Mourinho'nun Benfika sərgüzəştinə gözlənilməz başlanğıc
Portuqaliya futbolunun yeni siması, məşhur məşqçi Joze Mourinho "Benfika" komandasının baş məşqçisi kimi ilk ev oyununda gözlənilməz bir nəticə ilə qarşılaşıb. "Fənərbaxça"dan ayrılaraq "Benfika"nın sükanı arxasına keçən Mourinho, komandasının Portuqaliya Liqasında autsayder "Rio Ave" ilə 1-1 hesablı heç-heçə etməsinin şahidi olub.
Oyunun 86-cı dəqiqəsində Sudakovun qolu ilə hesabda önə keçən "Benfika", 90+1-ci dəqiqədə Andre Luizin qoluna əngəl ola bilməyib və nəticədə meydanı bir xalla tərk edib. Bu heç-heçə, Joze Mourinhonun yeni komandası ilə ilk puan itkisi kimi tarixə düşüb.
Mourinho VAR qərarlarından narazıdır
Liqada keçirdiyi 6 oyundan sonra 14 xal toplayan və 3-cü pillədə qərarlaşan "Benfika", lider "Portu"dan 4 xal geri qalır. Oyun sonrası müsahibəsində təcrübəli məşqçi, Video Köməkçi Hakimin (VAR) qərarlarını sərt şəkildə tənqid edib. "Bir qol vurursunuz, lakin bu günün futbolu kiminsə ayağına basıldığı və ya formanın yüngülcə dartıldığı üçün ləğv edilirsə, mən bu futbolu sevmirəm" – deyə Mourinho bildirib.
"Nəticədə, Futbol Şəhərində oturub hakimi hamımızın gördüyü şeyi izləməyə çağıran bir bəy olur, bir də şəxsiyyəti olmayan və VAR-ın dediyinin ardınca gedən bir hakim. Çağırıldığını görən kimi bilirdim ki, qol ləğv ediləcək. Cərimə meydançasına girmək üçün hər şeyi etdik, lakin cərimə meydançasında böyük bir varlığı olan komanda deyilik. Başqa yollar sınadıq, bacardıq, gözəl bir qol vurduq və sonra ədalətsiz bir nəticə ortaya çıxdı. Ancaq futbol belə nəticələrlə uzlaşmır" – deyə o, fikrini tamamlayıb.
Oxucu Şərhləri
Şərh Yaz