Ruslan İzzətli “Toplum TV işi” üzrə ifadə verib: “Həbsim siyasi sifarişdir”
III Respublika Platformasının təsisçi heyətinin üzvü, siyasətçi Ruslan İzzətli sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə keçirilən məhkəmə iclasında ifadə verib. İzzətli öz həbsinin siyasi sifariş əsasında həyata keçirildiyini və hakimiyyətin uzun illərdir ona qarşı təzyiqləri davam etdirdiyini bildirib.
Məcburi hərbi xidmət və siyasi təzyiqlər
Ruslan İzzətli qeyd edib ki, ona qarşı ilk cəza sağlamlıq problemlərinə baxmayaraq, məcburi hərbi xidmətə cəlb edilməsi ilə başlayıb. O əlavə edib ki, bu, 2020-ci ildə keçirilən parlament seçkilərindəki fəaliyyəti ilə bağlı olub. Siyasətçi vurğulayıb ki, hakimiyyət onu hərbi xidmətə göndərməklə siyasətdən uzaqlaşdırmağa çalışıb və ordudan “cərimə batalyonu” kimi istifadə edib. Onun sözlərinə görə, saxta sənədlə sağlam göstərilərək hərbi xidmətə göndərilib, lakin xidmətin dördüncü ayında böyrəyindən əməliyyat olunub. İzzətli sovet dövründəki “Sibir düşərgələri” mövcud olsaydı, ora da sürgün ediləcəyinə əminliyini ifadə edib.
Ruslan İzzətli müasir Azərbaycan hakimiyyətinin öz siyasi sələflərinin yolu ilə getdiyini, Stalin NKVD-sinin respublikaçılara qarşı istifadə etdiyi metodlardan indi də istifadə olunduğunu vurğulayıb.
Seçki fəaliyyəti və cinayət işinin əsassızlığı
Siyasətçi 2020-ci il Parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsində aktiv iştirak etdiyini bildirib. O, seçki saxtakarlıqlarının ifşa edilməsində və dairənin nəticələrinin ləğvində fəal rol oynayıb ki, bu da hakimiyyətin qəzəbinə səbəb olub. İzzətli hakimiyyətin təkrar seçki keçirmək əvəzinə, məhz onu cəzalandırmağı hədəf seçdiyini dilə gətirib.
Çıxışına davam edən Ruslan İzzətli ittiham aktını bütövlükdə əsassız adlandırıb. İttiham aktında onun 2021-ci ilin ilk üç ayı ərzində sürücüsünə 1200 manat pul verdiyi iddia edilsə də, İzzətli həmin ilin iyul ayına qədər Xocavənd istiqamətində təmas xəttində hərbi xidmətdə olduğunu qeyd edib. Onun sözlərinə görə, evində tapılan 4800 avro məbləğində pulu da polis əməliyyatçıları tərəfindən qoyulub. İzzətli özünü müdafiə edərək bir sıra suallar səsləndirib: “Əgər evimə qoyulan pul mənim idisə, niyə həbs olunana qədər onu evdən çıxarmadım? Niyə banka olan ipoteka borcumu ödəmirdim? Niyə martın 8-ə qədər ölkəni tərk etmədim? Cinayətkar idimsə, niyə gizlənmədim, oturub həbsimi gözlədim? Cinayətkar idimsə, niyə Xətai rayon Polis İdarəsində saxlanılan dostlarımla maraqlanmaq üçün polis idarəsinin önünə getdim?”
Təqsirsizlik prezumpsiyasının pozulması və media üzərində təzyiqlər
Ruslan İzzətli haqqında məhkəmə qərarı olmadan hakimiyyət rəsmiləri və ona nəzarət edən media orqanlarının onu qaçaqmalçı ittihamı ilə ictimaiyyətə təqdim etməklə təqsirsizlik prezumpsiyasını pozduğunu bildirib. Siyasətçi bunu Stalin dövrü ilə müqayisə edib, Stalinin NKVD əməkdaşlarına məhbusları etiraf etməyincə onlardan əl çəkməməyi buyurduğunu xatırladıb və Azərbaycan hakimiyyətinin tənqidçilərinə qarşı da eyni metodu tətbiq etdiyini iddia edib.
“Toplum TV işi” üzrə həbs edilən siyasətçi internet televiziyasına könüllü dəstək olduğunu, dostlarının çalışdığı bu müstəqil, tərəfsiz medianın daha çox izləyiciyə çatması üçün bilik və bacarıqlarını könüllü gənclərlə bölüşdüyünü bildirib. Toplum TV, FaktYoxla və Demokratik Təşəbbüslər İnstitutuna qarşı repressiyanı siyasi qərar adlandıran Ruslan İzzətli bu “qəddar münasibətin” III Respublika Platformasının yaranması ilə əlaqəli olduğunu söyləyib. O, hakimiyyətin tənqidçiləri və alternativləri ilə Stalinizm metodları ilə mübarizə apardığını qeyd edib.
Qorxu siyasəti və gənc nəsillə münasibət
Siyasi alternativlərdən və açıq tənqiddən çəkinən hakimiyyət xalqı qorxu altında saxlamaq üçün xəyali təhlükə mənbələri və düşmən obrazı yaradır. Bu yolla qorxu altında saxladığı xalqın sərvətlərini asanlıqla talayır. Ruslan İzzətli vurğulayıb ki, hakimiyyət gənc nəsildən və siyasətçilərdən qorxur, çünki gəncləri keçmişin olan və olmayan hadisələri ilə manipulyasiya edib aldada bilməyəcəyini anlayır. Buna görə də xalqla və onun təmsilçiləri ilə hüquq-mühafizə orqanlarının dili ilə danışır.
Ruslan İzzətli bu qorxunu hətta Qarabağ müharibəsindən sonra xalqın səsini ala bilməyən, buna görə də seçkini saxtalaşdıran hakimiyyətin isterikaları ilə əlaqələndirib. O bildirib ki, xalq müharibədən sonra belə seçkiyə getmədi, nəticədə yüzbaşılar, onbaşılar və inzibati resurslar seçkini saxtalaşdırdılar, məntəqələrin qarşısında süni görüntü yaratdılar, müstəqil media və jurnalistlər isə bu kampaniyanı ifşa etdilər.
Pol Pot rejimi ilə müqayisə və yekun çağırış
Azərbaycan hakimiyyətini Kamboca despotu Pol Potun rejimi ilə müqayisə edərək deyib: “Despot Pol Pot rejimi savadlı insanlardan o qədər qorxurdu ki, hətta gözdə eynəyin olması ölüm hökmünə səbəb olurdu. İndi də bizim “şanlı hakimiyyət” Qərb demokratiyasından o qədər çəkinir ki, əlində, evində dollar, avro olanları qaçaqmalçı kimi həbs edir.”
Ruslan İzzətli ifadəsini bu çağırışla tamamlayıb: “Hakimiyyətin repressiya siyasəti xalqda ümidsizlik, inamsızlıq yaratmasın. Unutmayın, repressiyalar xalqın müqavimət hissini boğmağa xidmət edir. Bu kin və nifrət siyasətinə birlikdə dur deməliyik. Bunun üçün prosesdə tamaşaçı yox, iştirakçı olmalısınız. Bizim və məmləkətin azadlığı sənin addımından asılıdır.”
Leave a Reply to Zöhrə Məmmədli Cancel reply