İNSTAQRAMDA ŞOK İZLƏYİCİ İTKİSİ
İspaniya La Liqasının "Atletik Bilbao" klubunda forma geyinən gənc ulduz Niko Vilyams bu yaxınlarda klubla müqaviləsini uzatdığını elan etdi. Lakin bu qərar sosial şəbəkələrdə gözlənilməz reaksiyaya səbəb oldu.
Bu müqavilə yenilənməsi qərarından sonra futbolçunun İnstagram hesabında kütləvi izləyici itkisi yaşandı. Gənc futbolçunun İnstagram səhifəsindən təxminən 3.4 milyon nəfər ayrıldı. Onun izləyici kütləsindəki bu böyük azalma sosial şəbəkə istifadəçilərinin aldığı qərardan nə dərəcədə narazı olduğunu açıq şəkildə göstərdi.
BÖYÜK TRANSFER GÖZLƏNTİLƏRİ
Vilyamsın xüsusilə AVRO 2024-dəki performansı Avropanın nəhəng klublarının diqqətini cəlb etmişdi. Bu, tərəfdarlarda böyük transfer gözləntiləri yaratmışdı. Xüsusilə "Barselona" ilə adı tez-tez hallanan ulduz oyunçunun "Atletik Bilbao"da qalma qərarı bəzi azarkeşlərdə məyusluq yaratdı. Transfer dövründə "Barselona"nı rədd edən futbolçu çox sayda ispan izləyicini itirdi.
BARSELONA İLƏ RAZILAŞMA
"Barselona" klubunun Niko Vilyamsla 6 illik müqavilə üçün şəxsi şərtlər üzrə razılığa gəldiyi bildirilirdi. 22 yaşlı futbolçunun 2031-ci ilin iyun ayına qədər davam edəcək sözləşmədən illik 7-8 milyon avro civarında xalis maaş alacağı qeyd olunurdu.
SÖZLƏŞMƏ 2035-Cİ İLƏ QƏDƏR UZADILDI
Lakin Vilyams sonradan "Atletik Bilbao"da qalmaq qərarına gəldi. İspaniya klubunun açıqlamasında 2027-ci ildə başa çatacaq sözləşmənin 2035-ci il iyunun 30-dək uzadıldığı bildirildi. Həmçinin, oyunçunun sərbəst qalma qiymətinin əvvəlkindən 50 faiz artırıldığı açıqlandı.
SƏDAQƏT VURĞUSU
Vilyams klubla əməkdaşlığın davam etdiyini elan edən videoda dedi: "Qərar verilməli olanda ən vacib şey qəlbimdir. Olmaq istədiyim yerdəyəm, ailəmin içində, evimdəyəm". "Atletik Bilbao" isə, "Vilyamsın göstərdiyi sədaqət klub üçün tarixi bir anı təmsil edir və artıq başlanılmış idman layihəsinə olan inamı təsdiqləyir" ifadələrini işlətdi.
SOSİAL MEDİA İKİ HİSSƏYƏ BÖLÜNDÜ
Futbol tərəfdarları sosial şəbəkələrdə iki hissəyə bölündü. Bir qrup Vilyamsın klubuna olan sədaqətini təqdir edərkən, digərləri bu qərarı "karyerasını məhdudlaşdırmaq" kimi qiymətləndirdi. Sosial media hesablarındakı bu azalma, futbol dünyasında ulduzların imic idarəçiliyi və azarkeş gözləntiləri arasındakı həssas tarazlığı bir daha gündəmə gətirdi.