SAXTA QAPI 'O BİRİ DÜNYAYA' AÇILIR
Arxeoloqlar, şahzadənin yeraltı məzarında apardıqları araşdırmalarda, çəhrayı qranitdən hazırlanmış 4.5 metr hündürlüyündə və 1.15 metr enində nəhəng bir saxta qapı aşkar etdilər. Saxta qapılar Qədim Misir məzar memarlığında fiziki olaraq açılmayan, lakin ruhani keçid kimi qəbul edilən simvolik tikililər idi.
SIRR QAPISI, AMMA HEÇ YERƏ APARMAYAN KEÇİD
Əslində heç bir yerə açılmayan bu qapının, dünyasını dəyişən şəxsin ruhunun "o biri dünyaya" keçə bilməsi üçün hazırlandığına inanılır. Mövzu ilə bağlı açıqlama verən Kembric Universitetindən Dr. Melani Pitkin bu cür tikililərin məzar sahiblərinə əbədi həyatda bələdçilik etdiyini bildirir: "Saxta qapının qarşısında toplanan yaxınları və kahinlər, dünyasını dəyişən şəxsin adını ucadan oxuyaraq ona qurbanlar təqdim edirdilər. Bu, o biri dünyadakı həyatın davamı üçün müqəddəs bir ritual idi."
ŞAHZADƏNİN RÜTBƏLƏRİ İLƏ BƏZƏLİ QAPI ONUN GÜCÜNÜ GÖSTƏRİR
Qapının üzərindəki ieroqlif yazılar Şahzadə Userefreyə aid rütbələri günümüzə çatdırır. Yazılar arasında "İrsi Şahzadə", "Buto və Nexbet Bölgələrinin Valisi", "Kral Katibi", "Hakim", "İlahi Oxucu" və "Nazir" kimi təsir edici rütbələr yer alır. Bu qədər yüksək statusa malik olmasına baxmayaraq, Şahzadə Userefrenin varlığı indiyədək elm dünyası tərəfindən bilinmirdi. Bu da kəşfi daha da əhəmiyyətli edir.
ÇƏHRAYI QRANİT KRAL İMTİYAZI İDİ
Arxeoloqların fikrincə, məzarda tapılan saxta qapının təkcə ölçüləri deyil, materialı da diqqət çəkir. Həmin dövrdə məzar tikililərində adətən əhəng daşından istifadə edildiyi halda, çəhrayı qranit yalnız kral ailəsi üzvləri üçün nəzərdə tutulurdu. Üstəlik, bu dəyərli daş təxminən 650 kilometr uzaqlıqdakı Asvan bölgəsindən gətirilmişdi. Bu da Şahzadə Userefrenin sadə bir zadəgandan daha artıq olduğunu göstərir.
Qazıntı işlərinə Qədim Əsərlər Naziri Dr. Zahi Havassın rəhbərlik etdiyi qrup davam edir. Alimlər hazırda Şahzadə Userefrenin əsas dəfn olunduğu məzar otağını tapmağa çalışırlar. Məzar tamamilə aşkar edildikdə, Qədim Misirin sosial quruluşu və ölüm inancına dair daha çox məlumat əldə ediləcəyi gözlənilir.
Oxucu Şərhləri
Şərh Yaz