Gündəm 25.06.2025

Rutte Trampa tərifə 'zövq məsələsi' dedi

Rutte Trampa tərifə 'zövq məsələsi' dedi
ABŞ prezidenti Donald Tramp çərşənbə günü NATO Baş katibi Mark Rutte tərəfindən yeni bir ləqəblə çağırıldı. Rutte, ona zarafatla “atacan” deyə müraciət etdi. İki lider NATO zirvəsi öncəsi söhbət edərkən ABŞ prezidenti İran ilə İsrail arasındakı münaqişəni yenidən məktəb həyətində dava edən uşaqlara bənzətdi. Tramp, “Onlar böyük bir dava etdilər. İki uşaq kimi. Onları dayandıra bilməzsiniz. İki-üç dəqiqə dalaşmalarına icazə verin, sonra dayandırmaq daha asan olar” dedi. Rutte bu şərhin üzərinə Trampa dönərək “O zaman atacan bəzən sərt dil işlətməli olur” deyə cavab verdi. Rutte, Trampın İran və İsrailin atəşkəsdən sonra qarşıdurması barədə “nə etdiklərini bilmirlər” açıqlamasına istinad edirdi. Tramp isə Ruttenin verdiyi ləqəbə gülüşlə qarşılıq verdi.

KİV-DƏ TƏRİF VƏ QƏRİBƏLİK

Bu qədər tərif mətbuatda təəccüb doğurmağa başladı. ABŞ prezidenti və Ruttenin mətbuat konfransı zamanı jurnalistlər, “Trampı bu qədər tərifləməyiniz və verdiyiniz ləqəb sizin üçün alçaldıcı deyilmi?” sualını verdilər. Rutte, “Xeyr, belə düşünmürəm. Bu, bir az zövq məsələsidir” dedi. O, prezidenti “yaxşı bir dost” adlandırdı. O, həmçinin ABŞ prezidenti Donald Trampın İrana qarşı qətiyyətli mövqeyi və müttəfiqləri müdafiə xərclərini artırmağa məcbur etməsi səbəbindən “hər cür tərifə layiq olduğunu” vurğuladı.

RUTTENİN DONALD TRAMP DİPLOMATİYASI

NATO Baş katibi Rutte, son dərəcə vacib bir məqama təsadüf edən NATO zirvəsində ABŞ prezidentinin dəstəyini itirməmək üçün hər cür addımı atmağa hazır olduğunu bir daha nümayiş etdirdi. Rutte zirvəni ABŞ prezidenti üçün mümkün qədər qısa müddətə planlaşdırdı və onun Hollandiya Kral Sarayında bir gecəlik qalmasını təşkil edərək hər detallı diqqətlə nəzərdən keçirdi. Bu diplomatiyasında Rutte, öz ləqəbini də haqlı çıxardı. Avropa mətbuatında Rutte, “Trampın Pıçıltıçı Adamı” ləqəbini aldı.

24 saat