Bakı İstintaq Təcridxanasının (BİT) tibb məntəqəsindəki həkimlərdən uzmanlıqlarını soruşduqda ya “feldşer”, ya da “terapevtəm” cavabını alırıq. İxtisaslı kadrlar maaş azlığı səbəbindən təcridxana işləmək istəmirlər.
Qəbulunda olduğum günlərin birində həkimdən 2-3 aydır yolunu gözlədiyim ginekoloqun niyə gəlmədiyini soruşdum. Mənə “Əşşi, neyləyirsən ey buranın ginekoloqunu? Guya gəlib neyləyəcək ki?” - dedi. Dedim, bəs savadlı həkim deyil ki? Rahat bir şəkildə üzünü turşudub “Savadlı həkimin burada nə işi var? 800 manat maaşa hansı savadlı həkim burada işləyər?” - deyə sorğulamışdı. İllərdir BİT-də işləyən bu həkimin dürüstlüyündən dilim tutuldu və söhbət o andaca bitdi. Qadınlar korpusunun sözügedən həkimi hazırda barəsində istintaq araşdırması başladıldığı və işdən çıxarıldığı bildirilən mayor Güney Həsənovadır. Hazırda istintaq çərçivəsində Güney Həsənovanın qadınlar korpusunda rúşvət aldığı, problem yaşadığı şəxslərdən ifadələr alınır. Ötən yazımızda da Həsənovanın rüşvət qarşılığında tibbi yardım göstərməsindən bəhs etmişdik. Burada həkimlər ya Güney Həsənova kimi rüşvət alaraq dolanmalı, ya da başqa iş axtarmalı olurlar.
Qadın korpusuna yeni gətirilən kadr feldşerdir. Heç bir ixtisaslı həkim olmadığı üçün saxlanılanların bütün xəstəliklərinin müayinə və müalicəsi Könül Əsgərovaya tapşırılıb. Əslində 4 saylı Cəzaçəkmə Müəssisəsinin həkimi olsa da, kadr çatışmazlığından 2 aydır təcridxanaya gəlir.
Əsgərova allergiyasının artması şikayəti ilə müraciət edən dustağa Duz dağına getməsini məsləhət görür. Saxlanılan şəxslərdən “təcrübə siçanı” kimi istifadə etməkdən də çəkinmir. Bu yaxınlarda otaq yoldaşıma deyib ki, “Yazdığım dərmanı istifadə et, gör, yaxşı təsir edirsə, oğluma da alım”.
Üstəlik korpusun əvvəlki həkimi ilə bağlı araşdırma başladığından gözü qorxub, pulu kart vasitəsilə yox, nağd şəkildə istəyir. Həm də 1 dəfə iynə vurmaq üçün 20 AZN...
Həkim otağında konfidensiallığa da önəm verilmir. Bir neçə nəfər eyni anda içəridə olduğu üçün bir-birlərinin şikayətini eşidirlər. Həkim hamiləlik testi istəyən qadına “Müəssisə hamiləlik testi vermir, kimdən hamiləsinizsə, deyin, testi də o alıb gətirsin” dediyi zaman otaqda gülüşünü boğmağa çalışan başqaları da vardı.
Bakı İstintaq Təcridxanasında tez-tez qadınların başına bit düşür. Buna səbəb su çatışmazlığıdır. İsti su həftədə 2-3 saat olmaqla cəmi 2 dəfə verilir. Soyuq su isə gündə 2 dəfə - səhər və axşam 1 saat verilir. On nəfərin saxlanıldığı kameralarda qadınlar bir nəfərə 10 dəqiqə vaxt qoyurlar ki, hamısının bədəninə isti su dəysin. Amma 10 dəqiqəyə necə təmizliyə çıxmaq olar? Beləliklə kameralarda bit yayılmağa başlayır. Dustaqlar qadın korpusunun idarəçilərindən bir əleyhinə dərman istəsələr də, ən yaxşı halda türkəçarə təklifləri ilə qarşılaşmalı olurlar.
Məsələn, bu yaxınlarda çoxnəfərlik kameraların birində qadının saçına bit düşdü. Rejim rəisi Təranə Quliyeva dərman əvəzinə, qadına alma sirkasi verib yola salıb ki, bununla başına çarə qılsın. Sirkə kömək eləməyib, otaq yoldaşları qadının saçındakı bitləri bir-bir əlləri ilə təmizləməyə başlayıblar. Bu üsul da köməyə çatmayanda bəzi qadınlar saçlarını dibdən qırxdırmağa məcbur qalırlar. Nəticəsi nə olsa da, bit əleyhinə dərman BİT-ə yol tapmır.
