Arda Güler: "Madridə qayıdanda qalib tərəfdə olmaq istəyirəm"
Türkiyə milli komandası 2026 Dünya Çempionatı seçmə mərhələsində İspaniya ilə Konya şəhərində qarşılaşacaq. Oyundan öncə baş məşqçi Vinçenzo Montella və Arda Güler mətbuat konfransında fikirlərini bölüşüb.
"Real Madrid"də çıxış edən Arda Güler çətin bir oyun olacağını qeyd edərək, "Sabah bizim üçün çox önəmli bir oyun olacaq. Qalib gələn komanda, böyük ehtimalla, qrupda liderliyə yüksələcək. İspaniya topa daha çox nəzarət edə bilər, ancaq biz də evdə oynadığımız üçün təzyiq göstərmək istəyirik. Onlar son 25 oyunda məğlub olmayıblar, buna görə onlara hörmət edirik. Amma biz də nə edə biləcəyimizi bilirik. Dani Karvahal ilə bu oyun haqqında danışdıq. Ona nə qədər çətin olacağını dedim, onlar da bunu bilirlər. Türkiyədəki atmosferi də bilirlər. Madridə qayıdanda qalib tərəfdə olmaq istəyirəm və ümid edirəm ki, qalib gələcəyik" deyə bildirib.
Yamal haqqında fikirlər
Lamin Yamal ilə bağlı suallara cavab verən Arda Güler, "Yamal məni təəccübləndirmir, sabah da bizə qarşı çətinlik yaratmağa çalışacaq. Biz də öz futbolçularımıza hörmət edib əlimizdən gələni edəcəyik. Taktika ilə bağlı çox detallı məlumat vermək doğru olmaz. Onlar topa sahib olmağa çalışacaqlar, biz isə topu ələ keçirdiyimiz zaman sürətli keçidlər edə bilərik. Ümid edirəm ki, sabah bu keçidləri edə biləcəyik.
Dünya çempionatına getmək ən böyük arzusudur, amma hər oyuna ayrı-ayrılıqda baxmağa çalışırıq. Yamal ilə bağlı çox şey demək istəmirəm, çünki eyni mövqedə oynamırıq" ifadələrini işlədib.
Montella: "Arda böyük bir istedad"
Vinçenzo Montella oyun planları ilə bağlı ipucları verib. İspaniyanın kompakt bir komanda olduğunu vurğulayan italiyalı məşqçi, "Yamal çox yaxşı futbolçudur, ancaq İspaniya milli komandası yalnız Yamaldan ibarət deyil. Yamala qarşı ikili müdafiə qurub-qurmamaq məsələsini dəyərləndirməliyik. Bu barədə qərarımı açıqlamayacam. Dani Karvahal və Rodri zədədən qayıdıb son oyunda oynadılar. Bizim üçün taktik baxımdan çox şey dəyişmir, çünki oxşar xüsusiyyətlərə malikdirlər. İdmançı üçün zədədən sonra meydanda olmaq sevindiricidir.
Ötən mövsümün sonlarında davamlı oynamağa başlamışdı. Arda böyük bir istedadır, hər mövqedə oynaya biləcəyini bilirik. "Real Madrid"də bir qədər geridə oynayır, amma Xabi Alonsonun rəqibə görə mövqeləri dəyişdiyini gördük. Gürcüstana qarşı çox yaxşı oyun keçirdik, ön xəttdəki təzyiqlərdən istifadə etdik. Bu düşüncə tərzini davam etdirməliyik. Bu oyunu qazanmaq və ya uduzmaq kimi ifadələr işlətmirik. Biz hər oyuna qələbə üçün çıxırıq" deyə bildirib.
"Konyada böyük sevgi hiss edirik"
Kərəm Aktürkoğlunun qol vurmaq bacarığını da qeyd edən Montella, "Məncə, Kərəm Aktürkoğlu qol vurma qabiliyyətinə görə əla işlər görür. Əgər bir futbolçu qolu hiss edə bilirsə, onu rəqib qapısına yaxın tutmaq faydalıdır" deyə əlavə edib.
Montella sözlərini bu ifadələrlə tamamlayıb: "Konyaya gəldiyimiz hər dəfə böyük bir sevgi hiss edirik. Bütün azarkeşlərimiz sabah qırmızı formayla gəlsələr, birlikdə gözəl bir görüntü yaratmış olarıq. Bizi ruhlandıran bir məqamı vurğulamaq istəyirəm. Qadın voleybol milli komandası və kişi basketbol milli komandalarını təbrik edirəm. Onlar bizi qürurlandırırlar. Biz də ümid edirik ki, sabah onlar kimi qürurlandırmağa davam edəcəyik."
Oxucu Şərhləri
Şərh Yaz