ABŞ Ali Məhkəməsi 11 sentyabr terroru ilə bağlı qərarını elan etdi
ABŞ Ali Məhkəməsi 11 sentyabr terror aktlarının əsas təşkilatçısı sayılan Xalid Şeyx Məhəmməd və onun iki əlbirinin işi üzrə mühüm qərar çıxarıb. Məhkəmə instansiyası Pentaqonun müttəhimlərin ölüm cəzasından yayınmasına imkan verən əvvəlki razılaşmaları ləğv etmək qərarını qüvvədə saxlayıb.

Vəkillərin razılaşmaların yenidən qüvvəyə minməsi üçün etdikləri apellyasiya müraciətləri Ali Məhkəmə tərəfindən rədd edilib. Bu addım terrorçuların məhkəmə prosesinin daha sərt müstəviyə keçməsinə və onlara qarşı ölüm hökmü ehtimalının yenidən aktuallaşmasına zəmin yaradır.
Qeyd edək ki, Xalid Şeyx Məhəmməd 2001-ci il sentyabrın 11-də ABŞ-da minlərlə insanın həyatına son qoyan terror hücumlarının baş memarı hesab olunur. İllərdir uzanan bu hüquqi proses cinayətkarların layiqli cəzalarını alması məsələsini gündəmdə saxlamaqdadır.
Pentaqonun sözügedən razılaşmanı ləğv etməsi ictimaiyyət və terror qurbanlarının ailələri tərəfindən müsbət qarşılanmışdı. Ali Məhkəmənin son qərarı ilə bu hüquqi mübahisəyə yekun vurulub və məhkəmə araşdırmalarının ilkin şərtlərlə davam etdirilməsinə şərait yaradılıb.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz