Qətər və Misir liderləri Qəzzada atəşkəs səylərini dəstəklədi

Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Sani Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə Qəzzada atəşkəs razılaşmasını müzakirə etmək üçün görüşüb. Görüş İsrailin Qəzza şəhərini ələ keçirmək üçün hücumlarını gücləndirdiyi bir vaxta təsadüf edir.
Misir prezidentliyinin bazar ertəsi yaydığı bəyanata görə, əs-Sisi və Qətərin Baş naziri “Qəzzada atəşkəs razılaşmasına nail olmaq üçün səylərin vacibliyini” vurğulayıblar. İki lider İsrailin Qəzza şəhərini zəbt etmək və fələstinliləri anklavın əsas şəhər mərkəzindən köçürmək planlarına qarşı çıxaraq, “Qəzza zolağının yenidən işğalını və fələstinlilərin köçürülməsini rədd etdiklərini” təsdiqləyiblər. Onlar, həmçinin, Fələstin dövlətinin qurulmasının “sülhə aparan yol” olduğunu israrla bildiriblər.
Əl Cəzirəyə verilən məlumata görə, hazırda Misirdə HƏMAS nümayəndə heyəti və vasitəçilər arasında “şiddətli müzakirələr” aparılır. Qəzzanı idarə edən HƏMAS atəşkəs çağırışları etsə də, İsrailin Baş naziri Benyamin Netanyahu bu təklifi rədd edib. Misir, Qətər və ABŞ, 62 mindən çox fələstinlinin, o cümlədən qadın və uşaqların həlak olduğu Qəzza müharibəsinin əvvəlindən bəri İsrail və HƏMAS arasında vasitəçilik edir.
Vasitəçilərin səyləri indiyədək davam edən müharibədə uzunmüddətli atəşkəs təmin edə bilməyib. 22 aydan çox davam edən bu müharibə Qəzza zolağında ağır humanitar böhran yaradıb. Qətər, Misir və ABŞ vasitəçilərinin yanvar ayında əldə etdiyi atəşkəs martda İsrail tərəfindən pozulub. O vaxtdan bəri İsrail tam blokada tətbiq edərək aclığa səbəb olub. İsrailin səbəb olduğu aclıq böhranı nəticəsində 260-dan çox fələstinli həyatını itirib.
İsrail və HƏMAS arasında vasitəçilərin Doha şəhərində təşkil etdiyi sonuncu dolayı danışıqlar bir neçə həftə davam edib və 25 iyulda heç bir nəticə vermədən başa çatıb. Misirin xarici işlər naziri Bədr Əbdüləti bazar ertəsi Qəzza ilə Rəfah sərhəd-keçid məntəqəsinə səfəri zamanı bildirib ki, Qətərin baş naziri “iki tərəfə mümkün qədər tez razılığa gəlmək üçün maksimum təzyiq göstərmək məqsədilə mövcud ümumi səylərimizi möhkəmləndirmək” üçün gəlib.
Birləşmiş Millətlər Təşkilatının qurumları və yardım qruplarının humanitar böhran barədə xəbərdarlıq etdiyi Qəzza zolağında yaşayan iki milyondan çox insan üçün ağır humanitar şəraitə işarə edən Əbdüləti, razılaşmaya nail olmağın təxirəsalınmazlığını vurğulayıb. O qeyd edib ki, “sahədəki mövcud vəziyyət təsəvvürlərdən kənardır”. Minlərlə fələstinli İsrailin gözlənilən hücumundan əvvəl Qəzza şəhərindən yenidən qaçmağa məcbur olub.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz