Gündəm 30.10.2025

Polis əməliyyatında 180 nəfər həlak oldu: Küçələrə meyitlər düzüldü

Polis əməliyyatında 180 nəfər həlak oldu: Küçələrə meyitlər düzüldü
Rio de Janeiro’nun yoxsul məhəllələrindən birində, səhərin erkən saatlarında onlarla cəsəd səki boyunca düzülmüşdü. Bəzilərinin üzərində yalnız alt paltarları vardı. Digərləri isə yorğanlarla örtülmüşdü. Gecəboyu məhəllə sakinləri cəsədləri meşədən çıxarıb meydana daşımışdılar. Cəmi bir gün əvvəl, Rio de Janeiro küçəsində cansız yatan bu insanlar Braziliya polisinin indiyədək keçirdiyi ən qanlı əməliyyatının hədəfi olmuşdu. Onların əksəriyyətinin ölkədə paralel cinayət dövləti strukturu yaradan kartellərlə əlaqəsi vardı. Heç biri bir gün, bir gecə davam edən toqquşmalardan sağ çıxa bilmədi. Geriyə yalnız güllə izləri və cəsədlər qaldı.

BİR GÜN, BİR GECƏLİK QANLI TOQQUŞMA

Toqquşmalar, şəhərin şimalında yerləşən və favela adlanan yoxsul məhəllədə fəaliyyət göstərən Red Command (Qızıl Komanda) adlı kartel dəstəsini hədəf almışdı. Favelada hökumət funksiyalarını yerinə yetirən bu kartel, narkotik, fahişəlik və silah alveri ilə pul qazanır, həmçinin favelanı idarə edirdi. Hətta infrastruktur işləri və bələdiyyə xidmətləri də göstərirdi. Dünən səhər saat 3:30-da itlərin hürüşməsi ilə başlayan hərəkətlilik, qısa müddət sonra silah səslərinə çevrildi. Təxminən 2500 polis, onlarla zirehli maşınla bölgəyə daxil oldu. Dəstə üzvləri havadan Pilotsuz Uçuş Aparatları (PUA) ilə partlayıcılar atdı, avtomobilləri yandırıb barikadalar qurdu. Evlərdə dustaq qalan insanlar uşaqlarını otaqlara bağlayaraq sağ qalmağa çalışdı. Gecə ərzində toqquşmalar dayanmadı.

CƏSƏDLƏR OLDUĞU KİMİ BURAXILDI

Toqquşmalar bir gün, bir gecə fasiləsiz davam etdi. Faveladakı gecəqondular alovlandı, polis qapı-qapı gəzərək ölüm yağdırdı. Geriyə yalnız cəsədlər qaldı. Ölənlərin əksəriyyəti ağır cinayətlərdən məhkum olunmuş şəxslər və ya dəstə üzvləri idi. Lakin Braziliya hökumətinin xidmətlərinin çatmadığı favelalarda bu insanlar məhəllə sakinləri üçün onlardan biri sayılırdı. Polis səhərə yaxın polis əməliyyatının "uğurlu" olduğunu elan etdi. Cəsədləri olduğu kimi buraxdılar, maşınlarına minib gəldikləri kimi qayıtdılar. Polisə görə, 121 nəfər ölmüşdü. Faveladan könüllülər meşəyə girib itkinləri axtarmağa başlayanda, ölü sayının rəsmi rəqəmlərdən xeyli yüksək olduğu anlaşıldı.

POLİS 121 DEDİ, MƏHƏLLƏ SAKİNLƏRİ 180 SAYDI

Əksəriyyəti gənc kişi olan 70-ə yaxın cəsəd meşədən çıxarıldı. Favela sakinlərinə görə, bəziləri iplə bağlanıb bıçaq və güllə ilə edam edilmişdi. Məhəllə sakinləri ölənləri sıraya düzdü. Ailələr gənclərin cənazələrini tapıb sahibləndi. Küçələrdə matəm hökm sürürdü. Məhəllə sakini Rene Silva bildirdi: "Gecənin hər saatında yeni cəsədlər gəlirdi. Analar, həyat yoldaşları, uşaqlar ağlayırdı." Polis əməliyyatının dəqiq nəticələri hələ də aydın deyil. İctimai müdafiə ofisi ən azı 132 nəfərin öldüyünü açıqladı. Polis bu rəqəmi 121 olaraq elan etdi. Favela sakinləri isə 180 nəfər saydı.

ÖLKƏ BAŞQANI "DƏHŞƏTƏ GƏLDİ"

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva hadisədən "dəhşətə gəldiyini" bildirdi. Hökumət, istintaqı aparmaq üçün məhkəmə qrupunun Rio de Janeiroya göndəriləcəyini açıqladı. Ştat valisi Klaudio Kastro operativ tədbirlərin Qızıl Komandanın böyüməsini dayandırmaq üçün təşkil edildiyini söylədi. Kastro: "Bu artıq adi cinayət deyil, narkoterrorizmdir", – dedi. Kastronun Jair Bolsonaroya yaxınlığı və sərt təhlükəsizlik siyasəti, əməliyyatı siyasi bir şouya çevirdiyi barədə tənqidlər aldı. İgarapé İnstitutunun tədqiqat direktoru Robert Muqqah, polis əməliyyatının heç nəyi həll etmədiyini deyir. Muqqah əlavə etdi: "Bu üsullar adətən aşağı səviyyəli gəncləri hədəf alır, dəstə liderlərinə çatmır. Problemi həll etmək üçün pul axınlarını, logistikanı və tədarük zəncirlərini hədəf almaq lazımdır. Amma siyasi cəhətdən ən asanı, yenə də minlərlə polis göndərməkdir."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz