Çində güclü tayfun: Bir milyondan çox insan təxliyə olunub
Çinin sahilboyu ərazilərini vuran şiddətli "Delfin" tayfunu ciddi dağıntılara səbəb olub. Təbii fəlakətin törədə biləcəyi ağır nəticələrin və insan itkisinin qarşısını almaq üçün ölkə rəhbərliyi bir milyondan çox sakini təhlükəsiz yerlərə köçürüb.

Meteoroloqlar bölgədə ən yüksək təhlükə səviyyəsi elan ediblər. Güclü külək və aramsız yağışlar infrastruktur sisteminə zərər vurub, bir çox yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.
Tayfun nəqliyyatın hərəkətində də ciddi çətinliklər yaradıb. Şanxay və digər iri şəhərlərdə aviareyslər təxirə salınıb, yüzlərlə sərnişin hava limanlarında gözləməli olub. Beynəlxalq uçuşların bərpası üçün hava şəraitinin sabitləşməsi gözlənilir.
Eyni zamanda, "Delfin" tayfunu Yaponiyanın cənub sahillərinə də çatıb. İlkin məlumatlara əsasən, Yaponiyada təbii fəlakət nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rəsmi qurumlar əhalini ehtiyatlı olmağa və verilən xəbərdarlıqlara ciddi riayət etməyə çağırıb. Xilasetmə dəstələri zərər çəkmiş bölgələrdə öz işlərini davam etdirirlər.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz