İdman 02.07.2025

Serikspor Sergey Yuranla razılaşdı

Serikspor Sergey Yuranla razılaşdı

Türkiyə 1-ci futbol liqasının yeni komandası Serikspor, baş məşqçilik vəzifəsinə təcrübəli rusiyalı mütəxəssis Sergey Yuranı gətirib. Klubun sosial media hesabından verilən məlumata görə, 2025-2026 mövsümündən etibarən Sergey Yuranla razılıq əldə olunub.

Sergey Yuran futbolçu karyerası ərzində Portuqaliyanın "Benfika" və "Porto", eləcə də Rusiyanın "Spartak Moskva" kimi nəhəng klublarında çempionluqlar qazanıb. O, həmçinin 1991-1992-ci illər mövsümündə Çempionlar Kubokunda bombardir olaraq diqqət çəkib. Milli komanda səviyyəsində isə Sovet İttifaqı, Müstəqil Dövlətlər Birliyi və Rusiya yığmalarının formasını geyinib.

2003-cü ildən bəri baş məşqçilik fəaliyyəti ilə məşğul olan Yuran, Rusiya çempionatında "Ximki"ni ölkə kubokunun finalına çıxararaq adından söz etdirib. Seriksporun rəhbərliyi Yuranla 1-ci Liqada daimi mövqeyini möhkəmləndirməyi hədəfləyir. Bu təyinat, Yuranın Rusiya xaricindəki ilk məşqçilik təcrübəsi olacaq.

Serikspor Ev Oyunlarını Mardan Kompleksində Keçirəcək

Klub prezidenti Cenk Doğan verdiyi açıqlamada, Seriksporun bu mövsüm ev sahibi olduğu qarşılaşmaları Antalyanın Aksu rayonunda yerləşən "Titanic Mardan" İdman Kompleksində oynayacağını bildirib.

Prezident Doğan, komandanın hazırda təlim düşərgəsi üçün Afyonda olduğunu, bu mövsüm xarici oyunçu məhdudiyyətinin aradan qalxması ilə birlikdə 8 legioner futbolçu transfer edəcəklərini də qeyd edib. Transfer işlərinin davam etdiyini vurğulayan Doğan, "Yeni adlar ikinci düşərgə dövründə komandaya qoşulacaq və bütün transferlər sosial media vasitəsilə elan olunacaq" deyə əlavə edib.

24 saat