Korpusda xeyli ağır xəstəliyi, yüksək təzyiq, yüksək şəkərli diabetdən əziyyət çəkən insanlar olsa da, təcridxananın tibb məntəqəsinə sağlam insanları köçürürlər. Hazırda korpusda görmə əlilliyi olan şəxs saxlanılır. Gözləri görmədiyi üçün ona xüsusi qayğı, normal şərait lazımdır. Tibb məntəqəsinin şəraiti korpusdan daha yaxşı və əlilliyi olan biri üçün daha uyğun olsa da, bu xanım korpusda kameга-каmега gəzdirilir. Nəzarətçilər onu otaq yoldaşlarına əmanət edirlər, amma heç kim əziyyətini çəkmək istəmədiyi üçün ən yaxşı halda 1 həftədən sonra başqa kameraya köçürülür.
Bir neçə həftə əvvəl isə nəzarətçi 2 kameraya yaxınlaşıb “Sançastda kim qalmaq istəyir? Qəşəng, kondisionerli otaqdır, bir nəfər çatmır otağa” - deyib manatlıq taksiyə sərnişin axtarırmış kimi tibb məntəqəsinə dustaq axtarırdı. Ora göndərməyə sağlam dustaq tapıldı, amma gözdən əlilliyi olan şəxs hələ də korpusda otaq dəyişir.
Tibb məntəqəsində USM, rentgen və kardioqram aparatı var. Aparatların üçü də köhnədir. Uşaqlıq kisəsi əməliyyatla çıxarılmış qadına “hamilə” diaqnozu qoyduqdan sonra USM-nin dəqiqliyi şübhə altına düşüb.
Martda 5 aylıq hamilə qadın 1 haftə ərzində ağrı çəkdiyini, qanaxması olduğunu desə da, nə həkimi, nə nəzarətçiləri buna inandıra bildi. Nəticədə lazımi tibbi yardım ala bilmədiyi üçün bətnindəki körpəsini itirdi. Korpusdakı etirazları sakitləşdirmək üçün baş həkim Vüqar Həsənov kameraları gəzməyə başladı. Müdafiə cümləsi də belə oldu. “Guya çöldə qadınlar uşaqlarını itirmir ki? İşdi də olub”. Bir tərəfdən də inandırmağa çalışırdı ki, körpəsini itirməyinə qadın özü səbəb olub.
Söhbət zamanı immunitetimin zəif olduğunu, tez-tez xəstələndiyimi dedim. Həsənov vitamin qəbul etməli olduğumu dedi və yanındakı həkimə tərəf dönüb soruşdu: “A vitamini idi o, yoxsa E?”
Gecə növbəsi üçün 4000-dən yuxarı şəxsin saxlanıldığı təcridxanaya 1 həkim təyin olunub. Saxlanılan şəxslərin problemlərindən asılı olmayaraq növbətçi həkimin tək həll yolu ucuz ağrıkəsicilər olur. Bəzən olur ki, gecə kiminsə halı pisləşdikdə iynə vurmağı bilən bir başqa məhbusu kamerasından çıxarıb iynə vurdururlar. Bəzən də həkim iynəni məhbusa verir ki, “otaq yoldaşın vursun”. Nəticədə təcridxanada saxlanıldığım 1 il 9 ayda məcburən iynə vurmağı öyrəndim. Əks göstərişi olarsa, məsuliyyəti bölüşəcəklərmi, bilinmir.
Əgər dişiniz ağrıyırsa və pulunuz yoxdursa, dişinizi çəkdirməli olacaqsınız, çünki digər bütün prosedurlar ödənişlidir.
Umumilikdə isə təcridxanada ixtisaslı həkimlər yoxdur deyə qoyulan diaqnozun dəqiqliyinə həmişə şübhə yaranır. Diaqnoz dəqiq olmadıqdan sonra təyin olunan dərmanların dərdə dəva olacağına ümid olmur. Elə buna görə də dustaqların azadlıqdan sonrakı ikinci arzusu burada xəstələnməməkdir.
Nərgiz Absalamova
Bakı İstintaq Təcridxanası
Oxucu Şərhləri
Şərh Yaz