NATO ölkələrinin liderləri ilk dəfə olaraq Haaqada bir araya gəldilər. Rusiyanın artan təhdidləri və ABŞ-ın təzyiqi ilə çağırılan
NATO zirvəsində, hərbi xərclərin artırılması barədə yekdil qərar qəbul edildi. Bu, müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan mühüm bir addım kimi dəyərləndirilir.
YENİ NATO DÖVRÜ VƏ HƏRBİ XƏRCLƏR
Finlandiya Prezidenti Aleksandr Stubb Haaqadakı
NATO zirvəsi öncəsi jurnalistlərə verdiyi açıqlamada, "Məncə, biz yeni bir NATO-nun doğuşuna şahid oluruq ki, bu da daha balanslı və Avropanın daha çox məsuliyyət daşıdığı bir NATO deməkdir," deyib. Bu bəyanat alyansın gələcək istiqaməti ilə bağlı siqnallar verdi. NATO üzvü dövlətlər müdafiə xərclərini ÜDM-lərinin yüzdə 5-nə çatdırmaq üçün hazırlıqlara başladılar. Lakin İspaniya hərbi xərclərini artırmaqdan imtina etdiyini bəyan etdi.
AİLƏ FOTOSU DİQQƏT ÇƏKDİ
NATO iclasının açılışında ABŞ prezidenti
Donald Tramp, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə oturması diqqət mərkəzində oldu. Bu üç lider NATO-nun Baş katibi Mark Ruttenin dərhal sağında yer aldı. Prezident Ərdoğanın NATO liderləri ilə yaxın münasibətləri, dairəvi masada əyləşməzdən əvvəl çəkilən ailə fotosunda da özünü büruzə verdi. ABŞ prezidenti
Donald Tramp Prezident Ərdoğanla yanaşı, ailə fotosunun önündə göründü.
ƏRDOĞAN VƏ TRAMP NƏ MÜZAKİRƏ ETDİ?
ABŞ prezidenti
Donald Tramp ilk üzbəüz görüşünü Prezident Ərdoğanla keçirdi. İki lider 45 dəqiqə ərzində ikitərəfli münasibətlər və regional məsələləri müzakirə etdilər. Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsindən verilən məlumata görə, Prezident Ərdoğan "Trampın səyləri nəticəsində İsrail-İran arasında əldə olunan atəşkəsi məmnunluqla qarşıladığını və bunun qalıcı olmasını arzuladığını" bildirib. Görüşdə
F-35 döyüş təyyarələrinin tədarükü və Suriyadakı vəziyyət kimi məsələlərin də müzakirə olunduğu ehtimal edilir. Açıqlamaya görə, hər iki lider NATO-nun qabaqcıl müttəfiqləri olaraq, "alyansın çəkindirici gücünün möhkəmləndirilməsi üçün atılacaq addımların əhəmiyyətinə" diqqət çəkdilər.
İRAN HÜCUMU UĞURLU OLDUMU?
NATO zirvəsindən dərhal əvvəl Baş katib Rutte ilə birgə mətbuat konfransı keçirən ABŞ prezidenti
Donald Tramp, İrandakı nüvə obyektlərinə qarşı hava hücumundan sonra aparılan ilkin kəşfiyyat qiymətləndirməsinin aydın olmadığını bildirdi. Tramp, "Kəşfiyyat çox aydın deyil. Nə olduğunu bilmirik. Bəlkə də çox böyük dağıntı olub. Kəşfiyyat buna işarə edir," deyib. Daha sonra o, "Çox böyük idi. Məhv edildi," ifadəsini işlətdi. O, İsrail agentlərinin Fardoya gedərək hücumdan sonra qiymətləndirmə apardığını və agentlərin "böyük dağıntı" olduğunu bildirdiyini qeyd etdi.
Donald Tramp İranın nüvə proqramının on illərlə gerilədiyini də əlavə etdi. Lakin Amerika kəşfiyyatının və ABŞ mediasının hücumun İranın nüvə qabiliyyətini məhv etmədiyini və yalnız bir neçə ay geriyə atdığını qiymətləndirdiyini də vurğuladı. Bu hesabatlarla bağlı suala cavab verən Tramp, "Onlar həqiqətən də işlərini bilmirlər, İranın nüvə proqramı məhv edilib," cavabını verdi. İran yenidən nüvə zənginləşdirmə proqramına başlasa, ABŞ-ın yenidən hücum edib-etməyəcəyi sualına isə Tramp, "Əlbəttə," cavabını verdi.
TRAMP: "İRAN HÜCUMU QƏZZƏ MƏSƏLƏSİNİ HƏLL EDƏCƏK"
İsrail ilə İran arasında atəşkəsin uğurla davam etdiyini bildirən ABŞ prezidenti
Donald Tramp, bunun hamı üçün böyük bir qələbə olduğunu söylədi. Tramp həmçinin, İrana qarşı hücumun Qəzzadakı girovların azad edilməsi prosesinə də kömək edəcəyini iddia etdi. "Qəzzə mövzusunda böyük irəliləyiş əldə edirik," deyən Tramp, bu prosesin davam etdiyini vurğuladı.
24 saat