XBOX BÖHRANINDA "OD" LAYİHƏSİ QORUNMA ALTINDADIR
Son dövrdə Xbox cəbhəsində baş verən kütləvi ixtisarlar bir çox oyun studiyasına və inkişafda olan layihələrə ciddi təsir göstərib. Lakin bu vəziyyətdən istisna olan layihələr də mövcuddur. Onlardan biri, məşhur oyun dizayneri Hideo Kojima tərəfindən hazırlanan qorxu oyunu OD-dir. 2023-cü ildə The Game Awards tədbirində ilk dəfə elan edilən bu layihə, uzun müddət səssizliyini qoruduğu üçün ləğv edilə biləcək layihələr arasında göstərilirdi. Amma ən son məlumatlar göstərir ki, OD layihəsi bu böhrandan təsirlənmədən inkişafını davam etdirir.
"OD" İXTİSAR EDİLƏN LAYİHƏLƏR ARASINDA DEYİL
“Windows Central”ın etibarlı mənbələrə istinad etdiyi xəbərinə əsasən, Jez Corden OD-nin hazırda inkişaf prosesində heç bir əngəl olmadığını və ləğv edilən layihələr sırasında yer almadığını açıqlayıb. Bu məlumat, Xbox-dakı mövcud böhran şəraitində belə, OD-nin "qoruma altında olan layihələrdən" biri olduğunu təsdiqləyir.
OD-nin niyə bu qədər prioritetli şəkildə qorunduğu rəsmi olaraq açıqlanmasa da, layihənin Kojima kimi nüfuzlu bir şəxsin imzasını daşıması və qorxu janrına innovativ nəfəs gətirəcəyi gözləntisi diqqət çəkir.
"CONTRABAND" LAYİHƏSİNİN TALEYİ QEYRİ-MÜƏYYƏNDİR
Digər tərəfdən, Xbox-ın üzərində işlədiyi bəzi digər layihələrin gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Xüsusilə “Avalanche Studios” tərəfindən hazırlanması gözlənilən və soyğun mövzulu oyun olacağı düşünülən “Contraband” layihəsinin taleyi maraq doğurur. Oyunun tanıtım video-çarxının Xbox-ın rəsmi YouTube kanalından yığışdırılması, layihə ilə bağlı narahatlıqları daha da artırıb. Bu vəziyyətin texniki lisenziya müddəti ilə bağlı ola biləcəyi bildirilsə də, layihə ətrafındakı səssizlik sual işarələrini artırmaqda davam edir.
XBOX CƏBHƏSİNDƏ BÖHRAN DAVAM EDİR
Microsoft-un oyun qanadı olan Xbox, son aylarda ciddi bir yenidənqurma prosesinə başlayıb. “Call of Duty” qruplarından “Turn 10 Studios” və “High Moon Studios” kimi mühüm videooyun tərtibatçıları da ixtisarlardan payını alıb. Bütün bu inkişaflar, Xbox-ın gələcək dövrdə hansı layihələrə üstünlük verəcəyi ilə bağlı böyük qeyri-müəyyənlik yaradıb.