Sahibkar “24 saat”a danışır: Lənkəranda yaşanan təzyiqlər, saxta borclar, məhkəmə oyunları, siyasi motivlər və polisin sərt müdaxiləsi
Lənkəranda illərlə fəaliyyət göstərən, atasından miras qalan biznesi qorumağa çalışan sahibkar Nəzərova Aynur son aylarda ard-arda təzyiqlərlə üzləşib. Sadəcə iqtisadi basqı ilə kifayətlənməyən proseslər getdikcə siyasi çalarlar da qazanıb. Onun sözlərinə görə, bütün yaşananların arxasında təkcə borc iddiası və ya vergi yoxlaması deyil, həm də siyasi mənsubiyyəti dayanır.
Aynur Nəzərova təsadüfi bir sahibkar deyil — ailəsinin qurduğu müəssisəni illərdir inkişaf etdirib, yerli iqtisadiyyata töhfə verib. Atası vaxtilə deputatlığa namizəd olmuş, özü isə uzun müddətdir Müsavat partiyasının üzvüdür. Elə buna görə də o, başına gələnləri sadəcə şəxsi işgüzar problem kimi yox, “yuxarıların” siyasi mövqeyinə görə ona verilən cəza kimi qiymətləndirir.
Sahibkarın dediyinə görə, 2023-cü ilin sonlarından başlayaraq ardıcıl olaraq polis basqısı, saxta vergi borcu, məhkəmə qərarları, obyektin möhürlənməsi və nəhayət fiziki zorakılıqla üz-üzə qalıb. Bu hadisələr isə təkcə bir sahibkarın yox, bütövlükdə ölkədəki sahibkarlıq mühitinin nə qədər həssas və riskli durumda olduğunu göstərir.
Nəzərova Aynur “24 saat”a geniş müsahibəsində bütün bu mərhələləri — qəfil yoxlamadan obyektinin hərraca çıxarılmasına qədər yaşananları, şəxsi ağrılı təcrübəsini və səbəb kimi gördüyü siyasi motivləri danışdı.
Başlanğıc — qəfil yoxlama
“24 saat”: İlk hadisələr necə başladı?
— 2023-cü ilin noyabrında, bir gün qəfil ofisimin qapısı döyüldü. İçəri bir neçə polis əməkdaşı daxil oldu. Guya yoxlama aparırdılar, amma davranışlarından hiss olunurdu ki, məqsəd başqa şeydir. Onlar bütün sənədlərimi diqqətlə gözdən keçirdilər. Vergilərim ödənmişdi, hər şey qanun çərçivəsində idi.
Amma yoxlamanın sonunda açıq şəkildə məndən pul istədilər. Dedilər: “Ayda 10 min manat ödəməlisən. Bu, yuxarıların göstərişidir.” Mən isə qəti etiraz etdim: “Bu məbləği ödəməyə nə maddi gücüm var, nə də qanuni əsas.”
Uydurma borc — 352 min manatlıq saxta rəqəmlər
“24 saat”: Bundan sonra nə baş verdi?
— Çox çəkmədi ki, 4 dekabr 2023-cü ildə Dövlət Vergi Xidmətindən məktub gəldi. Məktubda guya mənim 352 min 150 manat vergi borcum olduğu yazılmışdı. Bu rəqəmlərin heç bir əsası yox idi. Mən dərhal anladım ki, bu, pul tələbini rədd etdiyim üçün başqa üsulla məni sıxışdırmaq cəhdidir.
Məni üç dəfə məhkəməyə çağırdılar. Təəssüf ki , məhkəmə onların lehinə oldu . Mənim təqdim etdiyim sənədlər, borcun əsassız olduğunu sübut edən faktlar nəzərə alınmadı.
Nəticədə Lənkərandakı obyektim satışa çıxarıldı. Bu obyekt illər əvvəl atamın zəhməti ilə qurulmuş, mənim də çalışmalarımla böyümüşdü. Ailəmizin dolanışıq mənbəyi birdən-birə əlimdən alındı.
Məsələnin kökündə isə açıq-aşkar siyasi səbəblər dayanır. Mən Müsavat partiyasının üzvüyəm, atam isə eyni partiyanın öncülərindən olub və vaxtilə deputatlığa namizəd olmuşdu. Yuxarıların məqsədi məhz siyasi mənsubiyyətimə görə mənə cəza vermək idi.
Martın 6-sı — möhürlənən qapı
“24 saat”: Martın 6-da baş verənləri necə xatırlayırsınız?
— 2024-cü il, martın 6-sı. Səhər saat 09:30 radələri idi. İşçilərim iş başında idi, mən də müəssisəmdə idim. Birdən məhkəmə icraçıları gəldi. Əllərində sənədlər vardı və gözümün qarşısında obyektimin qapısına möhür vuruldu.
Mən dərhal etiraz etdim, dedim ki, apellyasiya şikayəti vermişəm, iş hələ bitməyib. Cavabları isə qısa oldu: “Sistemdə belə sənəd yoxdur.” Sonradan məlum oldu ki, müraciətim qəsdən itib. Bu, mənim hüquqi müdafiə yolumu da əlimdən almaq demək idi.
O anda başa düşdüm ki, bu sadəcə iqtisadi təzyiq deyil, siyasi sifarişdir. Məqsəd — obyektimi zorla ələ keçirmək.
Polisin gücü — sahibkara qarşı zorakılıq
“24 saat”: Həmin gün fiziki zorakılıq da olub. Nə baş verdi?
— Mən obyektimi tərk etməkdən imtina etdim. Dedim ki, bu iş yerində atamın zəhməti var, mənim də illərimin əməyidir. Onu asanlıqla təhvil verməyəcəyəm.
İcraçılar polis çağırdılar. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəldi. Onların məqsədi məni sakitləşdirmək deyildi — açıq şəkildə güc tətbiq etmək idi.
Məni qollarımdan tutub zorla çölə çıxarmağa başladılar. Qışqıraraq “Haqqımı tapdalayırsınız!” dedim, amma eşidən olmadı. İki nəfər qolumdan, biri isə kürəyimdən itələyərək məni sürüyə-sürüyə küçəyə çıxardılar. İnsanların gözü qarşısında döyüldüm, təhqir olundum.
Hətta həyat yoldaşım bu xəbəri eşidəndə hönkür-hönkür ağlayaraq zəng etdi, yalvardı ki, “Bakıya qayıt, davam etmə.” Amma mən geri çəkilmədim. Çünki bu təkcə şəxsi mübarizə deyil, həm də ədalət uğrunda savaşdır.
“Susmaq haqsızlığa şərik olmaqdır”
“24 saat”: Oxucularımıza sonda nə demək istərdiniz?
— Mənim əsas məqsədim ədalətin bərpa olunmasıdır. Mənim siyasi baxışlarım və atamın keçmiş fəaliyyəti heç vaxt bu cür cəza vasitəsinə çevrilməməlidir.
Sahibkarlar olaraq susduqca, bu basqılar sistem halına gələcək. Haqsızlıq qarşısında susmaq, ona şərik olmaq deməkdir. Mən sonadək mübarizə aparacağam və lazım gələrsə, bütün faktları ictimaiyyətlə paylaşacağam.
“24 saat”
Leave a Reply to Pərviz Ramizov Cancel reply