Ötən il açıq məhkəmə prosesində başına gələn dəhşətli təcavüz hadisəsini heç bir qorxu hiss etmədən cəsarətlə dilə gətirərək 51 təcavüzkarın həbsində əsas rol oynayan Gisèle Pelicot, Fransanın ən yüksək dövlət mükafatı olan "Fəxri Legion" ordeni ilə təltif edilib.
72 yaşında olmasına baxmayaraq, Pelicot həyat yoldaşı və 60-dan çox kişi tərəfindən illər boyu sistematik şəkildə məruz qaldığı təcavüz hadisələrini məhkəmədə nəql etməkdən çəkinməyib. Fransa dövləti onun bu misilsiz cəsarətini Légion d’honneur (Fəxri Legion) şövalyəsi adıyla şərəfləndirib.
Adının gizli qalması hüququndan imtina edən Pelicot, bu ilki Bastilya Günü ərəfəsində digər 589 mükafat sahibi ilə birlikdə mükafatını alıb.
Utanc Qurbanda Yox, Təcavüzkarda Olmalıdır
Mağdur kimi gizli qalmaqdan imtina edən Pelicot, məhkəmə iclasları boyunca demək olar ki, hər gün məhkəmə zalında iştirak edib.
Həyat yoldaşı Dominik Pelicot onu narkotiklərlə yuxuya verərək, təxminən 60 fərqli kişi tərəfindən təcavüzə məruz qoyub. Dominik ittihamları qəbul etdikdən sonra ötən dekabr ayında 20 il müddətinə azadlıqdan məhrum edilib.
Gisèle Pelicot öz yaşadığını ictimaiyyətlə bölüşmə səbəbini belə izah etmişdi: “Hər bir qurban qadın deyə bilsin ki, Pelicot xanım danışdı, mən də danışa bilərəm. Utanc artıq qurbanda deyil, cinayətkarda olmalıdır.”
Şahidliyi Qanunları Dəyişdirdi
Fransa Prezidenti Emmanuel Makron Gisèle Pelicotu təltif edərkən onun cəsarətinin və mövqeyinin "yalnız Fransaya deyil, bütün dünyaya təsir etdiyini" qeyd edib.
Fransada təcavüz qanunvericiliyinin dəyişməsinə səbəb olan bu işi üzə çıxarmaq cəsarəti sayəsində təriflənən Pelicot, o vaxtdan bəri beynəlxalq siyahılarda "dünyanın ən təsirli şəxsləri" arasında göstərilir.
Pelicotun vəkilinin sözlərinə görə, onun öz dilindən bəhs etdiyi xatirə kitabı gələn ilin əvvəlində işıq üzü görəcək.