Dünya 15.07.2025

Netanyahu-nun 'toplama düşərgəsi' qalmaqalı

Netanyahu-nun 'toplama düşərgəsi' qalmaqalı

Netanyahu və Rafahın “İnsani Yardım Şəhəri” Planı

İsrailin baş naziri Netanyahu ötən axşam hərbi rəsmilər və bəzi nazirlərlə birlikdə Təhlükəsizlik iclası keçirib. Görüşdə Qəzzada atəşkəs müzakirələri, habelə Rəfah şəhərində salınması planlaşdırılan və beynəlxalq ictimaiyyət tərəfindən "toplama düşərgəsi" kimi qiymətləndirilən sözügedən "insani yardım şəhəri" layihəsi diqqət mərkəzində olub. Hərbi səlahiyyətlilər toplantıda Rəfahda 600 min fələstinli üçün nəzərdə tutulan çadır şəhərinin hazırlanmasının bir ildən çox çəkə biləcəyini bildiriblər.

Müzakirələr və Gərginlik

Netanyahunun bu qiymətləndirməyə kəskin etiraz etdiyi və daha real zaman cədvəli təqdim edilməsini tələb etdiyi qeyd olunur. İsrail mətbuatının məlumatına görə, baş nazir dəyəri 10-15 milyard dollar civarında gözlənilən çadır şəhərinin daha sürətli, ucuz və praktik şəkildə həyata keçirilməsini müdafiə edərək, təkmilləşdirilmiş bir plan tələb edib. Eyni iclasda iştirak edən nazirlər isə ordunu layihəni sabotaj etmək üçün qeyri-real plan təqdim etməkdə günahlandırıblar.

Daha əvvəl İsrail ordusunun Rəfahda "insani yardım şəhəri" adı altında "toplama düşərgəsi" qurmaq planına etiraz etdiyi irəli sürülmüşdü. Haaretz qəzetinə danışan yüksək rütbəli hərbi rəsmilər Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasına dair danışıqlar davam edərkən belə bir planın həyata keçirilməsinin ordu üçün mümkün olmadığını vurğulamışdılar. İsrailin müdafiə naziri Yisrael Katz isə Baş Qərargah rəisi Eyal Zamirə Rəfahda "insani yardım şəhəri" qurulması üçün plan hazırlamağı tapşırdığını açıqlamışdı. O, plan çərçivəsində ilk mərhələdə 600 min, daha sonra isə Qəzzadakı bütün fələstinlilərin bölgəyə sürgün edilməsini hədəflədiklərini və bunun üçün "çadır şəhər" salacaqlarını bildirmişdi.

BMT-dən Çağırışlar

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Nyu-Yorkda jurnalistlərə açıqlama verərək, Qəzzadakı vəziyyəti dəyərləndirib. Quterreş, "Qəzzada vəziyyət dəhşətlidir. Atəşkəs kifayət deyil, fələstinlilərin də İsraillilər kimi öz hüquqlarından istifadə edə biləcəkləri bir dövlətə sahib olmaları zəruridir" ifadələrini işlədib.

24 saat