtirasından əvvəl yazılmış yüzlərlə əlyazma, 16-cı əsrdən sonrakı on minlərlə kitab mövcuddur. Nadir və ən qədim əsərlər bölməsi hələlik zərər görməyib.
KİTABLAR OKSİGƏNSİZ TORBALARDA QORUNACAQ
Kitabxanada ətraflı dezinfeksiya işləri davam edir. Kitablar oksigeni alınmış böyük plastik torbalara yerləşdirilərək təxminən altı həftə təmiz azotda saxlanılacaq. Kitablar yerləşdirildikdən sonra tək-tək yoxlanılacaq və vakuumla təmizlənəcək.